İYİRMİ DOQQUZUNCU DƏRS PEYĞƏMBƏRLƏRİN XÜSUSİYYƏTLƏRİ
–Peyğəmbərlərin çoxluğu
–Peyğəmbərlərin sayı
–Nübüvvət və risalət
–Ülul-əzm peyğəmbərlər
–Bir neçə məsələ
PEYĞƏMBƏRLƏRİN ÇOXLUĞU
İndiyə qədər nübüvvətin üç əsas məsələsi araşdırıldı və belə nəticə alındı ki, bəşər elmi dünya və axirət səadətində əsaslı rol oynayan məlumatların hamısını əldə etmək üçün yetərli olmadığından Allahın hikməti ehtiyac duyulan həqiqətləri insanlara öyrətsin deyə, peyğəmbər, yaxud peyğəmbərlər göndərilməsini tələb edir ki, bu həqiqətlər sağlam və təhrif olunmadan bütün insanlara yetişsin. Digər tərəfdən onları başqalarına elə təqdim etsin ki, höccət onlara tamam olsun. Onun ən ümumi yolu da möcüzə göstərməkdir.
Biz bu mətləbləri əqli bürhanlarla isbat etdik. Lakin yuxarıdakı bürhanlar peyğəmbərlərin, asimani kitab və şəriətlərin çoxluğunun zərurət olmasına dəxalət etmir. Hətta, əgər bəşər həyatı, dünyanın axırına qədər insanların ehtiyaclarının hamısının təkcə bir peyğəmbərin bəyan edə biləcəyi şəkildə olsaydı və hər bir fərd, yaxud qrup tarix boyu öz vəzifəsini həmin peyğəmbərin göstərişləri vasitəsilə ayırd edə bilsəydi, həmin bürhanların tələbinin əksinə olmazdı.
Amma bilirik ki, əvvəla, bütün insanların, o cümlədən, peyğəmbərlərin ömrü məhduddur və yaradılışın hikməti bir peyğəmbərin dünyanın axırına qədər diri qalaraq bütün insanları birbəbir hidayət etməsi əsasında olmamışdır.
Dostları ilə paylaş: |