Afrika ümumi İcmal coğrafi mövqeyi, sahəsi, sərhədləri və sahil xətti



Yüklə 398,55 Kb.
səhifə1/3
tarix22.10.2017
ölçüsü398,55 Kb.
#10877
  1   2   3

AFRİKA
ÜMUMİ İCMAL

Coğrafi mövqeyi, sahəsi, sərhədləri və sahil xətti.

Afrika böyüklüyünə görə Avrasiyadan sonra materiklər arasında ikinci yerdə durur.Sahəsi 29,2 milyon kv.km,adalarla birlikdə 30,3 kv.km-dir.Ucqar nöqtələri: şimalda Əl-Əbeyd (Engela) burnu-37°20’ şm.en dairəsində (Kapblan burnu yaxınlığında),cənubda İynə burnu-34°51’ cənub en dairəsində,qərbdə Yaşıl burun-17°33’ qərb uzunluğunda, şərqdə Rashafun burnu-51°24’ şərq uzunluğundadır.

Afrikanın coğrafi mövqeyinin başlıca xüsusiyyəti onun ekvatora nisbətən simmetrik yerləşməsidir.Engela burnu ekvatordan 4144 km,İynə burnu isə 3868 km məsafədədir. Ən geniş yerində Afrikanın eni 7500 km (Yaşıl burundan Qvardafuy burnuna qədər),cənubda isə 3100 km-dir. Материк qərbdə Atlantik,şərqdə Hind okeanı ilə əhatələnir.Şimalda Aralıq dənizi onu Cənubi Avropadan,şimal-şərqdə Qırmızı dəniz Asiyadan (Ərəbistan yarımadasından) ayırır.Hələ üçüncü dövrün sonunda və dördüncü dövrün əvvəllərində Atlas dağları Pireney yarımadası ilə,Tunis isə Siciliya adası və Appenin yarımadssı ilə bitişik olmuşdur.Hazırda Afrika Pireney yarımadasın- dan ensiz (14 km) və dərinliyi 300 m olan Cəbəllüttariq boğazı,Ön Asiyadan isə Babəlməndəb boğazı (eni 26 km) ilə ayrılır.Şimal-şərqdə Süveyş kanalı açılana (1869-cu il) kimi eyni adlı bərzəx (eni 120 km) Afrikanı Asiya ilə birləşdirirdi.

Afrikanın sahil xətti zəif parçalanmışdır.Sahillər çox yerdə tektonik strukturlara uyğun olaraq düz xətlə uzanır.Sahil dayazlığı ensizdir.Buna görə Afrika sahillərində əlverişli körfəzlər və buxtalar,həmçinin yarımadalar və adalar azdır. Ən böyük körfəzləri şimalda Qabes və Sidra,qərbdə Qvineya,Benin və Biafra,cənub-şərqdə Frensis Bey,Alqoa,Delaqoa və Beyra buxtalarıdır.Kiçik buxtalar və adalara qərbdə Yaşıl burundan Palmas burnuna qədər,şərqdə isə Mombasa və Mozambik şəhərləri arasındakı sahildə rast gəlinir. Şərqdə Madaqaskar, Zənzibar, Sokotra, Mafiya, Pemba, Komor, Maskaren, Amirant və Seyşel adaları, qərbdə Madeyra, Kanar, Yaşıl Burun, Annobon, San-Tome, Fernanada-Po, Merac (Vozneseniye), Müqəddəs Yelena, Tristan-da- Kunya adaları Afrikaya aiddir. Materikin ən böyük yarımadası Somalidir.

Beləliklə, Afrika üfüqi istiqamətdə olduqca zəif parçalanmışdır.Onun sahil xəttinin hər 1 kilometrinə 960 kv.km ərazi düşür. Adalar isə ərazisinin cəmi 2%-ni təşkil edir (Avropada 8,5%). Materikin daxili vilayətləri sahildən 1500 km içəridə yerləşir (Avropada bu məsafə cəmi 600 km-ə qədərdir).
Geoloji quruluşu və inkişafının əsas mərhələləri.

Afrika geoloji quruluşuna görə ilk baxışda çox sadə görünür.Şimal-qərb və cənub ucqar hissələri müstəsna olmaqla Afrika paleozoydan əvvəl platforma rejiminə keçmiş və sonrakı dövrlərdə onun ərazisində əsasən zəif rəqsi hərəkətlər baş vermişdir. Epiplatforma dənizlərində kontinental şəraitdə toplanmış cavan çöküntü süxur qatları qırışıqlıqda iştirak etməmiş, zəif qalxma və əyilmələrə məruz qalmışdır.

