ZATİ SİFƏTLƏR
–Müqəddimə
–Zati və feli sifətlər
–Zati sifətlərin isbatı
–Həyat
–Elm
–Qüdrət
MÜQƏDDİMƏ
Qeyd olundu ki, dünyaya varlıq bəxş edən səbəb – Mütəal Allah vücudun bütün kamallarına malikdir, həmçinin hər bir varlıqda mövcud olan hər növ kamal Onun tərəfindəndir və onu mövcudata, məxluqlara bəxş etməklə Öz kamalından heç nə əskilmir. Mətləbin daha yaxşı düşünülməsi üçün aşağıdakı misallardan istifadə etmək olar: Müəllim öz elmindən şagirdlərə öyrədir, amma onun elmindən heç nə azalmır. Əlbəttə, Mütəal Allah tərəfindən varlıq və vücud kamallarının verilməsi bu misallarla müqayisə olunmayacaq dərəcədə yüksəkdir. Bu barədə ən yaxşı cümlə bəlkə də bu ola bilər: Bütün varlıq aləmi Allahın müqəddəs Zatının nuru və cilvəsidir, belə ki, bu, aşağıdakı ayədən də bu məlum olur:
“Allah göylərin və yerin nurudur.”1
Sonsuz ilahi kamallara diqqət yetirməklə kamala dəlalət edən və özündə heç bir nöqsan və məhdudiyyət daşımayan hər növ məfhum Allah-taalaya aid edilə bilər. Belə ki, Quran ayələrində, rəvayətlərdə və Məsumların (ə) münacatlarında nur, kamal, camal, məhəbbət, nuranilik və s. kimi məfhumlar Allah-taalaya aid edilir. Amma İslami kəlam, fəlsəfə və əqidə kitablarında “ilahi sifətlər” ünvanı ilə irəli çəkilənlər sifətlərin müəyyən qədəridir. Onlar zati və feli sifətlər olaraq iki yerə bölünür. Buna görə də əvvəlcə bu bölgü barəsində izahat verəcək, daha sonra onların ən mühümünü isbat edəcəyik.
Dostları ilə paylaş: |