Müsabiqə təkliflərinin qiymətləndirilməsi prosesi
Müsabiqə təkliflərinə baxılmasını, onların qiymətləndirilməsini və müqayisəsini asanlaşdırmaq məqsədi ilə satınalan təşkilat iddiaçılardan öz müsabiqə təkliflərinə dair izahat verməsi üçün sorğu edə bilər. Qiymətlərin dəyişdirilməsi və formal tələblərə uyğun gəlməyən müsabiqə təklifinin həmin tələblərə uyğunlaşdırılmasına yönəldilmiş dəyişikliklər də daxil olmaqla, müsabiqə təklifinin mahiyyətini dəyişdirmək məqsədi daşıyan heç bir sorğuya, təklifə və ya icazəyə yol verilmir.
Satınalan təşkilat müsabiqə təklifinin dolğunluğunu, hesablamalarda olan səhvləri, lazım olan təminatı, sənədlərdə bütün imzaları bir-bir öyrənir, habelə bütünlükdə müsabiqə təklifinin sənədləşdirilməsinin düzgünlüyünü yoxlayır.
Hesab səhvləri aşağıdakı kimi düzəldilir. Əgər mal vahidinin qiyməti ilə, malın miqdarının mal vahidinin qiymətinə vurulmaqla alınan ümumi qiymət arasında fərq alınarsa, onda vahidin qiymətinə üstünlük veriləcək, ümumi qiymətə isə buna müvafiq olaraq düzəliş ediləcəkdir (vahidin qiymətində tamdan onluq və ya yüzlük kəsirlərin ayrılması üçün vergül işarəsinin səhvən qoyulmaması halları istisna olmaqla). Əgər söz ilə rəqəm arasında fərq varsa, onda söz ilə ifadə olunmuş məbləğə üstünlük veriləcəkdir.
Müsabiqə təkliflərinin müqayisəsini asanlaşdırmaq məqsədi ilə müxtəlif valyutalarda ifadə olunmuş qiymətlər müsabiqə təkliflərinin açılış gününə Azərbaycan Respublikası Mərkəzi Bankın rəsmi məzənnəsi əsasında Azərbaycan manatına çevriləcəkdir.
Müsabiqə təkliflərində müsabiqə sənədlərinin şərtlərindən çox kənara çıxmayan və belə kənarlaşmaların təklifin qiymətləndirilməsinə təsir göstərmədiyi cüzi uyğunsuzluqları Satınalan təşkilat qəbul edə bilər.
Müsabiqə təklifi aşağıdakı hallarda Satınalan təşkilat tərəfindən kənarlaşdırılır və malgöndərən (podratçı) müvafiq düzəlişlər etdikdən sonra da, o tələblərə cavab verən hesab oluna bilməz:
- Müsabiqə təklifi vermiş iddiaçı ixtisas tələblərinə uyğun gəlmirsə;
- Müsabiqə təklifi vermiş iddiaçı hər hansı hesab səhvinin düzəldilməsi ilə razılaşmırsa;
- Müsabiqə təklifi formal tələblərə uyğun gəlmirsə;
- Müsabiqə təklifində təqdim olunan malların keyfiyyəti və müqavilə şərtləri Şərtlər Toplusunun 11 №-li Qoşmasında (“Satın alınan malların siyahısı və texniki şərtlər”) verilmiş tələblərə uyğun gəlmirsə.
Qalib gəlmiş müsabiqə təklifini müəyyənləşdirmək üçün satınalan təşkilat qəbul edilmiş müsabiqə təkliflərini müsabiqənin əsas şərtlər toplusunda göstərilmiş prosedurlara və meyarlara(12 №-li Qoşma) müvafiq surətdə qiymətləndirir və müqayisə edir. Müsabiqənin əsas şərtlər toplusunda göstərilməyən meyarlardan istifadə edilmir.
Satınalan təşkilat Azərbaycan Respublikasında istehsal olunan və ya son məhsul vəziyyətinə çevrilən malların istehsalçısı ilə münasibətdə 20 faizə qədər müsabiqə təkliflərinin xeyrinə güzəştli düzəliş tətbiq edir. Güzəştli düzəliş yalnız müsabiqənin əsas şərtlər toplusunda qeyd olunmuş tələblərə cavab verən müsabiqə təkliflərinin xeyrinə və Azərbaycan qanunvericiliyinə uyğun tətbiq edilir.
Müsabiqə təkliflərinin qiymətləndirilməsi başa çatdıqdan sonra 1-ci yeri tutmuş iddiaçının namizədliyi Satınalma qrupunun yekun qərarına əsasən təsdiq ediləcək və müsabiqənin qalibi elan ediləcəkdir. Bununla belə SOCAR 105 nömrəli 31 iyul 2009-cu il tarixli əmri ilə təsdiq edilmiş SOCAR-ın satınalmaların təşkili və idarə olunması üzrə normativ sənədlərin tələblərinə müvafiq olaraq satınalma prosedurunun yekunlarını SOCAR-ın Satınalma Komitəsində razılaşdırılması tələb olunarsa qalib yalnız bu cür razılaşdırma həyata keçirildikdən sonra elan oluna bilər.
Qalib elan olunmuş (1-ci yer) müsabiqə təklifi vermiş malgöndərənlə (podratçı ilə) Müsabiqə nəticəsi barədə rəsmi bildiriş verildikdən sonra 10 bank günü ərzində satınalma müqaviləsi bağlanılır. Lakin Satınalan təşkilatın ən ucuz qiymət təklifi vermiş iddiaçı ilə müqavilə bağlamaq öhdəliyi yoxdur.
Dostları ilə paylaş: |