Afrikanın geoloji inkişafının ən əlamətdar cəhətlərindən biri onun qədim Qondvana materikinin mərkəzində yerləşməsi, şimal və şərq dağlıq sahəsi müstəsna olmaqla,qalan sahələrdə şaquli tektonik hərəkətlərin zəif baş verməsi ilə səciyyələnir. Yer qabığının qalınlığı geniş sahədə 38-40 km-dir. Hündür Afrikada yer qabığının qalınlığı 45 km-ə qədərdir. Atlas dağlarında və Həbəşistan yaylasında bu rəqəm 50-55 km-ə çatır. Afrika ilə ətraf okeanlar arasında keçid,hipsometrik xəritədən göründüyü kimi, çox kəskindir. Burada materik tipli yer qabığı kəskin şəkildə okean tipli qabığa keçir (Afrika ətrafında okean dibində yer qabığının qalınlığı 10 km-dən artıq deyildir). Materikin kontinental yer qabığı artıq paleozoyun başlanğıcına qədər təşəkkül tapmışdır.

Materik ərazisinin üçdə birində qədim kristallik və metamorfik süxurlar yer səthinə çıxır. Qalan sahələrdə isə bu paleozoy,mezozoy və kaynozoyun o qədər də qalın olmayan kontinental və dəniz çöküntü süxur qatları və kaynozoyun vulkanik süxurları ilə örtülüdür.

Müxtəlif yaşlı kristallik süxurlar arasında qranit,qneys,kristallik şistlər,qumdaşı və s-dən ibarət olan arxey və proterozoy çöküntüləri paleozoydan əvvəlki dövrdə müxtəlif qırışıqlıq mərhələləri keçirmişlər. Afrikanın qədim kristallik və metamorfik süxurları bir neçə qata bölü-nür.Sebakvi sistemi adlanan (Rodeziyada) serpentinitlər və qneyslərlə kəsilmiş ən qədim metamorfik və vulkanik süxurların yaşı 3 milyard ildən artıqdır. Bunun üzərində yatan yaşıl süxurların yaşı 2800 mln.il (Bulavay sistemi), Şamavay sisteminin arkoz qumdaşı qatlarının yaşı isə 2600 mln.ildir. Şamavay sistemi qatlarını yaşı 1900-1250 mln.il olan qranit intruziyaları kəsir, Konqo hövzəsi ətrafında üzə çıxan kristallik süxurlar daha cavandır (1400-600 mln.il). Kabara və Katanqa sistemi adı ilə məşhur olan bu süxurlar proterozoy erasına aid edilir. Şimali Qvineya yüksəkliklərindən Kamerun və Azande yüksəkliklərinə uzanan qalxma sahəsi də qədim arxey kristallik və metamorfik süxurlarından ibarətdir. Arxeyin qüvvətli qırışmış süxurları çox yerdə proterozoyun kristallik və metamorfik süxurları ilə örtülür.

Proterozoyun axırında Cənubi Afrikada baş verən Katanqa qırışıqlığı yaş etibarı ilə Asiyanın Baykal qırışıqlığı ilə müqayisə edilir.

Paleozoy erasında materikin cənub və şimal hissələri müxtəlif yollarla inkişaf etmişdir. Cənubi Afrikada paleozoyda qalxma və denudasiya prosesləri ilə yanaşı,bə’zi yerlər əyilməyə məruz qalmış və burada çox qalın (10 km-ə qədər) kontinental çöküntü kompleksi toplanmışdır. Qalınlığı 3 km-ə çatan alt paleozoyda toplanmış kontinental kap seriyası çöküntüləri paleozoyun axırlarında qırışıqlığa məruz qalmışdır.Paleozoyun ikinci yarısı və alt mezozoyda (trias dövrün- də) Cənubi Afrikada, Konqo hövzəsinin və Şərqi Afrikanın cənubunda tektonik əyilmələr sahə- sində karru sisteminin buzlaq,kontinental,göl çöküntü kompleksi toplanır.Kap qırışıqlığının şimal ətəyində hertsin dövründə yaranmış dağətəyi əyilmə sahəsində bu çöküntülər daha qalındır (10 km). Gil, qum, qumdaşı, konqlomerat və buzlaq çöküntülərindən (tillitlərdən) ibarət olan karru sistemi çöküntüləri qırışıqlıqda iştirak etmir. Lakin bəzi yerlərdə onları tektonik qırılmalar kəsir.

