QURAN DƏLİLLƏRİ
Quran nəzərindən insanın ruhunun mövcud olmasında heç bir şəkk-şübhə yoxdur. Elə bir ruh ki, şərafətinin artıq dərəcədə olmasından Mütəal Allaha mənsub edilir.2 Belə ki, insanın yaradılışının necəliyi barəsində buyurulur:
«Allah ona – insana Öz ruhundan üfürdü.»3
Bədəni yaratdıqdan sonra Özünə mənsub olan ruhu ona üfürdü. (Amma nəuzu billah, Allahın Zatından bir şey ayrılaraq insana nəql olunmadı). Həzrət Adəmin (ə) yaradılışı barəsində belə buyurulur:
«Ona Öz ruhumdan verdim.»4
Başqa ayələrdən də məlum olur ki, ruh bədəndən, onun əlamət və xüsusiyyətlərindən tamamilə fərqlidir, hətta, bədənsiz qalmaq qabiliyyətinə belə malikdir. Quranda kafirlərin sözü nəql edildikdən sonra buyurulur:
Kafirlər “Biz (öldükdən və) yerdə itib-batdıqdan (bədənimizin hissələri torpağa dağıldıqdan) sonra yeni həyata malik olacağıqmı? - deyirlər.”
Onların cavabında buyurulur:
«De: (Siz itib-batmırsınız, əksinə) sizin üçün təyin olunan ölüm mələyi sizi (sizin ruhunuzu) alır və sonra Pərvərdigarınıza tərəf qaytarılırsınız.»5
Deməli, insanın mahiyyət və şəxsiyyətinin həqiqəti onun ruhundan ibarətdir ki, ölüm mələyi vasitəsilə alınıb saxlanılır. O, bədən kimi deyildir ki, çürüyüb torpağa qarışsın.
Digər bir ayədə buyurulur:
«Allah (əcəli çatan kimsələrin) canlarını (ruhlarını) onlar öldüyü zaman, ölməyənlərin (hələ əcəli çatmayanların) canlarını isə yuxuda alar. Ölümə hökm olunmuş kimsələrin canlarını (ruhlar aləmində) saxlayar. Digər (ölümə hökm olunmamış) kimsələrin canlarını isə müəyyən bir müddətədək (əcəlləri gəlib çatana qədər yuxudan oyandıqda bədənlərinə) qaytarar.»1
Zalımların necə ölməsi barəsində buyurulur:
«Kaş sən zalımları ölüm əzabı içində çabalayan, mələklərin də (bu zaman) əllərini onlara tərəf uzadıb: «öz canlarınızı çıxarın (təslim olun)! Siz bu gün Allaha qarşı nahaq sözlər danışdığınıza və Onun ayələrinə təkəbbür göstərdiyinizə görə alçaldıcı bir əzabla cəzalandırılacaqsınız!»-dediklərini görəydin.»2
Bu və bu kimi çoxlu ayələrdən məlum olur ki, (biz ixtisara riayət olunsun deyə bundan artığını qeyd etmirik) hər kəsin həqiqəti o şeydən ibarətdir ki, Allah, ölüm mələyi və ruhun bədəndən çıxarılması üçün təyin olunan digər mələklər onu alır. Bədənin məhv olması ilə ruhun davamına və insanın şəxsi vəhdətinə heç bir zərər vurulmur. Belə nəticə alınır ki, əvvəla, insanda ruh adlı bir şey vardır, ikincisi, insan ruhu bədəndən ayrı müstəqil şəkildə qalmağa qabildir və məhəllin aradan getməsi ilə məhv olan maddi surətlər və xüsusiyyətlər kimi deyildir, üçüncüsü, hər bir fərdin mahiyyəti onun ruhuna bağlıdır. Başqa sözlə desək, hər insanın həqiqəti onun ruhudur. Ruh ilə bədəni müqayisə etdikdə məlum olur ki, bədən sadəcə olaraq ruh üçün bir vasitə rolu oynayır.
Dostları ilə paylaş: |