Üçüncü şübhə. Qurani-kərimdə qeyd olunur ki, camaat təkrar olaraq Peyğəmbərdən (s) möcüzə və xariqüladə iş göstərməsini tələb edirdi və o Həzrət belə istəkləri yerinə yetirməkdən imtina edirdi.1 Əgər möcüzənin gətirilməsi nübüvvətin isbatolunma yoludursa, islam Peyğəmbəri (s) bu yoldan niyə istifadə etmirdi?
Cavabı budur ki, bu cür ayələr o Həzrətin nübüvvətinin hər üç yolla (doğru əlamətlər, əvvəlki peyğəmbərlərin xəbərləri, möcüzə təqdim edilməsi ilə) isbat edildikdən və höccət tamam olunduqdan sonra inadkarlıq, yaxud başqa qərəzli məqsədlərlə möcüzə tələbetmə istəyi ilə əlaqədardır və ilahi hikmət də belə istəklərin yerinə yetirilməsini tələb etmirdi.2
İzah: Möcüzə göstərilməsində əsas hədəf camaatın peyğəmbərlərin dəvətini qəbul etməsi, onların qarşısında məcburi olaraq təslim olub itaətə vadar olması, eləcə də adi səbəblər əsasında cərəyan edən sistemləri bir-birinə qarışdırmaq, yaxud müəyyən əyləncə məqsədilə deyil, Allah Peyğəmbərini tanıtmaq və xalqa höccəti tamamlayaraq bəhanə yeri qoymamaq məqsədi güdürdü. Belə ki, möcüzə bu dünyaya hakim olan sistemlərdə istisna bir iş olub, bəzən camaatın istəklərini yerinə yetirmək üçün, (məsələn Salehin dəvəsində olduğu kimi) və bəzən də ibtidaən (həzrət İsanın möcüzələri kimi) baş verirdi. Belə bir hədəf də hər növ istəyə müsbət cavab verilməsini tələb etmir, əksinə, onlardan bəzilərinin qəbul edilməsi hikmətin əksinə və məqsədin ziddinədir. Məsələn, düz yolu camaatın üzünə bağlamaq, onları peyğəmbərlərin dəvətini qəbul etmək üçün təzyiqə məruz qoymaq, yaxud inadkarlıq üzündən olan, yaxud da həqiqəti axtarmaqdan başqa məqsədlərlə möcüzə istənilməsi bunlara misal ola bilər. Çünki bir tərəfdən bu kimi hallarda möcüzənin gətirilməsi bunu oyun-oyuncağa çevirir və camaat əylənmək üçün ona tamaşa edir, yaxud şəxsi mənafeni təmin etmək üçün peyğəmbərlərin ətrafına yığışırdılar. Digər tərəfdən imtahan, sınaq və azad seçki yolları bağlanırdı. Camaat ikrah üzündən təzyiq amillərinin təsirinə düşərək peyğəmbərlərə itaətçiliyi qəbul edərdilər. Bunların hər ikisi hikmətin və möcüzənin göstərilməsindəki hədəfin əksinə idi. Amma bundan başqa hallarda, eləcə də Allahın hikmətinin tələb etdiyi yerlərdə camaatın istəkləri qəbul olunurdu. Məsələn, Peyğəmbəri-Əkrəmdən (s) görünən çoxlu möcüzələrin əksəriyyəti mütəvatir nəql əsasında sübuta yetmişdir. Onların da başında həzrətin əbədi möcüzəsi olan Qurani-kərimdir ki, sonradan bu barədə izahat veriləcəkdir.
Dostları ilə paylaş: |