Karbon dövründə Cənubi Afrikada bir neçə buzlaşma mərkəzi olmuşdur. Güman edilir ki,ekvatora yaxın sahələrdəki buzlaşma mərkəzlərində relyefin yüksəkliyi 3000 m və daha artıq olmuşdur. Cənubi Afrikanın qərb hissəsini təşkil edən süxurlardan ibarət tillitlər hələ 19-cu əsrin əvvəllərində Braziliya syerralarında aşkar edilmişdir. Bu və bir sıra başqa faktlar paleozoy erasında Cənubi Amerikanın Afrika ilə bitişik olması haqda fikir söyləməyə imkan vermişdir.

Cənubi Afrikanın kaynozoy çöküntüləri əsasən müasir relyefin alçaq sahələrində,o cümlədən burada ən böyük əyilmə sahəsi olan Kalaxaridə daha geniş yayılmaqla, kalaxari sistemi çöküntüləri adlanır. (göl, allüvial, eol və su mənşəli kontinental çöküntülərdir). Cənubi Afrikada üst paleozoy və mezozoyun dəniz çöküntülərinə materikin kənarlarında ensiz zolaq şəklində rast gəlinir.

Şimali Afrikada platformanın kristallik süxurları (ərazinin 2/3 və daha çox hissəsində) paleozoy və mezokaynozoyun kontinantal və dəniz çöküntüləri ilə örtülüdür. Paleozoy çöküntüləri (devon, karbon dövrləri) Tunduf sineklizinin şimal kənarında geniş sahə tutur. Bunlar kuest tirələri və maili səthli yaylalar əmələ gətirmişdir. Silur və devon dövrü çöküntüləri həmçinin Syerra-Leone qalxanından şimalda və Volta sineklizində yayılmışdır. Çox yerdə, xüsusilə Şimali Qvineya yaylasında paleozoy çöküntüləri qumdaşı qatlarından ibarətdir.

Böyük Səhra tavasında mezozoyda baş verən əyilmə nəticəsində yura və xüsusilə təbaşir dövründə geniş dəniz transqressiyası olmuşdur. Son zamanlar bir sıra tədqiqatçılar təbaşir dövründə Dünya Okeanı səviyyəsinin müasir dövrdəkinə nisbətən 300 m. yüksək olmasını sübut etməyə çalışmışlar. O zaman Dünya Okeanının dərinliyi indikinə nisbətən xeyli az olmuş və okean suları demək olar ki, bütün materiklərin alçaq platforma düzənliklərini örtmüşdür. Sonralar okean dibini təşkil edən lava örtüyü soyuduqca sıxlığı və okeanın dərinliyi artmışdır. Bu dənizlər çəkildikdən sonra yerində üfüqi yatan və sonralar bəzi yerlərdə çox zəif platforma qırışıqlarında yığılmış əhəngdaşı, qumdaşı, gil və s. çöküntü layları qalmışdır. Böyük Səhranın sineklizlərində üçüncü və dördüncü dövrlərdə də kontinental, bəzi yerlərdə dəniz (paleogen) çöküntüləri toplanmışdır. Aralıq dənizinə yaxın sahələrdə bu çöküntülər daha geniş yer tutur. Konqo çökəyinin kənarlarında Karru sisteminin cavan qatları (trias), daxili hissələrində isə üçüncü-dördüncü dövrlərin dəniz, göl və çay çöküntüləri yığılmışdır.

Şərqi Afrikada qədim kristallik süxurlar çox yerdə mezozoy və xüsusilə kaynozoyun (oliqosen və miosen yaşli) effuziv süxurları ilə örülüdür. Somali yarımadasının cənub yamacı üçüncü dövrün, Halla yaylasının qərbi isə yura dövrünün dəniz çöküntülərindən ibarətdir. Hind okeanının sahil ovalıq və düzənlikləri mezozoy və kaynozoyun dəniz çöküntülərindən təşkil olunmuşdur.

