İlahi peyğəmbərlər qiyam edərək camaatı yeganə Allaha pərəstiş edib Onun göstəriş və əmrlərinə itat etməyə,1 bütlərdən və batil məbudlardan imtina edib şeytani və tağut qüvvələrdən çəkinməyə, zülm, fəsad, günah və çirkin işləri tərk etməyə dəvət etdikləri zaman camaatın müxalifət və inkarları ilə qarşılaşırdılar.2 Xüsusilə, bu dünyada eyş-işrətlə məşğul olan, dünya malı, öz elm və bilikləri ilə məğrur olan cəmiyyətin sərvətliləri və hakimləri onlarla çox ciddi şəkildə mübarizə aparır,3 müəyyən kütlələr də öz ardınca çəkir və onları haqq yoluna getməkdən saxlayırdılar.4 Əksər hallarda cəmiyyətin məhrum təbəqəsi olan az bir qrup peyğəmbərlərə iman gətirirdi.5 Çox az hallarda düzgün əqidəyə malik olan, haqq-ədalət meyarları ilə uyğun olan, Allahın və peyğəmbərlərin fərmanlarına itaət edən bir cəmiyyət təşkil olunurdu. Misal üçün, həzrət Süleymanın (ə) dövründə belə bir hakimiyyət və cəmiyyət təşkil olunmuşdu. Buna baxmayaraq, peyğəmbərlərin təlimlərindən bir qismi tədricən cəmiyyətə hakim olan mədəniyyətə nüfuz edir, bir cəmiyyətdən digər cəmiyyətə nəql olunur və bəzi hallarda küfr başçılarının öz şəxsi nəzəriyyələri kimi təqdim olunurdu. Belə ki, dünya hüquq sistemlərinin çoxu asimani şəriətlərdən əxz olunmuşdur, amma onun mənbəyini qeyd etmədən onu öz fikir və rəyləri kimi təqdim etmişlər.