Doqquzuncu şübhə: Qurani-kərim Peyğəmbərin (s) Zeydin boşadığı arvadla evlənməsi (Zeyd onun oğulluğu idi) ilə əlaqədar buyurur:
“Sən camaatdan qorxursan. Allah, Ondan qorxmağa daha layiqdir.”2
Belə bir təbirin ismət məqamı ilə necə uyğunluğu var?
Cavab budur ki, Peyğəmbər (s) qorxurdu ki, camaat imanlarının zəif olduğuna görə Allahın göstərişi ilə və cahiliyyət dövrünün yanlış adət-ənənələrini (oğulluğu həqiqi övlad saymağı) pozmaq üçün gördüyü tədbiri o Həzrətin (s) şəxsi meylləri ilə əlaqələndirsinlər və bu da onların dindən çıxmalarına səbəb olsun. Mütəal Allah bu şərif ayədə Öz Peyğəmbərinə (s) bu adətin pozulmasındakı məsləhətin onun (s) əməli mübarizəsi əsasında ilahi iradə ilə bu yalnış təsəvvürə və əqidə arasında yaranacaq qorxudan daha mühüm olduğunu xəbər verir. Deməli, bu şərif ayə o Həzrətə heç bir vəchlə tənə vurmur.
Onuncu şübhə: Qurani-kərim Peyğəmbəri (s) məzəmmət edir. Onun (s) bəzi şəxslərə müharibədə iştirak etməmək icazəsi verməsi ilə əlaqədar buyurur:
“Allah səni əfv etsin, nə üçün onlara icazə verdin?!”1
Həyat yoldaşlarından bəzisini razılığını cəlb etmək məqsədi ilə bəzi halal işləri özünə haram etməsi barəsində isə buyurur:
“Ey Peyğəmbər! Nə üçün Allahın sənə halal etdiyi şeyləri haram edir və bununla da zövcələrinin razılığını qazanmaq istəyirsən?!”2
Bu cür tənə və məzəmmətlər o Həzrətin (s) ismət məqamı ilə necə uyuğun gələ bilər?
Cavab budur ki, bu cür xitablar həqiqətdə məzəmmət formasında olan mədh və tərifdən ibarətdir. Bu da Peyğəmbərin (s) (nəuzubillah) Allahın hökmünü dəyişdirib halalı camaata haram etmiş olmasını deyil, onun son dərəcə mehribançılıq və ürəyiyananlığına dəlalət edir. Belə ki, o, hətta münafiqləri və qəlbləri xəstə olanları belə ümidsiz etməyir, onların sirlərinin üstünü açmır, zövcələrinin razılığını öz istəklərindən qabağa salır, and içmək vasitəsilə mübah işi özünə haram edir.
Həqiqətdə bu ayələr bir baxımdan o Həzrətin (s) kafirlərin hidayəti üçün son dərəcə səy göstərib ürəyiyananlıq etməsini göstərən ayələrə bənzəyir. Belə ki, buyurulur:
“Onların iman gətirmədikləri üçün bəlkə özünü həlak edəcəksən?!”3
Yaxud Mütəal Allaha ibadət etmək üçün özünü həddindən artıq əzab-əziyyətə salmasını göstərən ayələr:
“Biz Quranı sənə nazil etmədik ki, məşəqqətə düşəsən.”4
Hər bir halda bu kimi ayələrin o Həzrətin ismət məqamı ilə heç ziddiyyəti yoxdur.
Dostları ilə paylaş: |