Abş-ın Azərbaycan Respublikasındakı Səfirliyi Səfir Riçard Morninqstar



Yüklə 26.76 Kb.
tarix22.10.2017
ölçüsü26.76 Kb.

STENOQRAM (TƏRTİB EDİLDİYİ FORMADA)


ABŞ-ın Azərbaycan Respublikasındakı Səfirliyi
Səfir Riçard Morninqstar
Çıxış (təqdim edildiyi kimi)
Azərbaycan Diplomatik Akademiyası
Bakı, Azərbaycan
10 fevral, 2014-cü il

Hamınızı xoş gördük. Bu gün burada sizinlə birlikdə olmaqdan son dərəcə məmnunam. Çıxışıma başlamazdan öncə məni qəbul etdiklərinə və Azərbaycan iqtisadiyyatının gələcəyi və onun Ümumdünya Ticarət Təşkilatına – və ya ÜTT-yə üzvlüyü ilə bağlı fikirlərimi bölüşmək imkanı yaratdıqlarına görə Azərbaycan Diplomatik Akademiyasına, Səfir Paşayevə və Fariz İsmayılzadəyə təşəkkür etmək istəyirəm.


Bu gün üç ümumi məqama toxunmaq istərdim. Birincisi, mən ÜTT-yə üzvlüyün faydaları haqqında qeyd etmək istəyirəm. İkincisi, digər ölkələrin müsbət təcrübələri haqqında bir neçə qısa fikirləri paylaşmaq istəyirəm. Sonda isə, ÜTT-yə üzvlüyün nə üçün Azərbaycana faydalı olacağı üzərində dayanmaq istəyirəm.
İlk növbədə qeyd edim ki, ÜTT-yə qoşulmaq özlüyündə bir məqsəd deyildir. Məqsəd daha çox yeni iş yerlərinin yaradılması və sənayeləşməni dəstəkləmək, yoxsulluğu azaltmaq, investisiya cəlb etmək, malların maya dəyərini aşağı salmaq və ticarətin qarşısındakı maneələri azaltmaqdır. ÜTT-yə üzvlük bütün bunları avtomatik olaraq özü ilə gətirmir, əksinə beynəlxalq ticarət xərclərini azaltmaqla onların baş verməsi ehtimalını daha da artırır. Bu kluba üzvlük o deməkdir ki, siz bura üzv olanların bazarlarında öz mal və xidmətlərinizi müəyyən olunmuş qaydalar əsasında satmağa razılaşırsınız və onlar da eynilə sizin bazarda. Bunlardan əlavə, dünyanın müxtəlif yerlərində fəaliyyət göstərən firmalar öz məhsullarını satmaqla pul qazanmağa çalışırlar ki, bu da iqtisadi artım və istehlak qiymətlərinin azalmasına gətirib çıxarır.
Ötən il Prezident Obama bildirmişdir, “Ticarət, qaydaların əvvəlcədən proqnozlaşdırılması mümkün olan və investisiyanın müdafiə olunduğu yerlərə axın edəcəkdir”. Hesab edirəm ki, ölkələr bu fikri qəbul etmişlər. Hazırda ÜTT-in bu cür qaydalara əsaslanan sistemdən faydalanan 159 üzvü vardır. ÜTT tərəfindən oktyabr ayında açıqlanmış 2013-cü il üzrə statistik məlumatlara əsasən dünya ticarətinin təxminən 97 faizi ÜTT-yə üzv olan dövlətlər arasında həyata keçirilir.
ÜTT-yə üzv olduqdan sonda daha azad ticarətdən faydalanmış çoxsaylı ölkələri misal gətirmək olar, lakin mən bu gün onlardan bir neçəsini sizlərlə paylaşmaq istəyirəm.
