SUALLAR
1.Qurani-kərim özünün möcüzə olmasını necə iddia edir?
2.Quranın möcüzə olmasına qısa dəlil hansıdır?
3.Belə bir ehtimal vermək olarmı ki, müxaliflərdən kimsə Quranın mislini gətirməyi istəməmiş, yaxud gətirmişsə də bizim ondan xəbərimiz olmamışdır? Niyə?
4.Quranın möcüzəli bəlağət üslubunu şərh edin.
5.Peyğəmbəri-Əkrəmin (s) ümmi olmasının Quranın möcüzə olması ilə nə kimi əlaqəsi vardır?
6.Quranda ixtilafın olmaması onun möcüzə olmasına necə dəlalət edir?
OTUZ ÜÇÜNCÜ DƏRS
–Müqəddimə
–Qurana heç nəyin əlavə edilməməsi
–Qurandan heç nəyin azaldılmaması
MÜQƏDDİMƏ
Əvvəldə qeyd olunduğu kimi, nübüvvətin zəruri olması dəlilinə əsasən ilahi peyğamlar sağ-salamat və təhrif olunmadan insanların ixtiyarına verilməlidir ki, onun vasitəsilə dünya və axirətdəki səadət yollarını qət edə bilsinlər.
Deməli, Quran camaata çatdırılana qədər digər asimani kitablarda olduğu kimi, təhrifdən amanda olmasında heç bir münaqişə yeri yoxdur. Bildiyimiz kimi, başqa asimani kitablar insanların ixtiyarına verildikdən sonra müəyyən qədər təhriflərə məruz qalmış, dəyişdirilmiş, yaxud müəyyən müddətdən sonra unudulmuşdur. Belə ki, müasir dövrdə həzrət Nuhun (ə), həzrət İbrahimin (ə) kitabları ümumiyyətlə, mövcud deyildir. Həzrət Musa (ə) və həzrət İsanın (ə) kitabları da əslində olduğu kimi qalmayıb. Bunlara diqqət yetirməklə belə bir sual yaranır: Hazırda sonuncu səmavi kitab olan Quranın məhz Peyğəmbərə (s) nazil olmuş və onda heç bir dəyişikliyə məruz qalmamış Quran olmasını haradan bilmək olar? Əlbəttə, hər kəs İslamın və müsəlmanların tarixi ilə müəyyən qədər tanış olsa, Peyğəmbəri-Əkrəmin (s) və onun məsum canişinlərinin (ə) Quran ayələrini yazıb qorumaqda nə qədər səy göstərdiklərindən agah olsa, həmçinin, müsəlmanların Quran ayələrini qoruyub saxlamaqda ciddiyyətlərini başa düşsə, (belə ki, yalnız bir müharibədə Quran hafizlərindən 70 nəfər şəhid olmuşdu) eləcə də Quranın on dörd əsr ərzində mütəvatir şəkildə nəql olunmasından, onun ayə, kəlmə, hərf və s. sayına nə qədər diqqət yetirilməsindən agah olsa, bu şərif kitabda azacıq belə təhrifolunma ehtimalını qəbul etməyəcəkdir. Lakin Qurani-kərimin təhrif olunmamasını bu kimi qəti tarixi şahidlərdən əlavə, bir əqli və bir nəqli dəlildən mürəkkəb olmuş bəyanla da isbat etmək olar. Yəni ilk növbədə Qurani-kərimə hər hansı bir şeyin artırılmamasını əqli dəlillə isbat edib sonra hazırda mövcud olan Quranın Allah tərəfindən nazil olmasını, eləcə də ondan heç bir şey əskildilmədiyini onun ayələrinə istinadən isbat etmək olar.
Buna görə də Quranın hər növ təhrifdən amanda olması məsələsi bir-birindən ayrı olan iki mövzuda araşdırılır:
Dostları ilə paylaş: |