İSMƏTİN SAİR HALLARI
Yuxarıdakı bürhan əsasında mələklər və peyğəmbərlər üçün isbat olunan ismət məqamı vəhyin alınıb insanlara çatdırılmasına aiddir. Lakin ismətin digər halları da vardır ki, bu bürhanla sübuta yetmir. Onları üç qismə ayırmaq olar: 1-Mələklərin isməti, 2-Peyğəmbərlərin isməti, 3-Məsum İmamlar (ə), həzrət Məryəm (ə) və həzrət Fatimə (ə) kimi pak insanların isməti.
Mələklərin vəhyi alıb çatdırmaqdan başqa hallardakı isməti ilə əlaqədar iki məsələni irəli çəkmək olar: Birincisi, vəhy mələyinin vəhyi alıb peyğəmbərə çatdırmasına aid olmayan digər hallardakı isməti, başqası vəhy məsələsi ilə əlaqəsi olmayan sair mələklərin isməti. Məsələn, insanların ruzisinə, əməllərin qeyd olunmasına, ruhların alınmasına əmr olunan mələklər və s.
Peyğəmbərlərin ilahi risalətləri ilə əlaqədar olmayan işlərdəki ismətində də iki məsələ irəli çəkilir: Biri peyğəmbərlərin qəsdən olan günah və üsyankarlıqdan uzaq olmaları, digəri isə onların səhv və unutqanlıqdan uzaq olmaları. Bunların hər ikisini peyğəmbərlərdən başqaları barəsində də araşdırmaq olar.
Mələklərin vəhyi alıb çatdırmaqdan başqa hallardakı isməti ilə əlaqədar məsələlər o zaman əqli bürhanla həll oluna bilər ki, mələyin mahiyyəti məlum olsun. Lakin onların mahiyyəti ilə əlaqədar məsələlər nə asandır, nə də bizim kitabımızın həcmi ilə münasibdir. Buna görə də mələklərin ismətinə dəlalət edən iki Quran ayəsini zikr etməklə kifayətlənirik. Onlardan biri “Ənbiya” surəsinin 27-ci ayəsidir. Orada buyurulur:
“Onlar (mələklər) möhtərəm qullardır. (Mələklər) Ondan qabaq söz danışmaz (Allahın əmrindən çıxmaz), yalnız Onun əmri ilə iş görərlər.”
Digəri isə “Təhrim” surəsinin 6-cı ayəsidir.
“Allahın onlara əmr etdiyi şeylərdə üsyankarlıq etməz, onlara əmr olunanlara əməl edərlər.”
Bu iki ayədə mələklərin dəyərli bir məxluq olması, işlərini yalnız Allahın hökmləri əsasında görmələri, Allahın fərmanlarına qarşı heç vaxt itaətsizlik etməmələri aşkar şəkildə görünür. Baxmayaraq ki, bu ayənin başqa mələklərlə əlaqədar olub-olmaması üzərində münaqişə irəli gələ bilər.
Peyğəmbərlərdən başqa digər insanlardan bəzilərinin isməti barəsində məsələ imamət bəhsi ilə daha münasib olduğuna görə, burada yalnız peyğəmbərlərin isməti ilə əlaqədar məsələləri araşdırırıq. Bu məsələlərin bəziləri yalnız nəqli dəlil əsasında həll oluna bilər. Lakin qayda üzrə bu, kitab və sünnənin höccət olmasının isbat edilməsindən sonra irəli çəkilməlidir. Buna baxmayaraq bu məsələnin mövzuları arasında uyğunluğa riayət olunması üçün onları elə burada araşdırır, kitab və sünnənin höccət olmasını isə bir əsas kimi qəbul edirik ki, öz yerində isbat olunsun.
Dostları ilə paylaş: |