Atlas dağları, Afrikanın başqa sahələrindən fərqli olaraq kristallik süxurlardan tutmuş dördüncü dövrə qədər müxtəlif dövrlərin vulkanik və çökmə süxurlarından ibarət olub, hertsin və alp qırışıqlıqlarına məruz qalmışdır.

Afrika materiki tektonikasının ən başlıca xüsusiyyəti onun proterozoyun axırlarından başlamış platforma rejiminə keçməsidir. Afrika yer səthinin ən qədim sabit platformalarından biridir. Geosinklinal sahələr onun yalnız şimal və cənub kənarlarında yerləşən Atlas və Kap vilayətlərini əhatə edir.

Afrikanın başlıca tektonik strukturları böyük sahə tutmaqla, əksərən dairəvi və ya oval formalı anteklizlər və sineklizlərdir. Böyük Səhra və Sudanda qərbdən şərqə Regibat, Ahaqqar, Tibesti və Nubiyə-Ərəbistan anteklizləri (qalxanları), Seneqal, Tunduf, Çad sineklizləri, bundan cənubda Syerra-Leone qalxanı, Ços massivi, Kamerun və Azande qalxanları yerləşir. Bu sırada cənub-qərb - şimal-şərq istiqamətli əyilmələr sahəsi (sinekliz və qrabenlər) Volta və Benue çayları üzrə uzanır.

Mərkəzi Afrikanın ən böyük tektonik strukturu Konqo sineklizidir. Dairəvi formalı sinekliz hər tərəfdən qalxanlarla əhatələnir. Materikin cənub hissəsini Kalaxari sineklizi,onun kənar qalxanları və Karru sineklizi təşkil edir.

Şərqi Afrikada kristallik süxurlar şimaldan cənuba böyük məsafədə uzanan iki qalxan əmələ gətirir. Başqa qalxanlara nisbətən bu iki antekliz kaynozoyda daha çox yüksəyə qalxmış və bunların tağında nəhəng qırılmalar (qrabenlər) sistemi yaranmışdır.

Nubiyə-Ərəbistan qalxanının tağında böyük Eritreya qrabeni (uzunluğu 2400 km-dən çox,eni 400 km,dərinliyi 4 km-ə qədər), cənub-şərq kənarında isə ona perpendikulyar istiqamətdə uzanan Ədən qrabeni yerləşir. Hər iki sistem Danakil qrabenində birləşir və ensiz bir yarıq şəklində cənub-qərbə uzanır, Şərqi Afrikada Rudolf gölündən keçərək Unyamvezi sahəsində itir. Yaylanın qərbində isə onu əvəz edən ikinci rift zonası yaranır. Bu zona Albert gölünün şimal kənarından başlayıb, Tanqanika və Nyasa göllərindən keçməklə, Zambezi çayının mənsəbinə qədər (Beyra şəhərinə qədər) uzanır.

Şərqi Afrikanın geoloji quruluşunun başqa bir cəhəti burada yer qabığını kəsib keçən qırılmalar üzrə sahəvi püskürmələrin (aktiv effuziv vulkanizmin) olmasıdır. Burada vulkanizm hələ mezozoyda başlamış, üçüncü dövrdə isə özünü daha güclü göstərmişdir. Müasir dövrdə Şərqi Afrikada püskürmələr mərkəz tiplidir. Hazırda Afrikada Niroqonqo, Karasimbi, Kamerun, Qleyn və s. püskürən vulkanlar vardır. Qleyn vulkanının püskürdüyü lava gündüz qara, gecə qırmızı rəngdə görünür, soyuyanda isə ağarır.

Alp qırışıqlığına Atlas dağlarının ensiz Aralıq dənizi sahili zonası (Er-Rif vəTel-Atlas) daxildir. Burada bir çox antiklinal və sinklinal strukturlar enlik istiqamətdə uzanan tektonik zonalar əmələ gətirir. Atlas dağlarının daha geniş hissəsi və Kap vilayəti hertsin qırışıqlığına aid strukturlardan ibarətdir.

Afrikanın geoloji inkişaf tarixində bir neçə əsas mərhələ ayrılır. Arxey-proterozoy - 2500 mnl.il davam edən bu ilk mərhələdə Afrika platformasının kristallik qırışıq bünövrəsi təşəkkül tapır və yer səthinin ən böyük qədim platforması yaranır.

