Əbu Bəkrin Əli(ə.s)-yə xəbər göndərməsi və o Həzrətin cavabı.
İndi yenə Süleym ibn Qeysin yazdıqlarına qayıdaq. Sonra Əli(ə.s) öz evinə gəldi.
Ömər Əbu Bəkrə dedi:
__ Əli(ə.s)-nin dalınca bir nəfər göndər ki, qoy gəlib sənə beyət etsin, çünki Əli(ə.s) beyət etməsə, xilafət səhmana düşməz. Əgər o bizə beyət edərsə, o zaman ona da aman verərik.
Əbu Bəkr Əli(ə.s)-nin yanına bir nəfərlə xəbər göndərdi ki, Rəsulullah(s)-ın xəlifəsinin dəvətini yerinə yetir.
Əbu Bəkrin qasidi Əli(ə.s)-nin yanına gəlib onun sözünü o Cənab(ə.s)-a çatdırdıqda Əli(ə.s) buyurdu: «Qəribədir, nə tez Peyğəmbər(s)-i təkzib (yalançı) etdiniz? Əbu Bəkr və ətrafındakılar yaxşı bilirlər ki, Allah və Rəsulu məndən başqasını öz xəlifəsi təyin etməmişdir».
Qasid Əli(ə.s)-nin sözlərini Əbu Bəkrə çatdırdıqda Əbu Bəkr dedi ki, get, bu dəfə Əli(ə.s)-yə belə de: «Əmirəl-mömininin (Əbu Bəkr) dəvətini yerinə yetir».
Qasid Əli(ə.s)-nin yanına gəlib Əbu Bəkrin sözünü ona çatdırdı. Əli(ə.s) buyurdu: «Qəribədir, onlar Peyğəmbər(s)-imizə verdikləri vədi nə tez unutdular?! Allaha and olsun, o (Əbu Bəkr) yaxşı bilir ki, bu ad məndən başqa bir kəsə layiq deyildir. Peyğəmbər(s) ona əmr etdi ki, mənə əmirəl-möminin deyib salam versin. O, həzrəti-Mühəmməd(s) tərəfindən bu işə sövq etdirilmiş yeddi nəfərdən biridir. O və onun rəfiqi (Ömər) həmin yeddi nəfərin arasında Peyğəmbər(s)-dən soruşmuşdu:
__ Bu əmr Allah və Rəsulu tərəfindəndirmi?
O zaman Peyğəmbər(s) buyurmuşdu:
-Bəli, Allah və Rəsulu tərəfindən haqdır ki, Əli(ə.s) möminlərin əmiri, müsəlmanların ağası, nurani və yaxşı insanların bayraqdırıdır. Allah qiyamət günü onu sirat körpüsündə əyləşdirib onun dostlarını cənnətə, düşmənlərini isə cəhənnəmə göndərər.
Əbu Bəkrin qasidi Əli(ə.s)-nin bu sözlərini Əbu Bəkrə yetirdi. Onlar elə həmin gün O(ə.s)-nu beyətə dəvət etməkdən əl çəkdilər.
Süleym ibn Qeys Salmanın dediklərinə əsaslanaraq belə qeyd edir:
«Qaranlıq düşəndə həzrəti-Əli(ə.s) Fatimə(s.ə)-ni ata mindirdi. Onlar Həsən ilə Huseynin əlindən tutub Rəsuli-əkrəm(s)-in səhabələrinin evinə getdilər. Əli(ə.s)-nin getmədiyi səhabə evi qalmadı. O, alicənablıqla öz haqqı barədə Allahı xatırladıb onları köməyə səslədi, ancaq biz dörd nəfərdən başqa o Həzrətin dəvətini qəbul edən olmadı. Həmin dörd nəfər bunlardır: Salman, Əbuzər, Miqdad və Zübeyr ibn Əvam. Biz başımızı (Əli(ə.s)-nin dostları əlaməti olaraq) qırxmışdıq. Həzrəti-Əli(ə.s)-yə kömək etməkdə Zübeyr bizdən daha comərd və bəsirətli çıxdı».
Dostları ilə paylaş: |