SƏBƏB VƏ NƏTİCƏ
Əgər bir varlıq başqa bir varlığa ehtiyaclı olsa, yəni onun varlığı müəyyən bir şəkildə başqasına bağlı olsa, fəlsəfi terminologiyada ehtiyaclı varlığa “nəticə”, digərinə isə “səbəb” deyilir. Amma hər hansı bir illətin mütləq şəkildə ehtiyacsız olmaması da mümkündür, yəni onun özü də ehtiyaclı və başqa bir məlula bağlı ola bilər. Amma əgər hər hansı bir illət heç bir növ ehtiyaclı və başqasının məlulu olmazsa, o mütləq illət və mütləq ehtiyacsız olacaqdır.
Fəlsəfədəki illət və nəticə termini və onların tərifi ilə tanış olduqdan sonra hər mümkünül-vücudun səbəbə ehtiyaclı olması ilə əlaqədar müqəddiməni araşdırırıq.
Mümkünül-vücudun vücudu özündən olmadığına görə hökmən onun varlığı başqa bir varlıq, yaxud varlıqların gerçəkləşməsi ilə şərtlənəcəkdir. Çünki aydın məsələdir ki, hər hansı bir mövzu üçün nəzərdə tutulan bir məhmul ya zatən (təbiətən, öz-özlüyündə) sabitdir, yaxud başqasının nəticəsində (bil-ğeyr) sabit olur. Məsələn, hər bir şey ya öz-özünə aydın və işıqlıdır, yaxud başqa bir şeyin (nurun) vasitəsilə işıqlanır. Hər bir maddə ya öz-özünə yağlıdır, ya başqa bir şeyin (yağın) vasitəsilə yağlı olur. Bir şeyin nə öz-özünə işıqlı və yağlı olması, nə də başqasının tərəfindən verilməklə bu iki sifətə malik olması olmadan eyni zamanda işıqlı və yağlı olması qeyri-mümkündür.
Deməli, bir mövzu üçün vücudun sübutu ya biz-zatdır, ya da bil-ğeyr. Biz-zat deyildirsə, hökmən bil-ğeyr olmalıdır. Buna əsasən öz-özünə vücudla sifətlənməyən hər bir mümkünül-vücud başqa bir varlığın səbəbi ilə vücuda gəlir və onun nəticəsi sayılır. Bu da “hər mümkünül-vücudun səbəbə ehtiyacı vardır” kimi təbir olunan danılmaz əqli prinsipdən ibarətdir.
Lakin bəziləri güman etmişlər ki, səbəbiyyət qanununun məfhumu bundan ibarətdir ki, “ümumiyyətlə hər bir mövcudun səbəbə ehtiyacı vardır” və buna əsasən irad tutub deyirlər ki, Allah üçün də bir illət nəzərdə tutmaq lazımdır! Halbuki səbəbiyyət (səbəb-nəticə) prinsipinin mövzusu mütləq şəkildə olan mövcud deyildir; onun mövzusu mümkünül-vücud və nəticədir. Başqa sözlə desək, hər bir ehtiyaclı və bir şeyə bağlı olan varlıq səbəbə ehtiyaclıdır, nəinki, ümumiyyətlə hər bir varlıq.
Dostları ilə paylaş: |