Proterozoyun axırı və paleozoyun başlanğıcına qədər qədim qırışıqlıq denudasiya ilə kəsilir, qırışıqlıq zamanı baş verən vulkanizm, tam metamorfizm və süxurların kristallaçması nəticəsində sabit platformanın yaranması başa çatır.

Afrikanın inkişafında ikinci böyük mərhələ paleozoy erasını və mezozoyun başlanğıcını əhatə edir. Bu mərhələnin ən əlamətdar cəhətləri Afrikanın vahid Qondvana qitəsi tərkibinə daxil olması, materikin ərazisində böyük tektonik strukturların yaranması, böyük örtük buzlaşmalarının baş verməsi, geniş ərazilərdə müxtəlif mənşəli kontinental çöküntü qatlarının toplnmasıdır. Nəhayət paleozoyda materikin şimal və cənub kənarlarında yerləşən geosinklinal zonalarda inversiya başlanır. Atlas və Kap dağlarının hertsin qırışıqlığı zonaları yaranır. Bundan əvvəl isə paleozoyun birinci yarısında Ahaqqar-Tibesti sahəsində, Atlaslarda kaledon qırışıqlığının baş verməsi güman edilir.

Bu mərhələ təbaşir dövrünə qədər, yəni qədim Qondvananın parçalanmasının başlanğıcına qədər davam edir. Qondvananın parçalanması nəticəsində şimalda yerləşən Tetis geosink- linalından, qismən şərqdən və qərbdən materikə dənizlər transqressiya edir. Bu, şübhəsiz, parçalanma zamanı materikdə əyilmə baş verməsi və yuxarıda qeyd edildiyi kimi, təbaşir dövründə okean səviyyəsinin qalxması nəticəsində olmuşdur. Lakin cənubi və Ekvatorial Şərqi Afrikada, Şimali Afrikaya nisbətən əyilmə zəif olduğuna görə transqressiya az sahəni əhatə etmişdir. Ümumiyyətlə böyük mezozoy transqressiyası zamanı materik çox peneplenləşmiş və onun yüksəkliyi xeyli azalmışdır. Bu vaxt Şərqi Afrikada böyük tektonik qırılmalar, rift zonaları yaranmağa başlayır və vulkanizm güclənir.

Üçüncü dövrdə, xüsusilə onun ikinci yarısında tektonik hərəkətlər daha da güclənir. Bu zaman şaquli hərəkətlər nəticəsində Madaqaskar adası materikdən ayrılır, Şərqi Afrikanın qraben- lər sistemi yaranır, effuziv vulkanizmin arealı genişlənir, Atlas dağlarının alp qırışıqlığı zonası yaranır. Üçüncü və dördüncü dövrlərdə materikin cənub hissəsi ümumi qalxmaya cəlb olunur və bu fonda onun müasir kənar dağlıq hissələri daha çox qalxır. Qalxma bütün Şərqi Afrikanı, Atlas dağlarını və digər müsbət tektonik strukturları əhatə edir. Şimali Afrika dəniz sularından azad olur. Konqo çayı Cənubi Qvineya yaylasını kəsir və Konqo çökəyindəki göl yox olur. Afrikanın sineklizlərini örtən cavan çöküntülər bu mərhələdə toplanmışdır.
Faydalı qazıntıları

Afrika müxtəlif faydalı qazıntlarla çox zəngindir. Faydalı qazıntıların müxtəlif mənşəli qrupları materikin ayrı-ayrı tektonik sahələri ilə əlaqədardır. Arxey və ptoterozoy qırışıqlığı zonası metal faydalı qazıntılarla, qiymətli daş-qaş yataqları ilə daha zəngindir. Burada ən çox maqmatik, metamorfik mənşəli faydalı qazıntı yataqları vardır. Qədim qalxanların aşınma qabığı ilə ilkin mineralların aşınmasından yaranan faydalı qazıntı yataqları, həmin sahələrdə çayların fəaliyyəti ilə əmələ gələn səpinti yataqları yayılmışdır. Postmaqmatik yataqların əksəriyyəti kristallik əsasla əlaqədar olub, onun səthə çıxdığı yerlərdə rast gəlinir. Faydalı qazıntıların çökmə yataqları platformanın çöküntü süxur örtüyü ilə əlaqədardır və əsasən sineklizlərdə əmələ gəlmişdir.

