ZATİ SİFƏTLƏRİN İSBAT OLUNMASI
Allahın həyat, qüdrət və elmini isbat etməyin ən sadə yolu bundan ibarətdir ki, bu məfhumlar məxluqat barəsində işlədilən zaman onların kamallarından söhbət açır. Deməli, onların ən kamil mərhələsi varlıq bəxş edən səbəb kimi mövcud olmalıdır. Çünki hər bir məxluqda mövcud olan hər hansı kamal Mütəal Allahdandır və onu bəxş edən onlara malik olmalıdır ki, başqalarına əta edə bilsin. Həyatı yaradan bir şəxsin özünün ondan məhrum olması, yaxud məxluqata elm və qüdrət verən şəxsin özünün cahil və bacarıqsız olması qeyri-mümkündür. Deməli, bəzi məxluqlarda bu kimi kamal sifətlərinin olması onların Mütəal Allahda mövcud olmasını göstərir. Bunların heç birində nöqsan və məhdudiyyət yoxdur. Başqa sözlə desək, Mütəal Allah sonsuz həyata, elmə və qüdrətə malikdir. İndi isə bu sifətlərin hər biri barədə əlavə izahat veririk.
HƏYAT
Həyat (diri olmaq) məfhumu iki dəstə məxluq barəsində istifadə olunur: Biri inkişaf etmək qabiliyyətinə malik olan bitkilərdə, ikincisi isə şüur və iradəyə malik olan heyvan və insanda. Birinci məna naqisliyi və ehtiyacı tələb edir. Çünki inkişaf etmək inkişaf edən varlığın ilk əvvəldə kamaldan məhrum olmasını, xarici amillər nəticəsində onda müəyyən dəyişikliklərin yaranmasını və tədrici olaraq yeni kamal mərhələsinə çatmasını tələb edir. Səlbiyyə sifətlərdə qeyd olunduğu kimi, belə xüsusiyyətləri Allaha aid etmək olmaz. Amma həyatın ikinci mənası kamal məfhumudur, onun mümkün nümunələrinin nöqsan və məhdudiyyətlərlə yanaşı olmasına baxmayaraq, Onun üçün heç bir nöqsan, məhdudiyyət və ehtiyacın olmadığı sonsuz bir mərtəbə nəzərə almaq olar. Belə ki, kamalın və vücudun məfhumu da belədir.
Əsas etibarı ilə iradə üzündən olan failiyyət, elm ilə yanaşı olan həyat qeyri-maddi varlığın tələbidir. Çünki həyatın canlı maddi varlıqlara aid edilməsinə baxmayaraq, həqiqətdə isə bu, onların ruhunun sifətidir, bədənlər isə ruhla əlaqədar həmin xüsusiyyətlərə malik olurlar. Başqa sözlə desək, həcm cismlərin, cismani varlıqların tələbi olduğu kimi həyat da mücərrəd (qeyri-cismani) varlığın tələbidir. Bu mətləbə diqqət yetirməklə Allahın diriliyinə başqa bir dəlil də tapılır və o da bundan ibarətdir: Allahın müqəddəs Zatı mücərrəd və qeyri-cismanidir. (Bu, keçən dərsdə isbat olundu.) Hər bir mücərrəd varlıq zatən həyata malikdir, deməli, Mütəal Allahın da zatən həyatı vardır.
ELM
Elmin məfhumu ən açıq-aşkar məfhumlardandır, lakin onun məxluqlar arasında mövcud nümunələri məhdud və nöqsanlıdır və bu xüsusiyyətlərlə Mütəal Allaha aid edilə bilməz. Amma qeyd olunduğu kimi əql bu kamal məfhumu üçün heç bir nöqsan və məhdudiyyəti olmayan, alimin zatı ilə eyniyyət təşkil edən müəyyən nümunələr nəzərə ala bilər, bu da Mütəal Allahın Zatının elmidir.
Allahın elmini müxtəlif yollarla isbat etmək olar. Onlardan biri zati sifətlərin isbat olunmasında qeyd olunan yoldur. Yəni məxluqların arasında elm mövcud oluduğuna görə onun ən kamil mərtəbəsi onları yaradanda mövcud olmalıdır.
