Qurani-kərim kafirlərin və pis əməl sahiblərinin dilindən onların ölüm vaxtları gəlib çatanda, yaxud onlara həlakedici bəla nazil olan zaman yenidən dünyaya qayıtmaq, iman gətirib yaxşı əməl sahibi olmaq, yaxud, keçmiş əməllərindən tövbə etməkdən ötrü Allahdan onları dünyaya qaytarmasını arzu etdiklərini nəql edir. Lakin belə arzular və istəklər heç vaxt həyata keçməz.5 Bəzi ayələrdə əlavə olaraq qeyd edilir ki, əgər onlar yenidən bu dünyaya qaytarılsalar yenə də öz əvvəlki azğınçılıq yollarını və yaramaz əməllərini davam etdirəcəklər.6 Onlar qiyamətdə də belə arzu edəcəklər. Sözsüz ki, onların orada da cavabı qəbul edilməyəcəkdir:
«Nəhayət, onlardan birinin ölümü gəlib çatdığı zaman o belə deyər: “Pərvərdigara! Məni dünyaya qaytar, bəlkə (indiyə qədər) etdiyim ömrün müqabilində yaxşı işlər görüm! Tərk etdiyim əməlləri yerinə yetirim!” Heç vaxt! Bu onun dediyi boş bir sözdür.»7