PEYĞƏMBƏRLƏRİN İSMƏTİNƏ NƏQLİ DƏLİLLƏR
1.Qurani-kərim insanlardan bir qrupunu müxləs (Allah üçün xalis olunmuş) adlandırır1 ki, hətta İblisin belə onları aldatmağa ümidi yoxdur. Belə ki, o, Adəm övladlarını aldadıb yoldan çıxaracağına dair and içdiyi zaman müxləsləri istisna etmişdir. “Sad” surəsinin 82-83-cü ayələrində İblisin dilindən belə deyilir:
“İblis dedi: (Pərvərdigara!) Sənin izzətinə and olsun, onların hamısını aldadıb yoldan çıxarcağam, yalnız Sənin müxləs bəndələrindən başqa.”
Şübhəsiz, İblisin onları azdırmağa ümidi olmaması onların azğınlıq və aludəlik cəhətindən toxunulmaz və ismətli olduğuna görədir. Əks halda, onun düşmənçiliyi peyğəmbərlərə də şamil olar və əgər belə olmasaydı, onları azdırmaq fikrindən heç vaxt əl çəkməzdi.
Deməli, müxləsin mənası məsumla bərabər olacaqdır. Bu sifətin yalnız peyğəmbərlərə aid olmasına heç bir dəlil mövcud deyil, amma, buna baxmayaraq onlara da şamil olur. Belə ki, Quran peyğəmbərlərdən bir qrupunu müxləs hesab etmişdir. “Sad” surəsinin 45-46-cı ayələrində buyurulur:
“Bizim bəndəmiz İbrahimi, İshaqı, Yəqubu yada sal. Onlar əl (qüdrət) və bəsirət sahibi idilər. Biz onları xalis etdik...”
“Məryəm” surəsinin 51-ci ayəsində buyurulur:
“Kitabda Musanı zikr et. Həqiqətən o müxləs, rəsul və nəbi idi.”
Həzrət Yusifin günaha düşməyin ən ağır şəraitlərində olmasına baxmayaraq, günahdan amanda qalmasının səbəbi onun müxləs olması hesab edilir. “Yusif” surəsinin 24-cü ayəsində belə buyurulur:
“Beləliklə, Biz ondan pisliyi və yaramaz işləri kənarlaşdırdıq. Həqiqətən o, Bizim müxləs bəndələrimizdən idi.”
2.Qurani-kərim peyğəmbərlərə mütləq şəkildə itaət etməyi vacib bilmişdir. O cümlədən “Nisa” surəsinin 63-cü ayəsində buyurulur:
“Biz hər bir peyğəmbəri göndərdiksə, yalnız Allahın izni ilə itaət olunsun deyə (göndərdik).”
Onlara mütləq şəkildə itaət edilməsi o zaman səhih ola bilər ki, Allaha itaət etmək məqsədilə olsun və onlara itaət edilməsi Mütəal Allaha itaət etməklə zidd olmasın. Əks halda Allah-taalaya mütləq şəkildə itaət əmri verilməsi ilə xəta və inhiraf ərəfəsində olan şəxslərə mütləq şəkildə itaət edilməsinə əmr edilməsi ziddiyyətə gətirib çıxarar.
3.Qurani-kərim ilahi mənsəbləri o kəslərə aid edir ki, onlar zülmə aludə olmasınlar. İbrahim (ə) imamət məqamının öz övladlarına da çatmasını Allahdan istədikdə cavabında buyuruldu:
“Mənim əhdim zalımlara çatmaz.”1
Bildiyimiz kimi, hər bir günah ən azı nəfsə zülm etmək sayılır və Quranın istilahında hər bir günahkar şəxs zalım adlandırılır. Deməli, peyğəmbərlər, yəni ilahi məqam, nübüvvət və risalət sahibləri hər növ zülm və günahdan amanda olmalıdırlar.
Digər ayələrdən və nəql olunan çoxlu rəvayətlərdən də peyğəmbərlərin ismətli olmasını aydınlaşdırmaq olar ki, onları burada qeyd etmirik.
Dostları ilə paylaş: |