Qara metalın əsas yataqları (dəmir, manqan, titan, xrom) Şimali Qvineya yüksəkliklərində, Syerra-Leonedə, Aşağı Voltada, Cənubi Afrikada və Atlas dağlarındadır. Başqa sahələrdə də dəmir filiz yataqları məlumdur. (Konqo hövzəsinin kənar qalxmalarında, Misirdə, Böyük Səhranin qərbində, Şərqi Afrikada). Əlvan metalların böyük yataqları yenə qədim qırışıqlıq əsasın çıxıntıları ilə əlaqədar olmaqla, Katanqada (kobalt, mis, sink, qurğuşun), Şərqi Konqoda (sink), Şimali Qvineya və Atlas dağlarındadır.

Nadir metal yataqları Cənubi Afrikada Kalaxari sineklizini cənubdan və şərqdən əhatə edən kristallik əsasın qalxanlarında (litium, berillium, sürmə, uran), Katanqada (uran), Anqolada (uran) və s.sahələrdə məlumdur.

Əlvan metalların əhəmiyyətli yataqları Cənubi Afrikada (maqmatik mənşəli qızıl, platin), Şərqi Afrikada (postmaqmatik mənşəli qızıl) və Şimali Qvineyada aşkar edilmişdir. Qiymətli daşlardan almazın ən böyük yataqları Cənubi Afrika, Katanqa və Şimali Qvineyadadır. Qeyri-mütal fatdalı qazıntılardan asbestin böyük yataqları Cənubi Afrikada (kianit, qrafit), Şərqi Afrikada, Atlas dağlarındadır (fosforitlər).

Daş kömürün ən böyük yataqları Cənubi Afrikadadır (paleozoy çöküntülərində). Bundan əlavə Rodeziyada, Tanqanika və Nyasa gölləri ətrsfında və Atlas dağlarında çoxlu kömür yataqları vardır.

Neft yataqları əsasən üçüncü dövrün və mezozoyun dəniz çöküntüləri il əlaqədardır. Ən böyük yataqlar Şimali Afrikada ikinci dünya müharibəsindən sonra açılmışdır. Hazırda Liviyada, Misirdə, Əlcəzairdə, Tunisdə, Niger, Oqove və Kvanze çayları mənsəbində neftin çox böyük yataqları məlumdur. Bunlardan bir çoxu istismar edilir (Misirdə,Əlcəzairdə və Liviyada). Yanar qaz yataqları Əlcəzairdə kəşf edilmişdir.
Relyefi

Afrikanın relyefi onun geoloji quruluşu, tektonikası, maqmatizm və uzun geoloji dövrlərdə burada hakim olan ekzogen proseslərin fəaliyyəti ilə sıx əlaqədardır. Relyefin böyük formaları tektonik strukturlara uyğun gəlir. Afrikanın hipsometrik quruluşu bir tərəfdən neogen və dördüncü dövrdə baş verən tektonik hərəkətlərin,digər tərəfdən denudasiya və akkumulyasiya proseslərinin qarşılıqlı təsiri ilə müasir formaya düşmüşdür. Materik sabit platforma rejimində inkişaf etdiyinə görə onun səthi şaquli istiqamətdə az parçalanmış və burada çox kontrastlı relyef formalarına yalnız Atlas və Kap vilayətlərində, qismən də Şərqi Afrikada rast gəlmək mümkündür.

Afrikada ən geniş yayılmış relyef formaları platforma düzənlikləri, qapalı çökəklər, yüksəkliklər və yaylalardır. Sineklizlərə uyğun gələn dairəvi çökəklər (Konqo, Kalaxari) materikin mərkəzi hissəsində və cənubunda daha aydın görünür. Şimalda çökəklərin konturu o qədər də kəskin və aydın deyildir. Burada yalnız Çad çökəkliyi ətraf sahələrdən yaxşı seçilir.

Yüksəkliyinə görə Afrikada iki böyük sahə ayrılır:

1)Hündür Afrika, bu sahə onun cənub və şərq hissələrini tutur. Burada əksər ərazilərin mütləq yüksəkliyi 1000 m-dən artıqdır.

