SUALLAR
1.Dialektik və mexaniki materializm arasındakı fərqi bəyan edin.
2.Əkslikliyi şərh edin, onun iradlarını və çatışmayan cəhətlərini deyin.
3.Keyfiyyət prinsipi və onun iradlarını bəyan edin.
4.İnkarı inkar prinsipini bəyan və onu tənqid edin.
5.Bu prinsiplərin düzlüyünü və ümumi olmasını qəbul etdikdə belə, dünyanın Yaradandan ehtiyacsız olmasını isbat edirmi? Niyə?
ON ALTINCI DƏRS ALLAHIN YEGANƏLİYİ
–Müqəddimə
–Allahın yeganəliyinə dair bürhan
MÜQƏDDİMƏ
Keçən dərslərdən dünya üçün bir Yaradanın – dünyanı vücuda gətirən, onu hikmət əsasında idarə edən qüdrətli və elmli Allahın varlığının zəruri olması sübuta yetdi. Sonuncu dərslərdə maddi dünyagörüşü araşdırdıq. Bu kimi müxtəlif növ dünyagörüşlərin irad və çatışmaz cəhətləri bəyan edilməklə aydın oldu ki, Allahsız bir dünyanın varlığının fərz olunması əqlə uyğun deyil və bu müddəaya dair gətirilən izahlar əsla qəbuledilməzdir. İndi isə tövhid məsələsini araşdırmağın və müşriklərin düşüncələrinin düzgün olmamasını isbat etməyin vaxtı gəlib çatmışdır.
İnsanlar arasında şirklə qarışıq əqidələrin necə yaranması, hansı mərhələləri keçməsi haqqında sosioloqlar tərəfindən müxtəlif nəzəriyyələr irəli sürülmüşdür. Lakin onların heç biri qəbul olunub e’timad ediləcək bir nəzəriyyə, aydın bir dəlil deyildir.
Bəlkə də bunu demək olar ki, şirkə və çox mə’budluğa yönəlmənin ilkin səbəbi yerdə və səmada müxtəlif hadisə və varlıqların müşahidə olunmasıdır ki, onlardan hər birinin xüsusi bir ilahənin fərmanı altında olduğunu təsəvvür etmişlər. O cümlədən, bə’ziləri yaxşılıqların xeyir ilahəsinə, pisliklərin isə şər ilahəsinə istinad edildiyini təsəvvür etmiş, nəticədə dünya üçün iki mənşəyin varlığına inanmışlar.
Günəş, Ay və ulduzlar yerdəki hadisələrdə müəyyən tə’sirlər qoyduğundan, onların yerdəki varlıqlar üzərində bir növ rəbblik məqamında bulunduğunu güman edənlər də olmuşdur.
Digər tərəfdən də fərz olunan mə’budlar üçün heykəllər və simvolik əlamətlər düzəltmələrinə səbəb olmuş və onlara pərəstiş etməyə başlamışlar. Yavaş-yavaş bütlərin özü dar düşüncəli kütlələr arasında əsas əqidəyə çevrilmiş, hər bir millət, hətta qəbilə belə öz xəyalları əsasında bütlərə pərəstiş etmək üçün müəyyən ayinlər təşkil etmişlər ki, bununla bir tərəfdən Allaha pərəstişin fitri meyllərini tə’min etsinlər, digər tərəfdən də özlərinin heyvani meyllərinə və həvəslərinə müqəddəslik donu geyindirərək onları dini mərasimlər qəlibinə salsınlar. Hələ də bütpərəstlərin arasında rəqs, şərab və şəhvətbazlıqla yanaşı olan bayramlar, dini mərasimlər mövcuddur.
Bütün bunlardan əlavə zalımlar və qüdrət sahibləri camaatın sadə, saf əqidə və fikirlərindən sui-istifadə etmələrinə səbəb olan şəxsi mənafeləri və qərəzləri nəticəsində öz qüdrət və istilaçılıqlarını genişləndirmək üçün şirklə qarışıq olan fikirləri təlqin edib yayırdılar. Özləri də bir növ rübubiyyətə inanır və tağutlara pərəstiş etməyi dini mərasimlərin bir hissəsi kimi qələmə verirdilər. Bu kimi qərəzlərin və məqsədlərin aydın nümunələrini Çin, Hindistan, İran, Misir və başqa ölkələrdə tapmaq olar.
