1.Təkvini rübubiyyət. Bu bütün varlıqların işlərinin idarə edilməsinə, ehtiyaclarının təminatına bir sözlə, kainatın idarə olunmasına aid edilir.
2.Təşrii (hüquqi) rübubiyyət. Bu, şüurlu və ixtiyar sahibi olan varlıqlara aid olub, peyğəmbərlər göndərmək, asimani kitablar nazil etmək, təklif və vəzifələri təyin etmək, hökm və qanunlar yaratmaq kimi işlərə şamildir.
Allahın mütləq rübubiyyətinin mənası budur ki, məxluqlar hər bir vücudi işdə Mütəal Allaha bağlıdırlar. Bir-birinə olan bağlılıqlar da axırda Ona bağlılıqla nəticələnir. Məxluqların bəzilərini digərlərinin vasitəsilə idarə edən, canlıları Özünün yaratdığı ruzi ilə qidalandırıb təmin edən məhz Odur. O, şüurlu varlıqları həm batini vasitələrlə (əql və s. kimi idrak qüvvələri), həm də xarici vasitələrlə (peyğəmbərlər və asimani kitablar) hidayət edir, mükəlləflər üçün hökmlər və qanunlar yaradır və vəzifələr müəyyən edir.
Xaliqiyyət kimi, rübubiyyət də əlaqəli bir məfhumdur. Fərqləri bundan ibarətdir ki, onun (rübubiyyətin) müxtəlif hallarında məxluqatın özləri arasında da xüsusi bir əlaqə nəzərə alınır. (Belə ki, bu, rəzzaqiyyət barəsində deyildi.)
Xaliqiyyət və rübubiyyət məfhumlarına və onların əlaqəli olmasına diqqət yetirməklə aydın olur ki, bu ikisinin arasında zərurət vardır və aləmin Rəbbinin onun Xaliqindən başqası olması qeyri-mümkündür, yəni məxluqları xas səciyyələrlə bir-birinə bağlı yaradan elə onları qoruyub idarə də edir. Həqiqətdə rübubiyyət və tədbirin mənası məxluqatın yaradılışı və onların arasında bağlılığın necəliyindən irəli gəlir.
Dostları ilə paylaş: |