BÜRHANIN MÖVZUSU
Mövcud (əqli fərz əsasında) ya Vacibul-vücuddur, ya da mümkünəl-vücud. Heç bir varlıq əqlən bu iki fərzdən xaric deyildir və varlıqların hamısını mümkünəl-vücud hesab etmək olmaz, çünki mümkünəl-vücudun illətə (səbəbə, yaradana) ehtiyacı vardır və əgər bütün illətlər də mümkünəl-vücud və öz növbəsində başqa illətə ehtiyaclı olsa heç bir vücudun yaranışı gerçəkləşməyəcəkdir. Başqa sözlə, illətlərin sonsuzluğa qədər getməsi qeyri-mümkündür. Deməli illətlər silsiləsi hökmən özü başqa bir varlığın məlulu olmayan, yəni Vacibul-vücud olan bir varlıqda sona çatmalıdır.
Bu bürhan Allahın isbat olunması üçün fəlsəfi dəlillərin ən sadəsidir. O, bir neçə sırf əqli müqəddimədən təşkil olunmuşdur və heç bir təcrübi və hissi müqəddiməyə ehtiyacı yoxdur. Lakin bu bürhanda fəlsəfi məfhum və istilahdan istifadə olunduğuna görə yuxarıdakı bürhanı təşkil edən bu müqəddimə və istilahların ətrafında bir qədər izahat veririk.
Dostları ilə paylaş: |