q) Heyvanların dirilməsi:
Qurani-kərim bir neçə heyvanın qeyri-adi yolla dirilməsinə işarə edir ki, onlardan biri də həzrət İbrahimin (ə) əli ilə dörd quşun dirildilməsidir.2 Eləcə də peyğəmbərlərdən birinin ulağının yenidən dirilməsi də qeyd olunur. Əgər Qurana əsasən bir heyvanın yenidən dirildilməsi mümkündürsə, insanın dirildilməsi heç də qeyri-mümkün olmayacaqdır.
ğ) Elə bu dünyada bəzi insanların yenidən dirilməsi:
Daha mühüm məsələ bəzi insanların elə bu dünyada dirilməsidir ki, Qurani-kərim onlardan bir neçə nümunəni qeyd etmişdir. O cümlədən, Bəni-İsrail peyğəmbərlərindən biri barəsində qeyd olunur ki, səfər edərkən yolu bütün əhalisi evlərinin içərisində ölüb çürümüş bir şəhərə düşür, “Allah bu camaatı yenidən necə dirildəcək?” - deyə fikirləşir. Mütəal Allah onun canını alır. Yüz ildən sonra onu dirildir və ona buyurur: “Bu yerdə neçə müddət dayandın?” O sanki yuxudan qalxmış kimi deyir: “Bir gün, yaxud günün bir hissəsini.” Xitab olunur: “Xeyr, sən yüz il burada qalmısan! Bax gör: bir tərəfdən sənin suyun və çörəyin salamat qalıb, digər tərəfdən isə mindiyin heyvan çürüyüb aradan gedib! İndi bax gör Biz onun sümüklərini necə bir-birinə birləşdirib yenidən onun üzərinə ət çəkir və onu dirildirik!”3
Digər bir hadisə isə Bəni-İsraildən bir qrupun həzrət Musaya (ə) “Biz Allahı aşkar şəkildə görməyincə heç vaxt iman gətirməyəcəyik!” - deyə israr etdikləri zaman baş vermişdir. Bu zaman Allah onları ildırımla həlak edib, sonra Musanın (ə) duası ilə yenidən dirildir.1
Eləcə də həzrət Musanın (ə) dövründə Bəni-İsraildən bir nəfər qətlə yetirilir və Allahın əmri ilə bir inək kəsib ətindən ona vurulması ilə dirilir. Bunun təfsilatı “Bəqərə” surəsində qeyd olunur. Bu surə də məhz həmin səbəbə görə “Bəqərə” (inək) adlandırılmışdır. Həmin hadisənin sonunda buyurulur:
“Allah ölüləri də beləcə dirildir və Öz ayə və nişanələrini sizə göstərir ki, bəlkə əqlinizi işə salasınız.»2
Həmçinin həzrət İsanın (ə) möcüzəsi ilə bəzi ölülərin dirilməsini də məadın mümkünlüyünə sübut kimi gətirmək olar.3
Dostları ilə paylaş: |