5. Hesabatın “Hasilat Sənayesi gəlirlərinin və xərclərinin bölgüsü” bölməsi
Bu bölmə iki altbölmədən ibarətdir: 1) Dövlət Büdcəsi və ARDNF-in gəlir və xərclər bölgüsü; 2) Gəlirlərin idarə edilməsi və xərclər. Bu altbölmələrdəki 2014, 2015 və 2016-cı illərə dair məlumatlar rəsmi qurumların məlumatlarına əsaslanır. Məlumatların əhatəliyi Hesabatın məqsədlərinə uyğun və kifayətedicidir. Qeyd edək ki, bütün bu sahələr üzrə İllik Hesabatlarda məlumatların təqdim edilməsi MHŞT 2016-cı il Standartının 5-ci tələbidir.
6. Hesabatın “Azərbaycan İqtisadiyyatına hasilat sənayesinin töhfəsi” bölməsi
Bu bölmə yeddi altbölmədən ibarətdir: 1) Sosial xərclər; 2) Kvazifiskal xərclər; 3) ÜDM-nin istehsal və sahə strukturları; 4) Hasilat sənayesindən əldə edilən dövlət gəlirləri; 5) Hasilat sənayesində məşğulluq; 6) Ümumi hasilatın həcmi və cəmləşdiyi rayonlar (ərazilər); 7) Digər məlumatlar. Qeyd edək ki, bütün bu sahələr üzrə İllik Hesabatlarda məlumatların təqdim edilməsi MHŞT 2016-cı il Standartının 6-cı tələbidir.
“Sosial xərclər” altbölməsinə əsasən, SOCAR-ın 2016 ildə sosial xarakterli xərcləri 146 milyon manat həcmində olmuşdur. Bildirilir ki, SOCAR-ın sosial fəaliyyəti 5 istiqamətdə həyata keçirilir: 1) Xeyriyyə və sponsor yardımı; 2) İşçilərin sosial rifahına dəstək; 3) Cəmiyyət ilə əlaqələrin qurulması; 4) Torpaq sahələrinin istifadəsi və məcburi köçkünlər; 5) İdmana, təhsilə və mədəniyyətə dəstək. Lakin, təəssüf ki, bu xərclər istiqamətləri arasında 146 milyon vəsaitin necə paylaşdığı göstərilmir. Açıqlanan yalnız 8078,8 min manat həcmində xeyriyyə, sosial və sponsorluq yardımlarıdır. Bilinmir ki, bu xərclər SOCAR-ın mənfəətindən mi ayrılır. O da aydın olmur ki, SOCAR-ın sosial xərcləri hansı dövlət qurumu tərəfindən təsdiqlənir. Növbəti 2017-ci il üzrə HSŞ İllik Hesabatına bu məlumatların əlavə edilməsi məqsədə uyğun olardı.
Altbölmədə BP-nin də sosial layihələrə 2016-cı ildə ayırdığı 1.51 milyon manat qeyd edilir. Digər hasilat sənayesi şirkələrinin sosial layihələrə xərcləri Hesabatda əks etdirilmir.
“Kvazifiskal xərclər” altbölməsində kvazifiskal xərclərin mahiyyəti və SOCAR-ın bu sahədə fəaliyyəti barədə bəzi məlumatlar verilir. Fikrimizcə bu altbölmədə daha detallı məlumatlar açıqlanmalıdır və SOCAR-ın müvafiq xərclərinin hansı normativ sənədlərə əsaslandığı göstərilməlidir.
“ÜDM-nin istehsal və sahə strukturları”, “Hasilat sənayesindən əldə edilən dövlət gəlirləri”, “Hasilat sənayesində məşğulluq” və “Ümumi hasilatın həcmi və cəmləşdiyi rayonlar (ərazilər)”altbölmələrində təqdim ediləm məlumatlar dövlət və şirkətlərin rəsmi açıqlamalarına əsaslanır. Bu altbölmələrdəki məlumatlar Hesabatın məqsədləri baxımından kifayətedici sayıla bilər.
“Digər məlumatlar” altbölməsində 2016-cı ildə, neft və qaz və qeyri-neft sektorunda əsas kapitala investisiyalar barədə məlumatlar əks etdirilir. İnvestisiyaların yerli və xarici mənbələr arasında paylaşması da altbölmədə əksini tapmışdır. Fikrimizcə bu altbölmədəki məlumatların genişləndirilməsi Hesabatı zənginləşdirərdi.
Dostları ilə paylaş: |