ƏQL NƏZƏRİNDƏN AXİRƏT ALƏMİNİN XÜSUSİYYƏTLƏRİ
Məadın zərurəti barəsində qeyd olunan dəlil-sübutlarda dərindən diqqət yetirməklə axirət aləminin xüsusiyyətləri barəsində bəzi müəyyən nəticələr əldə etmək olar. Onların ən mühümləri aşağıdakılardır:
1.Axirət aləminin, xüsusilə, birinci dəlildən əldə olunan ilk xüsusiyyəti bundan ibarətdir ki, o, əbədi olmalıdır. Çünki həmin dəlilə əsasən əbədi həyatın mümkünlüyü və insanın fitri olaraq belə bir həyata meyl etməsi məlum olur. Onun gerçəkləşməsi də ilahi hikmətə əsaslanır.
2.Hər iki dəlildən əldə olunan və birinci dəlilə də işarə olunan digər bir xüsusiyyət bundan ibarətdir ki, axirət aləminə hakim olan quruluşda nemət və rəhmət xalis, hər növ əzab-əziyyətdən və zəhmətdən uzaq olmalıdır ki, insaniyyətin kamal həddinə çatan, qətiyyən günah və azğınlığa qurşanmayan şəxslər belə bir səadətdən bəhrələnsinlər. Amma dünya həyatında belə bir mütləq səadət mümkün deyildir; dünyadakı səadət və xoşbəxtliklərin özü də nisbi şəkildə əzab-əziyyətlərə mənsub edilir.
3.Axirət aləminin üçüncü xüsusiyyəti bundan ibarətdir ki, bu aləm əzab və rəhmət üçün bir-birindən ayrı olan iki hissədən təşkil olunmalıdır ki, yaxşı əməl sahibləri ilə pis əməl sahibləri bir-birindən tamamilə ayrılsın və hər biri öz əməllərinin nəticəsinə çatsın. Bu iki bölmə də şəriətdə behişt və cəhənnəm adlandırılır.
4.Xüsusilə, ilahi ədalətə əsaslanan dəlildən əldə olunan dördüncü xüsusiyyət bundan ibarətdir ki, axirət aləmi elə geniş səviyyəli olmalıdır ki, bütün insanların hər növ yaxşı və pis əməl sahibi olmaları ilə əlaqədar onlara mükafat və cəzasının verilmə imkanı da olsun. Misal üçün, əgər bir şəxs milyonlarla insanı nahaq yerə qətlə yetiribsə, onun həmin dünyada cəzalandırılması mümkün olsun. Bunun müqabilində də, əgər bir şəxs milyonlarla insanın asayiş və gözəl həyatına şərait yaradıbsa, onun əməlinə müvafiq mükafat verilməsi mümkün olsun.
5.Ədalətə əsaslanan dəlil vasitəsilə əldə olunan digər bir mühüm xüsusiyyət bundan ibarətdir ki, axirət aləmi təklif aləmi deyil, cəza və əvəz aləmi olmalıdır.
Dostları ilə paylaş: |