Təklifin təminatı - iddiaçının təklifi üzrə satınalan təşkilat qarşısında götürdüyü öhdəliklərə verilən təminatdır.
Müsabiqə təklifinin təminatı müsabiqə zərfi ilə bərabər ayrıca möhürlənmiş və bağlı zərfdə təqdim edilməlidir. Zərfin üzərində “MÜSABİQƏ TƏKLİFİNİN TƏMİNATI və “--.--.2019-cu il, saat 10:30-a dək açılmamalıdır”” sözləri qeyd edilməli, eyni zamanda, iddiaçının tam adı, ünvanı, əlaqəli şəxsinin əlaqə vasitələri qeyd edilməlidir. Təminat zərfinin içinə ödəniş tapşırığı, bankın müvafiq qeydinin də olduğu və müəyyən edilmiş məbləğdə vəsaitlərin təminat qismində köçürülməsini təsdiq edən sənəd, qüvvədə olan qanunvericiliyə uyğun verilmiş bank qarantiyası və digər sənədlər daxil edilməlidir.
Təminatın qüvvədə olmasına, mötəbərliyinə, formal tələblərə, etibarlı olmasına və məbləğinə olan əsaslı hesab ediləcək hallar istisna olmaqla, digər ciddi hesab edilməyən çatışmazlıqları (kənarlaşmaları) olan təminat qəbul edilə bilər. Müsabiqəyə dəvət sənədlərinin tələblərinə uyğun olmayan təminatlar rədd edilir və belə təminatı vermiş iddiaçının müsabiqə zərfi açılmadan geri qaytarılır və iddiaçının nümayəndəsi zərflərin açılışı prosesindən kənarlaşdırılır.
Müsabiqə təklifinin təminatı aşağıdakı hallarda təxirə salınmadan 5 iş günü ərzində iddiaçılara qaytarılır:
İddiaçı təkliflərin verilməsi üçün təyin edilmiş vaxtın bitməsinə qədər təklifini geri çağırsa;
müsabiqə təkliflərinin qüvvədə olma müddəti qurtarıbsa;
SOCAR-ın Satınalmalar Komitəsi satınalmanın müsabiqədənkənar aparılmasını ləğv etdikdə;
müsabiqə ləğv edildikdə;
müsabiqədə ilk üç yerdən birini tutmayan iddiaçılara müsabiqənin nəticələrinə dair qərar qəbul olunduqdan sonra;
müsabiqə təklifinin qüvvədə olma müddətinin uzadılması təklifini qəbul etməyən iddiaçılara müsabiqə təkliflərinin qüvvədə olma müddəti qurtardıqdan sonra;
müsabiqə qalibi tərəfindən müqavilənin yerinə yetirilməsi üçün təminat verildikdən və onunla satınalma müqaviləsi qüvvəyə mindikdən sonra;
müsabiqədə ikinci və üçüncü yerləri tutan iddiaçılara, müsabiqə qalibi ilə bağlanan satınalma müqaviləsi qüvvəyə mindikdən sonra.
İddiaçı müsabiqə təklifi verməzdən əvvəl satınalan təşkilata təklifin təminatı emitentinin və ya təsdiqləyici tərəfin münasibliyini təsdiq etmək (əgər tələb olunursa) barəsində sorğu verə bilər. Satınalan təşkilat bu cür sorğuya ləngimədən cavab verməlidir.
Münasibliyi təsdiq edilmiş emitent və ya təsdiqləyici tərəf sonradan hər hansı səbəbə görə ödəmə qabiliyyətini və ya etibarlığını itirdikdə və bu barədə satınalan təşkilat onların verdikləri təminatı rədd etmək hüququna malikdir.
Satınalan təşkilat müsabiqə təkliflərinin təminatını aşağıdakı hallarda tuta bilər:
müsabiqə təkliflərinin verilməsinin son müddəti qurtardıqda və ya müsabiqə təklifinin qüvvədə olma müddəti başa çatanadək müsabiqə təklifinin geri götürülməsi (cağırılması) və ya dəyişdirilməsi;
Qalib iddiaçı satınalan təşkilat tərəfindən təqdim edən satınalma müqaviləsini təyin olunmuş müddətdə və ya qaydada təsdiq etmədikdə;
müsabiqə təklifi aksept edildikdən sonra satınalma müqaviləsinin yerinə yetirilməsi üçün tələb olunan təminatın şərtlərşdirilmiş qaydada verilməməsi və ya müqavilə imzalananadək müsabiqənin əsas şərtlər toplusunda göstərilmiş hər hansı digər şərtin yerinə yetirilməməsi.