«Quran»ın yığılması və nizamlanması.
Süleym ibn Qeys Səqifə əhalatını Salmandan nəql edib bu məqama yetişir:
«Əli(ə.s) xalqın vəfasızlığını, yalan və bəhanələrini görüb evində «Quran»ı toplayıb nizamlamaqla məşğul idi. İşini görüb qurtarana qədər evdən çölə çıxmadı.
Bundan qabaq «Quran» ayələri vərəq, taxta və parça üzərində pərakəndə yazılmışdı. Əli(ə.s) bütün «Quran»ı toplayaraq öz dəsti-xətti ilə yazdı, onun tənzil və təvilini, nasix və mənsux ayələrini müəyyən etdi. Həmin vaxtda da Əbu Bəkr o Həzrətə xəbər göndərdi ki, gəlib ona beyət etsin.
İmam Əli(ə.s) cavab verdi ki, mən «Quran»ı toplamaqla məşğulam. And içmişəm ki, namaz vaxtından başqa «Quran»ı yığıb tənzimləməmiş evdən çölə çıxmayacağam».
Əbu Bəkr və tərəfdarları bir neçə gün Əmirəlmömininə möhlət verdilər. Əli(ə.s) «Quran»ı yığıb tənzimlədikdən sonra onu bir parçaya qoyub üstünü möhürlədi.
Başqa bir mənbəyə əsasən o Həzrət topladığı «Quran»ı götürüb Rəsuli-əkrəm(s)-in qəbrinin üstünə gəldi. Onu yerə qoyub iki rükət namaz qılaraq Rəsuli-əkrəm(s)-ə salam göndərdi. Camaat Əbu Bəkrlə birgə məscidə yığışmışdı. İmam Əli(ə.s) də orada idi. O, uca səslə xalqa xitab edib buyurdu:
__ Ey müsəlmanlar, Rəsulullah(s) vəfat edəndən mənim başım əvvəl Peyğəmbər(s)-in dəfninə, sonra isə «Quran»ın yığılmasına qarışmışdır. Bütün «Quran»ı cəm edib bu parçaya bükmüşəm. Rəsuli-əkrəm(s)-ə nazil olan hər bir ayəni burada yığmışam. Peyğəmbər(s)-in mənə qiraət edib yazdırdığı və təvilini (ayələrin batini mənası) mənə öyrətdiyi ayələrdən başqa orada heç bir şey yazılmamışdır. Daha qiyamət günü deməyəsiz ki, bizim bundan xəbərimiz yox idi, mən sizi köməyə çağırmadım, haqqı sizə xatırlatmadım, «Quran»ı sizə əvvəldən axıra kimi tanıtdırmadım.
Ömər dedi:
__ Bizi cəmlədiyin «Quran»a dəvət etməklə əlimizdə olan «Quran»a laqeyd etmə. (Bizim öz «Quran»ımız var. O olduğuna görə sizin «Quran»a daha ehtiyacımız yoxdur.)
Başqa bir rəvayətdə isə Ömər deyir:
__ «Quran»ı qoy qalsın. Özün isə get işinlə məşğul ol.
Dostları ilə paylaş: |