Dördüncü şübhə: “Taha” surəsinin 121-ci ayəsində həzrət Adəmə üsyankarlıq, həmin surənin 115-ci ayəsində isə unutqanlıq nisbəti verilir. Belə nisbətlər o Həzrətin isməti ilə necə uyğun gələ bilər?
Bu şübhənin cavabı keçən bəyanlardan aydın olur: belə üsyankarlıq və unutqanlıqlar vacibi təkliflərlə əlaqədar deyildi.
Beşinci şübhə: Qurani-kərimdə bəzi peyğəmbərlərə yalan nisbəti verilmişdir. O cümlədən “Saffat” surəsinin 89-cu ayəsində həzrət İbrahim (ə) “Mən xəstəyəm” - deyir, halbuki, o, xəstə deyildi. “Ənbiya” surəsinin 63-cü ayəsində o Həzrətin dilindən deyilir:
“Bu işi onların bu böyüyü etmişdir.”
Halbuki bütləri özü sındırmışdı. “Yusif” surəsinin 70-ci ayəsində isə buyurulur:
“Sonra carçı: «Ey karvan əhli! Siz, həqiqətən, oğrusuzun!» - deyə haray çəkdi.”
Halbuki Yusifin qardaşları oğurluq etməmişdilər.
Cavab budur ki, bəzi rəvayətlərdə daha mühüm məsləhətə riayət etmək üçün başqa mənanı nəzərdə tutmaqla digər sözlər işlədilmişdir. Bəzi ayələrdən də aydın olur ki, bu ilahi ilham sayəsində olmuşdur. Belə ki, həzrət Yusifin barəsində buyurulur:
“Biz Yusifə belə bir tədbir öyrətdik.”
Hər halda belə yalanlar günah və ismətlə müxalif deyildir.
Altıncı şübhə: Həzrət Musanın (ə) əhvalatında qeyd olunur ki, o, Bəni-İsraildən olan bir nəfərlə dalaşan qibti bir şəxsi qətlə yetirdi. Buna görə də Misirdən qaçdı və Mütəal Allah tərəfindən fironçuları Allah yoluna dəvət etməyə məmur edildiyi vaxt dedi:
“Onlar qarşısında boynumda bir günah da var. Bunun üçün məni öldürücəklərindən qorxuram.”1
Sonra Firon həmin qətl hadisəsini Musaya xatırlatdığı zaman onun cavabında dedi:
“Bunu etdiyim zaman mən cahillərdən idim.”2
Bu hadisə peyğəmbərlərin hətta besətdən qabaqkı dövrdəki ismətləri ilə necə uyğun gələ bilər?
Cavab budur ki, əvvəla qibti bir şəxsin öldürülməsi qəsdən olan bir iş deyildi, əksinə o, təsadüfi olaraq yumruq zərbəsindən ölmüşdü. İkincisi “və ləhum ələyyə zənbun” (onların qarşısında boynumda bir günah da var) sözü fironçuların nəzərinə əsasən deyilmişdi. Məqsəd bu idi ki, onlar məni qatil və günahkar hesab edirlər. Qisas alaraq məni öldürmələrindən qorxuram. Üçüncüsü “və ənə minəz-zalimin” (cahillərdən idim) cümləsi ya fironçularla mülayim rəftar etmək üçün deyilmişdir, (yəni “tutaq ki, o zaman mən yolumu azmışdım, lakin indi Allah məni hidayət etmiş və qəti bürhanlarla sizə doğru göndərmişdir” demək istəyir), yaxud “zəlal” kəlməsindən məqsəd bu işin axır aqibətindən agah olmamaqdır. Hər halda bu ayə həzrət Musanın (ə) ilahi vacib təkliflərlə müxalifət etməsinə əsla dəlalət etmir.
Yeddinci şübhə: “Yunis” surəsinin 94-cü ayəsində Peyğəmbəri-Əkrəmə (s) xitabən buyurulur:
“Əgər sənin, Bizim sənə nazil etdiyimizdə şəkkin olsa səndən qabaq kitab oxuyan şəxslərdən soruş. Həqiqətən, Rəbbin tərəfindən sənə doğru haqq gəlmişdir. Şəkk-şübhə edənlərdən əsla olma.”
“Bəqərə” surəsinin 147-ci, “Ali-İmran” surəsinin 60-cı, “Ənam” surəsinin 114-cü, “Hud” surəsinin 17-ci, “Səcdə” surəsinin 23-cü ayəsində də o Həzrət (s) şəkk və tərəddüddən çəkindirilmişdir. Necə demək olar ki, vəhy idrakında şəkk və tərəddüdə yer yoxdur?
Cavabı budur ki, bu ayələr o Həzrət (s) üçün şəkk baş verməsinə dəlalət etmir. Əksinə bunu çatdırmaq istəyir ki, onun risaləti, Quranın haqq olması və onun məzmunu barəsində şəkk və tərəddüdə yer yoxdur. Həqiqətdə bu cür xitablar “qızım sənə deyirəm, gəlinim sən eşit” atalar sözünə bənzəyir.
Dostları ilə paylaş: |