ÜSULİDDİN VƏ FÜRUİDDİN
Din sözünün terminoloji məhfumu barəsində verilən izahdan aydın olur ki, hər bir din ən azı iki hissədən təşkil olunur:
1. Onun əsasını və kökünü təşkil edən əqidə, yaxud əqidələr.
2. Bu əqidəvi əsaslara uyğun olan əməli göstərişlər.
Deməli, hər bir dində əqidə bölməsinin üsuliddin (dinin kökləri), onun əməli hökmlərinin isə füruiddin (dinin budaqları) adlandırılması tamamilə düzgündür. İslam alimləri də islam əqidəsi və əhkamı barədə məhz bu iki termini işlətmişlər.
DÜNYAGÖRÜŞ VƏ İDEOLOGİYA
Dünyagörüş və ideologiya kəlmələri bir-birinə yaxın olan mənaları daşıyır. Dünyagörüşü “insan və aləm, ümumiyyətlə varlıq aləmi barəsində bir-biri ilə uyğun olan ümumi nəzərlər və etiqadlar silsiləsi”dən ibarətdir. İdeologiya barəsində isə bunu demək olar ki, o, “insanın rəftarları ilə mütənasib olan ümumi rəylər silsiləsidir.”
Bu iki mənanı nəzərə alaraq hər dinin üsuli və əqidəvi sistemini həmin dinin dünyagörüşü, onun əməli hökmlərinin ümumi sistemini isə onun ideologiyası hesab etmək və onları dinin üsul və fürusuna tətbiq etmək olar. Amma nəzərə almaq lazımdır ki, dünyagörüş istilahı cüzi etiqadlara şamil olmadığı kimi, ideologiya istilahı da cüzi hökmlərə şamil edilmir.
Bunu da qeyd edək ki, bəzən ideologiya kəlməsi daha ümumi mənada işlənərək dünyagörüşə də aid edilir.1
Dostları ilə paylaş: |