SUALLAR
1.Allah rəhmətinin qəzəbindən öndə olmasının səbəbi nədir?
2.Bunun təkvin və təşri aləmində irəli keçməsini bəyan edin.
3.Onun insanın cəza və mükafatı ilə bağlı olan hallarını bəyan edin.
ƏLLİ DOQQUZUNCU DƏRS ŞƏFAƏT
–Müqəddimə
–Şəfaət məfhumu
–Şəfaətin qayda-qanunları
MÜQƏDDİMƏ
Mütəal Allahın yalnız möminlərə məxsus etdiyi məziyyətlərdən biri də budur ki, əgər mömin şəxs öz imanını ölümü çatan vaxta qədər qoruyub saxlasa, tövfiqin aradan getməsinə, aqibətin pis olmasına, nəhayət şəkk və tərəddüdün, inkar və inadın yaranmasına səbəb olacaq günahlara mürtəkib olmazsa və bir sözlə, əgər dünyadan imanla gedərsə, əbədi əzaba düçar olmayacaqdır. Onun kiçik günahları böyük günahlardan çəkinmək səbəbi ilə, böyük günahları da kamil və qəbul olunan bir tövbə ilə bağışlanacaqdır. Əgər belə bir tövbə etməyə müvəffəq olmazsa dünya çətinliklərinə və müsibətlərinə dözmək onun günah yükünü yüngülləşdirər, bərzəx çətinlikləri və qiyamətin əvvəlindəki dayanacaqlarda gözləmək onun pis işlərini aradan aparar. Əgər yenə də günahlardan paklanmazsa, şəfaət vasitəsilə cəhənnəm əzabından xilas olacaq, bu da Allahın ən böyük və geniş rəhmətinin Öz övliyaları, xüsusilə, Peyğəmbəri-Əkrəm (s) və onun Əhli-beyti vasitəsilə həyata keçəcək.1 Çoxlu rəvayətlərə əsasən, Qurani-kərimdə Peyğəmbəri-Əkrəmə (s) vədə verilən “məqami-məhmud” məhz həmin şəfaət məqamından ibarətdir.2 Eləcə də «Həqiqətən sənin Pərvərdigarın sənə (o qədər) əta edəcəkdir ki, razı olasan»3 ayəsində Allahın bəndələri bağışlamasına işarə edilir ki, o Həzrətin (s) şəfaəti və vasitəçiliyi ilə layiqli şəxslərə şamil olacaqdır.
Deməli, günahkar möminlərin ən böyük və ən son ümidləri şəfaətdir. Lakin onlar ilahi məkrdən də arxayın olmamalı, həmişə bundan qorxmalıdırlar ki, olmaya onlarda elə bir iş çıxsın, yaxud gələcəkdə baş versin ki, axır-aqibətin pis olmasına, ölüm zamanı imanın aradan getməsinə səbəb olsun və olmaya dünyəvi işlərə məhəbbət onların qəlblərində elə bir həddə nüfuz etmiş olsun ki, (Allah eləməmiş) bu dünyadan Allahın ona qəzəbi tutduğu halda getmiş olsun. Çünki bu zaman görür ki, onunla sevdiyi şeylər arasında ölüm vasitəsilə ayrılıq salan məhz Odur.
Dostları ilə paylaş: |