ALLAHI TANIMAĞIN SADƏ YOLU
–Allahı tanımağın yolları
–Sadə yolun xüsusiyyətləri
–Tanış nişanələr
Mütəal Allahı tanımaq üçün çoxlu yollar mövcuddur ki, müxtəlif fəlsəfə və kəlam kitablarında, dini rəhbərlərin sözlərində, eləcə də asimani kitablarda onlara işarə edilmişdir. Bu dəlil və bürhanlar bir-biri ilə müxtəlif cəhətlərdən fərqlənirlər. Məsələn, onların bəzilərində hissi və təcrübi müqəddimələrdən istifadə olunur, halbuki digərləri sırf əqli müqəddimələrdən təşkil olunmuşdur. Bəziləri Həkim (hikmət sahibi) olan Allahı birbaşa isbat etmək məqsədi güdür, halbuki bəziləri yalnız varlığı başqa bir varlıqdan asılı olmayan bir vücudu (Vacibül-vücudu) isbat etmək istəyir. Onun sifətlərini tanımaq üçün başqa dəlillər gətirmək lazımdır.
Allahı tanımaq dəlillərini çayın üstündən keçmək üçün qoyulan müxtəlif körpülərə oxşatmaq olar, onların bəziləri çayın üzərinə salınan sadə taxta körpüdür ki, yüngül şeylər oradan asanlıqla keçərək tez bir zamanda öz məqsədinə çata bilər. Bəziləri isə ağır və uzun körpülərə bənzəyir ki, onların da möhkəmliyi daha artıqdır, lakin bunların yolu bir qədər uzaqdır. Bəziləri də əyri-üyri dəmir yolları kimi çoxlu yüksəkliyə, alçaqlığa, böyük tunellərə malikdir ki, ağır qatarların keçməsi üçün nəzərdə tutulmuşdur.
Sadə zehnə malik olan bir şəxs Allahı çox sadə yollarla tanıyaraq Ona bəndəçilik edə bilər. Amma üzərinə şübhələrdən ibarət olan ağır bir yük götürən şəxs daş körpüdən keçməlidir, nəhayət həddindən artıq şübhələr və vəsvəsələr yükünü daşıyan bir şəxs də çox möhkəm bünövrəsi olan yollardan keçməlidir, onun hətta çoxlu əyrilikləri, eniş-yoxuşları olsa da belə.
Biz, ilk növbədə, Allahı tanımağın sadə yolunu, sonra da orta səviyyəli yolu bəyan edəcəyik. Lakin çoxlu mürəkkəb fəlsəfi məsələlərin həll olunmasını tələb edən mürəkkəb yolları da o kəslər ötməlidir ki, onların zehnləri çoxlu şübhələrlə qarışmış olsun, yaxud şübhələri təmizləmək və yoldan azmış şəxslərə nicat vermək istəyində olsunlar.
Dostları ilə paylaş: |