Hər bir halda şirklə qarışıq olan ayinlər müxtəlif amil və səbəblərdən tə’sirlənərək insanlar arasında formalaşıb yayılmış, onların ilahi din və tövhid sayəsində həqiqi təkamülə çatıb inkişaf etməsinə mane olmuşdur. Buna görə də ilahi peyğəmbərlərin fəaliyyətinin böyük bir qismi şirklə və müşriklərlə mübarizəyə sərf olunurdu. (Onların başlarına gələn hadisələr Qur’anda dəfələrlə bəyan edilmişdir.)
Deməli, şirklə qarışıq əqidənin əsasını Mütəal Allahın deyil, Ondan başqa digər varlıqların rübubiyyət məqamına malik olduğuna inam təşkil edir. Hətta müşriklərdən bə’ziləri dünyanın yeganə yaradanına e’tiqad bəsləməklə həqiqətdə xaliqiyyətdə tövhidi qəbul etmişlər, lakin bunun özü də son dərəcə zəif mərtəbədə idi. Onlar öz gümanlarına əsasən dünyanın idarə olunmasını müstəqil şəkildə öhdələrinə alan ikinci dərəcəli mə’budlara inanır, yaradan Allahı da həmin mə’budların başçısı və Rəbbül-ərbab adlandırırdılar.
Bə’ziləri belə güman edirdilər ki, iş görən bu mə’budlar mələklərdir, (müşrik ərəblər onları “Allahın qızları” kimi təsəvvür edirdilər), bə’zilərinin inancına görə isə bunlar cinlər və pərilər, başqa bir qrupun inancına görə ulduzların, yaxud qədim insanların ruhları, yaxud gözəgörünməz varlıqların xüsusi növüdür.
Onuncu dərsdə qeyd olundu ki, həqiqi xaliqiyyət və rübubiyyət bir-birindən ayrılmazdır, Allahın xaliq olmasına e’tiqad başqasının rübubiyyətinə e’tiqadla uyğun gəlmir. Bir-birinə zidd olan belə e’tiqad sahibləri bunların arasındakı ziddiyyətə diqqət yetirməmişlər. Onların əqidələrinin puç olmasını göstərmək üçün bu ziddiyyəti aşkar etmək kifayətdir.
Mütəal Allahın yeganə olmasını isbat etmək üçün müxtəlif fəlsəfə və kəlam kitablarında çoxlu dəlillər gətirilmişdir. Biz burada birbaşa rübubiyyətdə tövhidi isbat edən və müşriklərin əqidələrini rədd edən dəlili bəyan edirik.
ALLAHIN YEGANƏ OLMASININ DƏLİLİ
Dünyanın iki, yaxud daha artıq yaradanı olmasını fərz etdikdə bir neçə hal təsəvvür olunur: Ya dünya varlıqlarından hər biri onların hamısının məxluqu və mə’lulu fərz olunur, ya onlardan bir qrupu fərz olunan mə’budlardan birinin mə’lulu hesab olunur, yaxud da hamılıqla bir mə’budun yaradılanı hesab olunur, yerdə qalan mə’budlar isə dünya işlərinin idarə olunmasını öhdəsinə alır.
Hər bir varlığın bir neçə yaradanı olması fərziyyəsi qeyri-mümkündür. Çünki iki, yaxud daha artıq yaradanın (dəqiq desək, varlıq bağışlayan səbəbin) hər hansı bir varlığı yaratmasının mə’nası budur ki, onlardan hər biri ona bir vücud versin. Nəticədə bir neçə vücud yaranır. Halbuki hər bir varlığın yalnız bir vücudu vardır və əks halda vahid mövcud olmayacaqdır.
Onlardan hər birinin məxluqlardan birinin, yaxud məxluqatın xüsusi bir məcmuəsinin yaradanı fərz olunsa, onda hər bir məxluqun öz yaradanı vasitəsilə vücuda gəlməsi və başqa bir varlığa ehtiyac duymaması lazım gələr. Yalnız o ehtiyaclar istisnadır ki, axırda onu yaradana gəlib çatsın və belə bir ehtiyac yalnız həmin varlığı yaradana olan ehtiyac olacaqdır.