2)Alçaq Afrika bu ərazi qitənin şimal və qərb hissəsini (Böyük Səhranı və Sudanı) əhatə edir. Burada geniş əraziləri yüksəkliyi 1000 m-dən azdır. Yüksək Afrikada hündürlüyü 1000 m-dən az, Alçaq Afrikada isə 2000 m-dən xeyli yüksəyə qalxmış sahələr vardır. Bu iki hissə arasında şərti sərhəd Qvineya sahilindəki Bonqvoelo (Benqela) şəhərindən Eritreyadakı Mombasa şəhərinə qədər uzanan diaqonal xətt üzrə keçir. Ovalıq və düzənliklərin əksəriyyəti tektonik əyilmə sahələrinə, dağlıq və yaylalar isə tektonik qalxmalara uyğun gəlir.

Beləliklə, Afrikada relyef və tektonikanın əsas elementləri bir-birinə tam uyğundur. Bununla yanaşı bəzi sahələrdə relyefin inversiyası müşahidə edilir. Məsələn, Karru sineklizi əslində çökək deyil, yüksək yayladır. Bu sinekliz Kap dağları üçüncü dövrdə (xüsusilə neogendə) qalxdığı zaman onunla bərabər qalxmış və yüksək yaylaya çevrilmişdir. Afrikada arid denudasiya və arid akkumulyasiya (xüsusilə eol) relyef formaları daha geniş yayılmışdır. Bol yağıntılı ekvatorial qurşaqda və subtropiklərdə flüvial, keçid iqlim sahələrində isə semiarid relyef formaları inkişaf etmişdir.

Relyef xüsusiyyətlərinə görə Afrikada aşağıdakı morfostruktur vilayətlər ayrılır: Atlas dağları, Böyük Səhra və Sudan stolvarı ölkəsi, Şimali Qvineya yüksəkliyi, Konqo çökəyi və ətraf yüksəkliklər, Həbəşistan və Somali, Şərqi Afrika, Cənubi Afrika, Kap dağları vilayəti və Madaqaskar adası.

Atlas dağları hertsin və alp qırışıqlığı zamanı yaranmış bir neçə böyük morfostruktur zonadan ibarətdir. Aralıq dənizi sahilboyu uzanan alçaq Tell Atlas qırışıq dağlardır. Cənub və cənub-qərbdə Yüksək, Orta və Səhra Atlası yerləşir. Yüksək Atlasda Cəbəl-Tubkal massivinin hündürlüyü 4165 m-ə çatır. Səhra Atlası orta yüksəkliyə malik olan massivlərdən və faylı dağlardan ibarətdir. Atlas dağlarının daxili hissəsini yüksək Şott yaylası tutur. Yüksək Atlasla Atlantik okeanı sahili arasında Mərakeş Mesetası (yaylası) yerləşir.

Böyük Səhra və Sudan stolvarı ölkəsi Afrika platformasının ümumi əyilmə sahəsindədir. Burada kristallik süxurlar enlik istiqamətdə düzülmüş, bir-birindən təcrid olunmuş massivləri və dağları əmələ gətirir. Qərbdə Regibat qalxanı sahəsində hündürlüyü 500 m-ə qədər yüksələn yayla və stolvarı sahələr, onun şərq kənarında paleozoy çöküntülərinin səthə çıxdığı sahədə isə kuestəbənzər tirələr və yaylalar yerləşir. Böyük Səhranın mərkəzində yerləşən Ahaqqar və Tibesti dağları daha yüksəkdir (Tahat dağı-3003 m, Emi-Kussi dağı 3415 m). Burada kristallik süxurlar böyük gümbəzəoxşar qalxan əmələ gətirir. Bu qalxanın tağında isə dərinlik qırılmaları üzrə vulkanik dağlar və lava yaylalrı yerləşir. Ahaqqar və Tibesti massivlərinin ətrafında üzə çıxan paleozoy süxurları kuest tirələri (Təsili) və səthi meylli stolvarı yaylaları (Muidir, Təsili-Əcər, Təsili-Ahaqqar, Adrar-İforas, Air, Çodo, Tummo) əmələ gətirir. Mərkəzi massivlər yüksək olduğundan quru dərələrlə çox parçalanmışdır. Böyük Səhra qumlarında itən bir çox quru dərələrin (vadilərin) mənbəyi Ahaqqar və Tibesti dağlarındadır.