Digər bir yol isə nəzm bürhanından istifadə etməkdir. Yəni, hər hansı bir varlıq nə qədər dəqiq nizam-intizama malik olsa onu yaradanın elm və biliyinin bir o qədər artıq olmasına dəlalət edəcəkdir. Belə ki, elmi bir kitab, yaxud gözəl şer kitabı, yaxud digər incəsənət əsəri onu yaradanın elm, zövq və məharətinə dəlalət edir. Heç bir aqil insan elmi, yaxud fəlsəfi bir kitabın nadan və savadsız şəxs tərəfindən yazılmasını iddia etməz. Elə isə bu böyük kəhkəşanın, mövcud olan heyrətli sirlər və qəribəliklərin elmsiz varlıq tərəfindən yaradılmasını necə ehtimal vermək olar?!
Üçüncü yol isə nəzəri-fəlsəfi (yəni qeyri-bədihi) müqəddimələrdən istifadə etməkdir. Misal üçün bu fəlsəfi qaydanı qeyd etmək olar: “Hər bir müstəqil mücərrəd varlığın elmi vardır.” Bu məsələ əlaqədar kitablarda isbat olunmuşdur.
Allahın elminə diqqət yetirmək insanın özünü və ruhunu saflaşdırmasında çox mühüm rol ifa edir. Buna görə də Qurani-kərim təkrar-təkrar və təkidlə buyurur:
“Allah xəyanətkar gözlərdən və qəlblərin gizlətdiyi şeylərdən agahdır.”1
QÜDRƏT
Öz iş və fəaliyyətini iradə və ixtiyar üzündən görən hər bir fail barəsində deyilir ki, “özünün gördüyü işlərə qüdrəti çatır”. Deməli, qüdrət faili-muxtarın (ixtiyar sahibi olan failin), ondan baş verməsi mümkün olan iş üçün başlanğıc (məbdəiyyət) olmasından ibarətdir. Vücudi mərtəbə baxımından fail nə qədər kamil olsa, bir o qədər artıq qüdrətə malik olacaqdır. Təbiidir ki, sonsuz kamala malik olan varlığın qüdrəti də sonsuz olacaqdır.
“Həqiqətən Allah hər bir şeyə qadirdir.”1
Burada bir neçə məsələni xatırlatmaq lazımdır:
1.Qüdrətin aid olduğu bir işin gerçəkləşməsi mümkün olmalıdır. Deməli, qüdrəti zatən qeyri-mümkün olan, yaxud qeyri-mümkün olmayan, amma öz ardınca qeyri-mümkün bir işi gətirən şeyə aid etmək olmaz. Allahın hər bir işə qadir olmasının mənası bu deyildir ki, misal üçün Özü kimi başqa bir Allah da yaratsın (çünki Allah yaradılası deyildir), yaxud iki ədədini üç ədədindən böyük etsin, yaxud övladı, övlad olmaq məqsədi ilə atasından qabaq xəlq etsin.
2.Hər bir işə qadir olmaq onların hamısını yerinə yetirilməsini tələb etmir. Əksinə istədiyi hər işi görə bilməyi nəzərdə tutur. Hikmətli Allah da layiqli və hikmətli işlərdən başqa heç nə istəməz və heç bir iş görməz. Halbuki, Onun xoşagəlməz və çirkin işlər görməyə qüdrəti vardır. (Gələcək dərslərdə ilahi hikmət barəsində artıq izahat veriləcəkdir.)
3.Qüdrət özünün qeyd olunan mənası ilə yanaşı, ixtiyara da malikdir. Mütəal Allah ən yüksək qüdrətə malik olduğu kimi ixtiyarın da ən yüksək, kamil mərhələsinə malikdir. Heç bir amil Onu bir işi görmək ilə əlaqədar təzyiqə məruz qoya, yaxud ixtiyarı Ondan ala bilməz. Çünki hər bir varlığın vücudu və qüdrəti məhz Ondandır və Özünün başqalarına verdiyi qüdrətlər qarşısında heç vaxt məğlub olmaz.
Dostları ilə paylaş: |