ÜMUMDÜNYA SƏVİYYƏSİNDƏ OLAN İLAHİ BİR HÖKUMƏT
Qeyd olunduğu kimi, peyğəmbərlərin göndərilməsində ilkin və əsaslı hədəf insanların agahlıq üzündən və tam azad şəkildə inkişaf edib formalaşması və təkamülə çatması üçün lazım olan şəraitin hazırlanmasıdır ki, bu kimi yüksək hədəflər də məhz ilahi vəhyin insanların ixtiyarına verilməsi ilə həyata keçir və digər hədəflərlə yanaşı bu da nəzərə alınır ki, onlardan ayrı-ayrı şəxslərin və cəmiyyət üzvlərinin əqli inkişaflarını, ruhi-mənəvi tərbiyələrini qeyd etmək olar. Nəticə etibarı ilə böyük peyğəmbərlər (ə) Allahpərəstlik, ilahi dəyərlər, haqq-ədalətin bütün dünya səviyyəsində genişləndirilərək bərqərar edilməsi əsasında olan ideal bir cəmiyyətin təşkil olunması məqsədini güdmüşlər. Onlardan hər biri imkanları həddində bu yolda müəyyən tədbirlər görmüş və bəziləri xüsusi zaman və coğrafi məkan hüdudlarında ilahi hökumət təşkil edə bilmişlər. Lakin onların heç biri üçün ümumdünya səviyyəsində ilahi hökumətin təşkil olunmasına şərait yaranmamışdır.
Əlbəttə, belə bir şəraitin yaranmaması peyğəmbərlərin ilahi proqramları və təlimlərinin natamam olması demək deyil, yaxud bu, onların idarəçilik və rəhbərliklərində nöqsanlı halları göstərmir. Eləcə də bu, onların göndərilməsində əsas ilahi hədəfin gerçəkləşməməsi də demək deyildir. Çünki qeyd olunduğu kimi, ilahi hədəf insanların ixtiyari hərəkəti və təkamülü üçün lazım olan şəraitin yaradılmasıdır. Belə ki, Allah-taala buyurur: «Allah peyğəmbərləri göndərmişdir ki, onlar göndərildikdən sonra insanların Allah qarşısında dəlilləri, bəhanələri olmasın.»1
Deməli, peyğəmbərlərin vəzifəsi insanları zorla haqq dinini qəbul etməkdir və onları ilahi rəhbərlərə tabe olmağa məcbur etmək olmamışdır.
Eyni zamanda Mütəal Allah Özünün səmavi kitablarında yer üzündə ümumdünya miqyaslı ilahi bir hökumətin qurulmasını vəd etmişdir ki, bunu da bir növ dünya səviyyəsində olan insan cəmiyyətlərində haqq dininin qəbul edilməsinə şərait yaranacağı ilə əlaqədar qeybi xəbərlərdən hesab etmək olar. Belə ki, bu hökumət çox fədakar şəxslərin və qrupların işgüzar fəaliyyətləri ilə müyəssər olacaq. Eləcə də qeybi köməklərdən istifadə etməklə ümumdünya səviyyəsində təşkil olunacaq hökumət qarşısındakı maneələr aradan qaldırılacaq. Zülmə məruz qalan, haqsızlıqdan cana yığılan, bütün nəzəri məktəblərdən və quruluşlardan ümidsiz olan məzlum kütlələrin arasında haqq-ədalətin bərqərar olunması ilə nəticələnəcəkdir. Məhz bunu da Peyğəmbəri-Əkrəmin (s) besətinin, eləcə də o Həzrətin (s) ümumdunya və əbədi dininin hədəfinin gerçəkləşməsi hesab etmək olar. Çünki onun barəsində buyurulur:
“Allah Öz Rəsulunu haqq dinlə göndərmişdi ki, onu bütün dinlərə qalib etsin.»2
İmamət nübüvvətin tamamlayıcısı, xatəmiyyət hikmətinin gerçəkləşdiricisi olduğundan belə nəticə almaq olar ki, bu hədəf axırıncı imamın vasitəsilə həyata keçməlidir. Bu da məhz həzrət Məhdi (ruhlarımız ona fəda olsun!) barəsində gəlib çatan mütəvatir hədisləri təsdiq edir.
Burada ilk növbədə belə bir hökumətin yaranacağını müjdə verən bəzi Quran ayələrini qeyd edəcək, daha sonra bu məsələ ilə əlaqədar rəvayətlərdən bir neçə nümunənin təqdim edəcəyik.
Dostları ilə paylaş: |