TƏNQİDLƏR VƏ MÜLAHİZƏLƏR
Şübhəsiz, hər bir dəyişiklik zamanı sabiq vəziyyət və mövqe aradan gedir, yeni bir vəziyyət yaranır. Əgər inkarı-inkar qanununu bu mənaya götürsək, onda bu, dəyişikliyin zərurətindən başqa bir şeyi bəyan etməyəcəkdir. Amma bu prinsip üçün irəli sürülən və onu hərəkətin cəhəti və təkamülünün bəyanedicisi kimi edilən açıqlamaya diqqət yetirməklə, demək lazımdır ki, dünyada baş verən bütün hərəkət və dəyişikliklərin təkamül yönünə malik olması, yəni “hər bir yeni varlıq (fenomen) mütləq əvvəlkindən daha kamil olmalıdır” sözü qəbul olunası deyildir. Radioaktiv çevrilmə nəticəsində qurğuşuna çevrilən uran, daha da kamilləşirmi? Buxara çevrilən su, yaxud suya çevrilən buxar təkamülə çatırmı? Quruyan və heç bir dənəsi və meyvəsi qalmayan bir ağac kamilləşirmi? Qəbul oluna biləcək yeganə şey budur ki, təbii varlıqlardan bəziləri hərəkət və dəyişiklik nəticəsində daha da kamilləşir. Deməli, təkamülü də bütün dünya varlıqları üçün ümumi bir qanun kimi qəbul edə bilmərik.
Mövzunun sonunda bir daha xatırladırıq ki, bütün bu qanunların hamısı, hətta dünya miqyaslı və ümumi qanun şəklində qəbul edilsə belə, sadəcə olaraq təbiət elmlərində sübuta yetmiş digər qanunlar kimi varlıqların necə yaranmasını bəyan edə bilər, amma dünyada ümumi və sabit qanunların varlığı mövcud olanların Yaradandan, varlıq bəxş edən illətdən ehtiyacsız olması mənasına deyildir. Keçən dərslərdə də qeyd etdiyimiz kimi, maddə və maddi varlıqlar mümkünül-vücud olduğundan zəruri olaraq vacibul-vücuda ehtiyaclı olacaqlar.
Dostları ilə paylaş: |