Birincisi, ən nəzərə çarpan nümunə Çindir. 2001-ci ildə ÜTT-yə qoşulduqdan sonra Çinin iqtisadiyyatı sürətlə inkişaf etdi. 2012-ci ilə qədər ixrac 6.5 dəfə artdı və ölkə əsas investisiya hədəfinə çevrildi – ilk on il ərzində 350,000-dən çox xarici kapitallı şirkət yaradıldı. ÜTT-in bir hissəsi olmaq o deməkdir ki, Çində fəaliyyət göstərən hər hansı bir fabrikin sahibi həmin fabrikin məhsullarını tələbat olan istənilən digər ÜTT üzvünə ixrac edə bilər.
Eyni zamanda uğuru özündə əks etdirən digər daha kiçik və daha yaxın misallar da vardır. 2005 və 2011-ci illərdə Gürcüstanın illik ixracı 17 faiz artmışdır və idxalı isə bundan daha da çox artmışdır - əlbəttə ki, bu yalnız ÜTT-yə üzvlüklə bağlı olmasa da, ticarət maneələrinin azaldılması açıq-aşkar bir amil olmuşdur.
Təbii sərvətlərlə zəngin olan digər bir məkanın misalı Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə bağlıdır. 1990-cı illərin əvvəllərində Dubayın neft hasilatı özünün pik səviyyəsinə çatmışdı və gündə təxminən 400 min barel neft istehsal olunurdu. Buranın ÜDM-si səkkiz milyard dollardan az idi. BƏƏ 1996-cı ildə ÜTT-yə qoşuldu və beləliklə də, Dubayın daşınma, rabitə və turizm sahəsində dünya lideri olmasının əsasını qoymaqla bərabər öz iqtisadiyyatının ölçüsünün dəfələrlə artmasına səbəb oldu, hətta gündəlik neft hasilatı 100 min bareldən də aşağı düşmüşdür.
Hesab edirəm ki, ÜTT-yə üzvlük Azərbaycanın Dubaya oxşar formada iqtisadi trayektoriyada inkişaf etməsini daha da sürətləndirə bilər.
Hamımız bilirik ki, Azərbaycan özünün neft və qazdan olan asılılığını azaltmaq istəyir. Prezident Əliyev iqtisadiyyatın diversifikasiya olunmasında prioritet təşkil edən sahələri açıqlamışdır: turizm, kənd təsərrüfatı, daşınma və informasiya və kommunikasiya texnologiyaları. Əgər bu sektorlar Azərbaycanın sərhədlərindən kənarda da inkişaf etmək istəyirlərsə, bu ticarət vasitəsilə baş verəcəkdir. Əgər Azərbaycan öz məhsullarının müxtəlif bazarlarda ən yaxşı formada marketinq olunması imkanını əldə etmək istəyirsə, ÜTT-yə qoşulmalıdır.
İcazənizlə Azərbaycanın ticarət maneələrinin azaldılmasının bu sektorlara necə dəstək olacağını göstərən ehtimala əsaslanan bir misalı nəzərinizə çatdırım.
Təsəvvür edin ki, siz nar məhsulunu ixrac etmək istəyən bir fermersiniz. Bunun üçün sizə kənd təsərrüfatı avadanlığı və bazar haqqında məlumatlar lazımdır. İdxalın qarşısındakı maneələrin azaldılması sayəsində almaq istədiyiniz və sizin biznesiniz üçün həyati əhəmiyyət kəsb edən kənd təsərrüfatı avadanlığı daha ucuz başa gələcəkdir.

