SƏBƏBLƏR SİLSİLƏSİNİN SONSUZ OLMASI QEYRİ-MÜMKÜNDÜR
Bu bürhanda istifadə olunan sonuncu müqəddimə bundan ibarətdir ki, səbəblər silsiləsi özü nəticə olmayan bir varlıqda sona çatmalıdır. Başqa sözlə desək, səbəblərin sonsuzluğa qədər davam etməsi qeyri-mümkündür. Buna görə də Vacibul-vücudun varlığı, vücudu özündən olan və başqa bir varlığa ehtiyacı olmayan ilkin səbəb kimi sübut olunur.
Filosoflar sonsuzluğa qədər gedən səbəblərin (səbəblər səbəbi) batil olmasını isbat etmək üçün çoxlu bürhanlar gətirmişlər, lakin həqiqət bundan ibarətdir ki, səbəblər barəsində sonsuzluğun batil olması təqribən aksiomadır (çox aşkardır, məlumdur) və azacıq təfəkkürlə aydın olur. Yəni nəticənin varlığının səbəbə ehtiyaclı olub onun vücudu ilə şərtləndiyinə diqqət yetirməklə bu nəticəlik və kauzallığın ümumi olmasını fərz etsək, heç vaxt heç bir mövcud gerçəkləşməyəcəkdir. Çünki bir-birindən asılı varlıqlar məcmuəsinin fərz edilməsi onların bağlandığı tərəfdə olan bir varlıq olmadan ağlasığan deyildir.
Fərz edin ki, müsabiqədə bir dəstə start xəttinin qarşısında dayanaraq qaçmağa hazırlaşırlar, lakin onlardan hər biri qərara alır ki, digəri qaçmayınca o da qaçmasın. Əgər bu qərar doğrudan da ümumi olsa, onlardan heç biri, heç vaxt qaçmağa başlamayacaqdır! Həmçinin, əgər hər bir varlığın vücudu digər bir varlığın vücudunun yaranmasına bağlı olsa, heç bir vaxt heç bir mövcud yaranmayacaqdır. Deməli, xarici varlıqların vücuda gəlməsi göstərir ki, ehtiyacsız və şərtlənməyən bir varlıq mövcuddur.
Dostları ilə paylaş: |