İYİRMİ YEDDİNCİ DƏRS MÖCÜZƏ
–Nübüvvətin isbatolunma yolları
–Möcüzənin tərifi
–Xariqüladə işlər
–İlahi xariqüladələr
–Peyğəmbərlərin möcüzələrinin xüsusiyyətləri
NÜBÜVVƏTİN İSBATOLUNMA YOLLARI
Nübüvvət bölməsinin üçüncü əsas məsələsi başqaları üçün Həqiqi peyğəmbərlərin iddiasının doğruluğunu və yalançı iddiaçıların yalanını isbat etməkdən ibarətdir?
Əgər insan günaha və əql tərəfindən çirkinliyi dərk edilən işlərə mürtəkib olsa, artıq ona etimad edilməyəcəkdir. İsmət şərtini əldə əsas tutmaqla bir kəsin iddiasının yalan olduğunu isbat etmək olar. Xüsusilə, əgər o, insanları əql və fitrət ilə müxalif olan işlərə dəvət etsə, yaxud sözlərində ziddiyyət aşkar olunsa onun sözünün yalan olması daha tez aşkar edilər.
Digər tərəfdən də hər hansı şəxsin keçmişi pak-pakizə ola bilər və onunla şəxsi-qərəzi olmayanlar onun düzdanışan olmasını hər an təsdiq edib bu barədə xatircəm ola bilərlər. Xüsusilə, əgər əql də onun dəvətinin möhtəvasının düzgünlüyünə şahidlik etsə. Bir şəxsin peyğəmbərliyi digər bir peyğəmbərin əvvəlcədən xəbər verib onu təqdim etməsi və həqiqət axtaran şəxslər üçün heç bir şəkk-şübhəyə yer qalmadığı qədər sübuta yetməsi də mümkündür. Amma əgər camaat üçün yəqinlik və xatircəmlik gətirən əlamətlər olmasa, digər peyğəmbərlərdən bu barədə heç bir xəbər gəlib çatmasa, təbiidir ki, nübüvvətin isbat olunması üçün digər bir yola ehtiyac duyulacaqdır. Mütəal Allah da Özünün hikmətinə uyğun olaraq bu barədə çıxış yolu açaraq peyğəmbərlərə “ayələr” adlandırdığı möcüzələr vermişdir ki, onların iddiasının doğruluğu sübut olunsun.1
Deməli, həqiqi peyğəmbərlərin iddiasının doğruluğu üç yolla isbat oluna bilər:
1.Xatircəmlik gətirən əlamət və şahidlər yolu ilə. Məsələn, onun həyatı boyu düzlüyü, doğruçuluğu, yolundan azmaması, həmişə haqq yolda və ədalətli olması məlum olsun. Amma bu yol o peyğəmbərlərin barəsində doğrudur ki, insanların arasında uzun illər yaşamış və onların arasında xoş rəftarı ilə məşhur olmuşdur. Amma bir peyğəmbər cavan yaşlarında, xalqın onun şəxsiyyət və rəftarını tanımazdan öncə peyğəmbərliyə çatsa, bu yolla onun iddiasının doğruluğunu isbat etmək olmaz.
2.Əvvəlki, yaxud onunla müasir olan peyğəmbərlərin təqdim etməsi ilə. Bu yol da o insanlara məxsusdur ki, özündən əvvəlki digər peyğəmbəri tanımış olsun. Bundan əlavə, onun verdiyi xəbər və təsdiqlədiyi şəxs barədə əldə məlumat olsun. Təbiidir ki, bu yol ilk peyğəmbər barəsində mövcud olmayacaqdır.
3.Möcüzə göstərməklə.* Bu mövzu yüksək səviyyəli, geniş olduğundan onu daha artıq izah edirik.
Dostları ilə paylaş: |