Üçüncü şübhə: Quranın peyğəmbərlərin isməti barəsində gətirdiyi dəlillərdən biri də onların müxləs olması, şeytanın onlarda heç bir tamah gözünün olmamasıdır. Halbuki Qurani-kərimin özündə şeytanın peyğəmbərlərdə təsərrüf etməsi qeyd olunur. O cümlədən “Əraf” surəsinin 27-ci ayəsində buyurulur:
“Ey Adəm övladı! Şeytan sizin ata-ananızı (aldadıb) behiştdən çıxartıdğı kimi, sizi də aldatmasın.”
Belə ki, həzrət Adəm və Həvvanın aldadılaraq behiştən çıxarılması şeytana nisbət verilir. “Sad” surəsinin 41-ci ayəsində həzrət Əyyubun dilindən belə deyilir: “O, Rəbbini çağıraraq dedi: Şeytan mənə bəla və əzab yetirmişdir.” “Həcc” surəsinin 52-ci ayəsində bütün peyğəmbərlər üçün şeytanın müəyyən təlqinləri olduğu göstərilərək buyurulur:
“Səndən əvvəl elə bir rəsul və elə bir nəbi göndərmədik ki, o, bir şeyi arzu edəndə Şeytan onun arzusuna bir xələl qatmasın.”
Cavab budur ki, bu ayələrin heç birində peyğəmbərlərin vacib vəzifələrlə müxalifət etməsinə səbəb olacaq heç bir təsərrüf şeytana nisbət verilməmişdir. Amma “Əraf” surəsinin 27-ci ayəsi şeytanın qadağan olunmuş ağacın meyvələrindən yemək barəsindəki vəsvəsəsinə işarə edir ki, onun meyvələrini yemək barədə təhrimi nəhy (haram olması məqsədilə çəkindirmə) olmamışdır, yalnız Adəm və Həvvaya xatırladılmışdır ki, o ağacın meyvələrindən yemələri cənnətdən çıxaraq yer üzünə enmələrinə səbəb olacaqdır. Şeytanın vəsvəsəsi onların bu irşadi nəhy (tərbiyə məqsədi ilə çəkindirmə) ilə müxalifətinə səbəb oldu. Ümumiyyətlə, onların olduğu aləm təklif aləmi deyildi və hələlik şəriət də nazil olmamışdı. Amma “Sad” surəsinin 41-ci ayəsi şeytan tərəfindən həzrət Əyyuba yönələn əzab-əziyyətlər və giriftarçılıqlara işarə edir. Amma bunlar o həzrətin Allahın əmr və nəhyləri ilə müxalif olmasına heç bir dəlalət etmir. “Həcc” surəsinin 52-ci ayəsi şeytanın bütün peyğəmbərlərin camaatı hidayət etməklə əlaqədar arzularının gerçəkləşməsi yolunda törətdiyi maneələrə işarədir. Nəhayət, Mütəal Allah onun hiylə və məkrini batil edərək haqq dini möhkəmləndirir.
Dostları ilə paylaş: |