Başqa sözlə desək, aləm üçün bir neçə mə’budun fərz olunması bir-birindən ayrı olan çoxlu nizamların varlığını tələb edir. Halbuki aləmdə vahid bir nizam hökm sürür. Eyni zamanda mövcud olan varlıqların bir-biri ilə qarşılıqlı əlaqəsi var. Onlar bir-birinə tə’sir edir və bir-birinə ehtiyac duyurlar. Həm keçmişdəki, həm hazırkı, həm də gələcəkdəki varlıqların arasında rabitə bərqərardır və əvvəlki varlığın hər biri sonrakı varlığın yaranması üçün lazım olan şəraiti hazırlayır. Deməli, bir-biri ilə sıx bağlı, əlaqəli olan vahid nizam və sistemin hökm sürdüyü belə aləm bir neçə varlıq bağışlayan illətin mə’lulu ola bilməz.
Bütün yaradanları yaradanın vahid olduğu, başqalarının isə dünyanın idarə və tədbirini öhdəsinə alması fərz olunsa, bu fərziyyə də düzgün olmayacaqdır, çünki hər bir nəticə özünün bütün varlıq işləri ilə birgə olaraq varlıq bağışlayan səbəbin vasitəsilə vücuda gəlir və heç bir başqa müstəqil mövcudun onda təsərrüf etməsinə yol yoxdur. Yalnız bir səbəbin nəticələri arasında tə’siretmə və tə’sir qəbuletmə hasil olur. Hamısı da varlıq bağışlayan failin qüdrəti dairəsində qərar tutaraq onun təkvini icazəsi ilə yerinə yetir. Bu halda onlardan heç biri həqiqətdə rəbb olmayacaqdır. Çünki rəbbin həqiqi mə’nası budur ki, o, tərbiyə etdiyi şeydə müstəqil şəkildə təsərrüf edir, halbuki fərzimizə görə bu cür təsərrüflər və tə’sirlər müstəqil olmayıb hamısı yaradanın rübubiyyəti dairəsində və onun verdiyi qüvvə əsasında yerinə yetirilir. Belə ərbabların və işçilərin fərz olunması rübubiyyətdə tövhidlə zidd deyildir. Allahın izni ilə olduğu surətdə onların xaliqiyyətlərinin xaliqiyyətdəki tövhidlə ziddiyyəti olmayacaqdır. Qur’an ayələri və şərif rəvayətlərdə bə’zi Allah bəndələri üçün bu cür xəlqetmə, müstəqil olmayan və Allah tərəfindən lütf sayılan tədbirlər və xəlqetmələr gözə dəyir. Belə ki, həzrət İsanın (ə) barəsində buyurulur:
“Və (yada sal) o zamanı ki, palçıqdan quş surəti yaradır, Mənim iznimlə ona ruh üfürürdün, o da quş olurdu.”1
Başqa bir ayədə buyurulur:
“And olsun işləri tədbir edənlərə”2
Deməli, dünya üçün bir neçə mə’budun olması fərziyyəsi Allahın maddi vasitə və səbəblərlə müqayisəsindən irəli gəlir ki, vahid nəticə üçün onların sayının çox olmasının eybi yoxdur. Halbuki varlıq bağışlayan səbəbi bu cür illətlərə oxşatmaq, hər hansı bir nəticə üçün bir neçə varlıq bağışlayan səbəb, yaxud bir neçə rəbb, yaxud bir neçə müstəqil tədbirçi fərz etmək olmaz.
Buna əsasən bu yanlış fikri dəf etmək üçün bir tərəfdən varlıq bağışlayan səbəbin mə’nası və bu cür səbəbiyyət növünün xüsusiyyətlərində diqqət etmək, dərindən düşünmək lazımdır ki, vahid nəticə üçün bir neçə səbəbin olmasının qeyri-mümkün olmaması nəticə olsun. Digər tərəfdən dünyanın sıx qanunauyğunluqları və bağlılıqları barəsində düşünmək lazımdır ki, belə bir sıx bağlı sistemin bir neçə Allah tərəfindən yaradıla bilməməsi, yaxud bir neçə müstəqil rəbbin tədbiri altında ola bilməməsi mə’lum olsun.
Deməli, Allahın bə’zi layiqli bəndələri üçün təkvini vilayətin varlığına inanmaq, müstəqil rübubiyyət və xaliqiyyət mə’nasında olmadıqda tövhidlə zidd olmayacaqdır. Eləcə də Peyğəmbəri-Əkrəmin (s) və Mə’sum imamların (ə) təşrii vilayəti Allahın təşrii rübubiyyəti ilə zidd deyildir. Çünki Allah tərəfindən və Onun iznilədir.
Dostları ilə paylaş: |