İYİRMİ İKİNCİ DƏRS BƏŞƏRİN VƏHY VƏ NÜBÜVVƏTƏ OLAN EHTİYACI
–Peyğəmbərlərin göndərilmə zərurəti
–Bəşər elminin kifayət etməməsi
–Peyğəmbərlərin göndərilməsinin faydaları
PEYĞƏMBƏRLƏRİN GÖNDƏRİLMƏ ZƏRURƏTİ
Nübüvvət bölməsinin ən əsaslı məsələlərindən ibarət olan bu məsələni isbat etmək üçün aşağıdakı üç müqəddiməni təqdim edirik:
1.İnsanın yaradılışında əsas hədəf, onun ixtiyari işləri yerinə yetirməklə təkamülə, son kamala doğru yolunu qət etməsidir. Elə bir kamal ki, ixtiyar və seçki yolundan başqa bir şeylə ələ edilmir. Başqa sözlə desək, insan buna görə yaradılmışdır ki, Mütəal Allaha itaət və ibadət etməklə, kamil insanın xüsusiyyətlərindən olan ilahi rəhmətləri əldə etməyə ləyaqət tapsın. Allahın hikməti ilk növbədə insanın kamal və səadətə çatmasını iradə edir. Amma bu səadət və yüksək məqam ixtiyari felləri yerinə yetirməkdən başqa yolla hasil olmadığından insanın həyat yolu iki istiqamətdə qərar verilmişdir ki, onun üçün istədiyini seçməyə şərait yaransın. Təbiidir ki, onlardan biri insanı bədbəxtçiliyə və əzaba doğru aparacaqdır və bu da ilahi iradədən asılı olaraq baş verir. (Yəni ilahi iradəyə tabedir).
Bu müqəddimə ilahi ədalət və hikmət bəhslərində də aydın oldu.
2.Agahlıq üzündən olan seçki və ixtiyar bir işin görülməsinə qüdrət və bacarığın, müxtəlif işlər üçün xarici şəraitlərin və insan daxilində onlara doğru meylin varlığından əlavə yaxşı və pis işləri, layiqli və nalayiq yolları seçməkdə düzgün mərifətə də ehtiyac duyulur. İnsan o zaman özünün təkamül yolunu azadlıq və agahlıq üzündən seçə bilər ki, həm hədəfi, həm də ona aparan yolu tanıya bilsin, onun eniş-yoxuşlarından, uçurum və ya döngələrindən agah olsun. Deməli, Allahın hikməti belə bir mərifətin əldə edilməsi üçün lazım olan vasitələri insanın ixtiyarında qoymasını tələb edir. Əks halda, bu iş bir kəsi qonaqlığa dəvət edib amma evinin yolunu ona göstərməyən şəxsə bənzəyər. Aydındır ki, belə rəftar hikmətin əksinə və məqsədin ziddinədir.
Bu müqəddimədə artıq izaha ehtiyac duyulmur.
3.Əql və hiss vasitəsilə əldə olunan adi insanlar arasındakı mərifətlər həyat və məişət ehtiyaclarının təmin olunmasında mühüm əhəmiyyət ifa etməsinə baxmayaraq fərdi və ictimai, maddi və mənəvi, dünya və axirət yönlərində həqiqi səadət və kamal yollarını tanımaqda kifayət deyildir. Əgər bu ehtiyacların təmin olunması üçün başqa bir yol olmasa, Allahın insanı yaratmaqdakı hədəfi gerçəkləşməyəcəkdir.
Bu üç müqəddimədən belə nəticə alırıq ki, Allahın hikməti hərtərəfli təkamül yolunu tanımaq üçün əql və hissdən kənarda olan digər bir yolun bəşərin ixtiyarına qoyulmasını tələb edir ki, insanlar birbaşa, yaxud başqa şəxs və ya şəxslərin vasitəsilə onlardan bəhrələnə bilsinlər.1 O da peyğəmbərlərin (ə) ixtiyarına verilən vəhy yolundan ibarətdir ki, onlar birbaşa, başqaları da onların vasitəsilə həmin yollardan bəhrələnir, son kamal və səadətə çatmaq üçün lazım olan şeyləri əldə edirlər.
Bu bürhanın müqəddimələri arasında sonuncu müqəddimədə şəkk edilə bilər. Buna görə də bunun ətrafında daha artıq şərh veririk ki, bəşər elminin insanın hərtərəfli təkamül yolunu ayırd etmək üçün naqis olması, eləcə də vəhy yoluna ehtiyacı olması tamamilə aşkar olsun.
Dostları ilə paylaş: |