PEYĞƏMBƏRLƏRİN İSMƏTİ BARƏSİNDƏ ƏQLİ DƏLİLLƏR
Peyğəmbərlərin günaha mürtəkibolma qarşısında ismətinin zəruri olması barədə birinci əqli dəlil bundan ibarətdir ki, onların besətində əsas hədəf bəşəriyyətin Allah tərəfindən təyin olunan həqiqət və vəzifələrə doğru hidayət edilməsidir və onlar həqiqətdə Allahın insanlar arasında olan nümayəndələridir ki, başqalarını düz yola hidayət etməlidir. Deməli, əgər bu nümayəndələr ilahi göstərişlərə laqeyd yanaşsalar və öz vəzifələrinin əksinə əməl etsələr, camaat onların əməl və rəftarlarının dediklərinə zidd olduğunu görəcək, artıq onların sözlərinə lazımi qədər etimad etməyəcək və nəticədə onların besətində nəzərdə tutulan hədəf, ümumiyyətlə, həyata keçməyəcəkdir. Deməli, Allahın hikmət və mərhəməti peyğəmbərlərin pak, günah qarşısında məsum, hətta səhv və unutqanlıq üzündən belə, yaramaz işlər baş verməyən şəxslər olmasını tələb edir ki, camaat səhv və unutqanlıq iddiasını günaha mürtəkib olmaq üçün bir bəhanə qərar verdiklərini güman etməsinlər.
Peyğəmbərlərin ismətinə ikinci əqli dəlil budur ki, onlar öz risalətlərini və vəhyin möhtəvasını camaata çatdırıb onlara düz yolu göstərməyə, eləcə də onların ruhən və mənən təlim-tərbiyəsinə, aludəliklərdən təmizlənməsinə, istedadlı şəxsləri insaniyyətin kamal mərhələsinə çatdırmağa vəzifəlidirlər. Başqa sözlə, onlar təlim və yol göstərmək vəzifəsindən əlavə insanları tərbiyə edib onlara yol göstərməyi də öhdələrinə almışlar. Bu özü də cəmiyyət fərdlərinin ən görkəmli və ən istedadlı şəxslərinə şamil olan hərtərəfli tərbiyədən ibarətdir. Belə bir məqam yalnız özləri insani kamalın ən yüksək dərəcələrinə çatan və nəfsani səciyyələrin (ismət məlakəsinin) ən kamil həddinə malik olan kəslərə layiqdir.
Bundan əlavə, əsas etibarı ilə bir mürəbbinin başqalarını tərbiyə edərkən özündən göstərdiyi davranış və rəftarın rolu onun sözündən daha mühümdür. Rəftar və davranış baxımından müəyyən nöqsanlı hallara və çatışmazlıqlara malik olan bir şəxsin sözləri də gözəl nəticələr və təsirlər qoymayacaqdır. Deməli, Allahın, peyğəmbərləri cəmiyyətin tərbiyəçiləri və mürəbbiləri ünvanı ilə göndərməkdə hədəfi yalnız o zaman kamil şəkildə həyata keçəcəkdir ki, onlar əməldə, rəftarda və danışıqda hər növ sapmadan, günahdan uzaq olsunlar.
Dostları ilə paylaş: |