Ticarət maneələrinin azaldılması ilə texnologiya idxalı və xidmətlərlə bağlı olan informasiyaya çıxış imkanlarının artırılması sayəsində siz hədəf ixrac bazarlarındakı istehlak məlumatlarını daha səmərəli şəkildə əldə edə və ən son avadanlıqlardan istifadə edə bilərsiniz.


Azərbaycan özünü regionun yeni formalaşmaqda olan nəqliyyat qovşağı olaraq görür. ÜTT-yə üzvlük bu hədəfə çatmaq imkanlarını daha da gücləndirə bilər. 2013-cü ilin sonunda Balidə imzalanmış azad ticarətin sürətləndirilməsi haqqında saziş ÜTT üzvləri arasında ticarət xərclərini azaldacaq və bu qlobal səviyyədə daha aşağı əməliyyat xərcləri ilə yüz milyardlarla dollar fayda əldə olunmasına gətirib çıxaracaqdır.
Məsələn, bizim yerli fermerimizin nar ixracı ÜTT-yə üzv olan ölkələrin ərazisindən daha effektiv və iqtisadi cəhətdən daha səmərəli şəkildə keçirilə bilər. Bu Dubayın təcrübəsidir və o Balidə imzalanmış azad ticarətin sürətləndirilməsi sazişindən ən çox faydalanacaq məkanlardan biridir. Daşınma infrastrukturuna yatırılmış investisiyalar sayəsində bu Azərbaycan da ola bilər.
Bütün bu faydalar bizim fermerimizin cibinə daha çox pul gəlməsinə səbəb ola bilər. Bu vəsaitdən isə əlavə işçilərin işə götürülməsi və digər yerli müəssisələrdə daha çox vəsait xərclənməsi məqsədilə istifadə etmək olar.
Əlbəttə ki, bu faydalar dərhal və yaxud avtomatik olaraq yaranmır. ÜTT-yə üzvlük iqtisadi artım üçün əlavə imkanlar yaradır, lakin bu yalnız müəyyən vaxtdan sonra o halda baş verir ki, müsbət biznes mühitinin yaradılması istiqamətində addımlar atılsın. Kənd təsərrüfatı misalından istifadə etsək, ÜTT-yə üzvlük sizin bağınızın sizin yerinizə becərilməsi demək deyildir, lakin sizin bağınız böyüdükcə bu, böyümək üçün sizə əlavə imkan təmin olunması deməkdir.
Eyni zamanda onu da qeyd etməliyəm ki, digər ölkələr də Azərbaycanın bağına daxil olmağa cəhd göstərəcəklər. Müəyyən mənada bu yaxşı haldır. Bu o deməkdir ki, artan rəqabət Azərbaycandakı istehlakçılar üçün qiymətlərin aşağı düşməsinə gətirib çıxaracaqdır. Yeni üzvləri, o cümlədən Azərbaycanı, iqtisadiyyatın kövrək sektorlarına bu keçid dövrünün öhdəsindən gəlməyə necə kömək edəcəkləri narahat edir. ÜTT üzvləri bu narahatlıqları qəbul edirlər və üzvlük prosesinin əhəmiyyətli hissəsi yeni üzvün müəyyən müddət müdafiəyə ehtiyacı olduğunu hesab etdiyi iqtisadiyyatın kiçik, təcrid olunmuş sahələri ilə bağlı danışıqlara həsr olunur.
Azərbaycanın ÜTT-yə qoşulmaqla bağlı etdiyi müraciətdən təxminən 17 il ötür. Bu danışıqların yekunlaşdırılması və təşkilatın sıralarına qoşulmaqla bağlı yeni iradənin nümayiş olunduğunu göstərən son əlamətlər məni daha da ruhlandırır.
Müntəzəm olaraq görüşdüyüm hökumətin yüksək vəzifəli şəxslərinin bir çoxu ÜTT-yə üzvlüyün faydalarını və bunun ölkənin diversifikasiya hədəfləri ilə olan əlaqəsini anlayır.
Bu yaxınlarda Prezident Əliyevin ÜTT-yə üzvlüyün yaxın gələcəkdə baş tutmayacağını və yerli bazarların müdafiə olunmasının vacib olduğunu deməsi barədə məlumat verilmişdir. Bu əsaslı bir narahatlıqdır, lakin kənd təsərrüfatına subsidiyaların ayrılması kimi məsələlər üzvlük prosesində yenidən müzakirə edilə bilər və keçid dövrləri də ola bilər, lakin şübhəsiz ki, ölkələrin qoşulması daha yaxşı olar.
Biz, ABŞ Səfirliyində Azərbaycana ÜTT-yə qoşulmaq sahəsində dəstək göstəririk. ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin Bakı ofisi vasitəsilə biz Azərbaycanın danışıqlarda iştirak edən komandasına çoxtərəfli danışıqlar sessiyasına hazırlıq məqsədilə texniki yardım göstərmişik və növbəti danışıqlar gələn həftə keçiriləcəkdir.
Biz eyni zamanda Azərbaycanın ÜTT qarşısında üzərinə götürəcəyi öhdəliklərə əməl olunması məqsədilə Azərbaycan qanunlarının bu tələblərə uyğunlaşdırılmasında da köməklik göstərmişik. ÜTT-yə üzvlük Azərbaycan iqtisadiyyatını hətta ÜTT üzvlüyündən kənarda da gücləndirəcək iqtisadi islahatların keçirilməsini tələb edəcəkdir. Biz hesab edirik ki, bu sərmayə Azərbaycan iqtisadiyyatının uzun-müddətli sabitliyi baxımından dəyərlidir və bu köməkliyi Azərbaycan hökuməti ilə birlikdə maliyyələşdirməkdən qürur duyuruq. Düşünürəm ki, bu bizim qarşıda duran məqsədə önəm verdiyimizin bariz sübutudur.
Sonda icazənizlə çıxışıma aşağıdakı fikirlərlə yekun vurmaq istərdim. Birincisi, ÜTT-yə üzvlük daha çox ticarət, yeni iş yerləri, daha çox investisiya və daha səmərəli və şəffaf hökumət deməkdir. Bu eyni zamanda sizin hər birinizin aldığınız malların qiymətlərinin aşağı olması və keyfiyyətinin daha yaxşı olması deməkdir. İkincisi, üzv olduqdan sonra bu faydaları əldə etmiş ölkələrlə bağlı dünyada çoxlu misallar vardır. Nəhayət ÜTT-yə üzvlük Azərbaycanın iqtisadiyyatın diversifikasiyası və inkişafı ilə bağlı olan hədəflərini dəstəkləyir.
Diqqətinizə görə minnətdaram və ABŞ-Azərbaycan əlaqələri ilə bağlı istənilən sahədə olan suallarınızı cavablandırmağa hazıram. .

###


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə