MÜSTƏQİL TƏSİR
Tövhidin beşinci istilahı təsirdə müstəqil olmağı inkar etməkdir,1 yəni Allahın məxluqları öz işlərində də Mütəal Allahdan ehtiyacsız deyillər. Onların bir-birinə təsir göstərmələri də Mütəal Allahın izni və onlara verdiyi qüvvə sayəsindədir. Həqiqətdə hər yerdə və hər şeydə müstəqil şəkildə və başqasına ehtiyacı olmadan təsir qoyan varlıq məhz Allahın müqəddəs zatıdır. Başqalarının failiyyəti və təsiri də Onun failiyyəti və təsiri sayəsindədir.
Məhz buna görə də Qurani-kərim təbii və qeyri-təbii faillərin (mələk, cin və insan) əsər və təsirlərini Mütəal Allaha mənsub edir. Misal üçün yağışın yağması, bitkinin cücərməsi, ağacın meyvə verməsi də Ona aid edilir. Quran camaatı digər faillərə istinad verərkən Allaha istinad verməni də dərk edərək, qəbul etməsinə və həmişə bu məsələyə diqqətli olmalarına israr edir.
Mətləbi daha yaxşı başa düşmək üçün şərti işlərdən misal gətiririk: Əgər idarənin rəisi öz işçilərinə müəyyən bir işi görməyi əmr etsə, həmin işin işçinin əli ilə yerinə yetirilməsinə baxmayaraq eyni halda rəisə və başçıya istinad verilir, hətta əql sahibləri də işin fərman verən şəxsə istinad edilməsini daha məqsədəuyğun hesab edirlər.
Təkvini failiyyətin də müxtəlif mərtəbələri vardır. Hər bir failin vücudu Allahın iradəsinə əsaslandığından və müəyyən cəhətdən hər hansı bir şeyi təsəvvür edən şəxsin zehni təsəvvürlərinə oxşadığından “və lillahil-məsəlul-əla – yüksək məsəllər Allaha məxsusdur” - deyə buyurulur. Buna görə də hər bir faildə və təsir edəndə yaranan vücud əsərlərinin hamısı daha yüksək mərtəbədə təkvini ilahi olan iradə və izn ilə şərtləndirilir və Mütəal Allaha istinad verilir “la hovlə və la qüvvətə illa billahil-əliyyil-əzim”. (Allahın qüdrət və qüvvətindən başqa qüdrət və qüvvət yoxdur.)
Dostları ilə paylaş: |