İYİRMİ ÜÇÜNCÜ DƏRS BİR NEÇƏ ŞÜBHƏNİN HƏLL EDİLMƏSİ
–İnsanların çoxu peyğəmbərlərin hidayətindən niyə məhrumdurlar?
–Mütəal Allah ixtilaf və inhirafların qarşısını nəyə görə almamışdır?
–Peyğəmbərlərin niyə texniki və iqtisadi imtiyazları olmamışdır?
BİR NEÇƏ ŞÜBHƏNİN HƏLL EDİLMƏSİ
Peyğəmbərlərin besətinin zəruri olmasına dair gətirilən dəlil və bürhanlar ətrafında müəyyən suallar və şübhələr meydana gəlir. İndi onları cavabları ilə birlikdə qeyd edirik:
1.Əgər ilahi hikmət bütün insanların hidayəti üçün peyğəmbərlərin göndərilməsini tələb edirsə onda nə üçün onların hamısı xüsusi coğrafi bir məntəqədə (Mərkəzi Asiyada) məbus olunmuşlar, yer üzünün sair məntəqələri isə bu nemətdən məhrum olmuşlar? Xüsusilə bunu nəzərə alsaq ki, qədimdə kütləvi informasiya vasitələri məhdud və zəif idi, xəbərlərin bir məntəqədən digər məntəqəyə nəql olunması çox zəif baş verirdi. Bəlkə də peyğəmbərlərin dəvətindən ümumiyyətlə heç bir məlumat əldə edə bilməyən müəyyən qövmlər və millətlər də olmuşdur.
Bu sualın cavabı budur ki, əvvəla, peyğəmbərlərin gəlişi xüsusi məntəqə ilə məhdudlaşmamışdır. Quran ayələri göstərir ki, hər qövm və ümmət üçün bir peyğəmbər olmuşdur. “Fatir” surəsinin 24-cü ayəsində buyurulur:
“Elə bir ümmət yoxdur ki, ondan bir peyğəmbər gəlib getməsin.”
“Nəhl” surəsinin 36-cı ayəsində buyurulur:
“Hər bir ümmətə rəsul (peyğəmbər) göndərdik (ki, onlara belə desin:) Allaha ibadət edin və tağutdan (şeytani qüvvələrdən) çəkinin.”
Quranda yalnız bir neçə peyğəmbərin adının çəkilməsi onların saylarının qeyd olunanlarla xülasələnməsi demək deyildir. Quranın özündə aşkar şəkildə göstərilir ki, peyğəmbərlərdən bir çoxunun adı bu kitabda qeyd olunmamışdır. “Nisa” surəsinin 164-cü ayəsində buyurulur:
“Və elə peyğəmbərlər ki, onların hadisəsini sənə nəql etmədik.”
Dostları ilə paylaş: |