SƏLBİ SİFƏTLƏR
Vacibül-vücudun digər bir tələbi (zərurəti) Onun bəsit olması, cüzlərdən və hissələrdən təşkil olunmamasıdır, çünki hər bir mürəkkəb öz hissələrinə ehtiyaclıdır və Vacibül-vücudun isə heç bir şeyə ehtiyacı yoxdur.
Vacibül-vücudun hissələrinin həqiqətdə mövcud olmaması, hətta, bir xəttin üzərində nəzərdə tutulan iki xət parçası kimi olması fərziyyəsi də batildir. Çünki potensial hissələrə malik olan şey hərçənd xaricdə gerçəkləşməsə belə, əql baxımından analiz olunma qabiliyyətinə malik olacaqdır. Analizolunmanın mümkün olmasının mənası da ümuminin yoxluğa uğramasının mümkünlüyüdür. Belə ki, əgər birmetrlik xətt iki yarımmetrlik hissəyə bölünsə, artıq birmetrlik xətt mövcud olmayacaqdır. Əvvəllərdə qeyd olundu ki, Vacibül-vücudun yoxluğa uğraması mümkün deyildir.
Gerçəklik (bil-fel) və imkan (bil-qüvvə) səviyyəsində hissələrdən təşkilolunma cismlərin xüsusiyyətindən olduğundan heç bir cismani mövcudun Vacibül-vücud olmadığı aydın olur. Başqa sözlə desək, Mütəal Allahın mücərrəd olması və cismani olmaması sübuta yetir. Həmçinin aydın olur ki, Mütəal Allah gözlə görünüb, heç bir hiss orqanları ilə idrak oluna bilməz, çünki hissolunma cism və cismani olmağın xüsusiyyətlərindəndir.
Digər tərəfdən cism olmağı inkar etməklə məkana və zamana malik olmaq kimi cismin xüsusiyyətləri də Vacibül-vücuddan səlb olunur. Çünki məkan o şeylər üçün təsəvvür olunur ki, həcmə, enə, uzunluğa malik olsun. Zamana malik olan hər bir şey uzanma və zaman nöqteyi-nəzərindən bölünməyə qabildir və bu da bir növ imkan şəklində (bil-qüvvə) hissələrdən təşkil olunmaq hesab olunur. Buna əsasən Mütəal Allah üçün məkan və zaman təsəvvür etmək olmaz. Məkan və zamana malik olan varlıq da heç vaxt Vacibül-vücud olmayacaqdır.
Nəhayət, zamanın Vacibül-vücuddan inkar olunması hərəkət, dəyişiklik və təkamülü də ondan inkar edir, çünki heç bir hərəkət və dəyişiklik zaman və məkan olmadan mümkün deyildir.1
Buna əsasən Allah üçün ərş kimi bir yerin olduğuna inananlar, yaxud asimandan aşağı nazil olmağı Ona nisbət verənlər, yaxud Onun gözlə görünə bilməsinin mümkünlüyünü iddia edənlər, yaxud da Onun dəyişilib haldan-hala düşməsinə, təkamül etməsinə inananlar Allahı düzgün şəkildə tanımamışlar.
Ümumiyyətlə, hər cür çatışmazlıq, məhdudiyyət və ehtiyaca dəlalət edən məfhum Mütəal Allahdan uzaqdır. Allahın səlbi sifətlərinin mənası da məhz budur.
Dostları ilə paylaş: |