Böyük Səhra və Sudan vilayətinin şərqində, kristallik süxurların səthə çıxdığı üçüncü böyük sahə Qırmızı dəniz qrabeninin qərb kənarında ucalan Etbay dağlarını (Ərəbistan və Nubiyə səhralarının yüksək şərq kənarıdır) əmələ gətirir (Eş-Şaib 2184 m). Atlas dağları ilə Ahaqqar massivinin şimal ətəkləri arasında Atlasqabağı maili düzənlik və səhralar,cavan tektonik əyilmə zonasını tutan şoran ovalıqlar yerləşir. Şott adlanan bu ovalıqların bəzi yeri okean səviyyəsindən alçaqdır (Şott Melkir, -30 m). Ahaqqar və Tibestidən şimalda stolvarı yaylalar və qumlu səhralar yerləşir. Yaylaların yüksəkliyi 500-1000 m arasındadır (Hamada Tinqert, Edeyn-Ubari, Serir-Tibesti və s.). Bu yayalalardan şərqdə Liviya ovalığının qumlu-gilli səhraları və dəniz səviyyəsindən 133 m-ə qədər alçaqda olan Kattar çökəyi yerləşir. Şimaldan bu ovalıq və çökəklər Aralıq dənizinin sahil yüksəklikləri (Cəbəl-əl-Əhdər, 865 m və s.) ilə əhatələnir.

Mərkəzi qalxmalar zonasından cənubda böyük morfostrukturlar Atlantik sahili və Əl-Cof ovalıqları (bunları alçaq Adrar yaylası ayırır), Sahil yaylası, Orta Niger, Çad və Yuxarı Nil çökəkləridir. Çad çökəkliyi Bodele, Çad, Kavar, Manqa və Şari düzənliklərindən ibarətdir. Bodele düzənliyinin hündürlüyü 200 m-dən azdır. Orta Nil çökəyi ilə Çad çökəyi arasında kristallik süxur çıxıntıları üzərində Ennedi, Darfur və Kordofan yaylaları yerləşir. Darfurda lava yaylaları, vulkanik dağlar vardır (Cəbəl-Marra, 3088 m). Böyük Səhra-Sudan stolvarı sahəsindəki yaylaların bir qismi struktur yayla, bir qismi isə müxtəlif yaşlı və müxtəlif mənşəli hamarlanma səthləridir (peneplen). Böyük çökəklər zonası cənubdan yuxarı Qvineya, Kamerun və Azande yaylalarının şimal ətəyi, şərqdən isə Həbəşistan yaylasının dik qərb yamacı ilə əhatə olunur.

Yuxarı Qvineya yüksəkliyi bir neçə massiv və yayladan ibarətdir. Massivlərdən Futa-Callon (1425 m), Syerra-Leone-Liberiya massivini (Loma, 1948 m), Toqo və Atakoranı göstərmək olar. Bunların arasında struktur-denudasion yaylalar, cənubda isə Qvineya sahili ovalığı uzanır. Sahil ovalığının şərq hissəsi Niger çayının geniş deltasıdır.

Ekvatorial Afrikanın ən böyük morfostrukturu Konqo çökəyi və onu əhatə edən massivlər, yaylalardır. Konqo çökəyi mərkəzə tərəf pilləli alçalan, geniş hissəsi allüvial və göl çöküntüləri ilə örtülmüş qapalı düzənliklərdir. Konqo çayı qollarının birləşdiyi yerdə düzənliyin hündürlüyü 300-400 m-dir. Konqo çökəyi şimal-qərbdə dağlıq Kamerun massivi (2680 m), şimalda Azande yaylası (yüksəkliyi 600-1000 m),qərbdə çay dərələri ilə çox kəsilmiş Cənubi Qvineya yaylası ilə əhatə edilmişdir. Kamerun massivinin tektonik qırılmaları üzrə Biafra körfəzi sahilində Kamerun vulkanı (4070 m) və körfəzin içərisində Fernanda-Po vulkanı (3106m) ucalır. Bu tektonik zonada sahildən xeyli aralı Prinsipe, San-Tome (2135 m), Annobon dağlıq vulkanik adaları yerləşir.Konqo çökəyindən cənubda Kvanqo, Lunda və Katanqa yaylaları enlik istiqamətdə uzanır. Bu yaylalar eyni zamanda Kalaxari çökəyinin şimal sərhədidir. Katanqa yaylası səthində qraben çökəkləri və horst tipli alçaq dağlar yerləşir. Konqo çökəyindən kənara yalnız bir çıxış vardır ki, bu da Konqo çayının Cənubi Qvineya yaylasında neogendə yaratdığı ensiz və astanalı dərin çay dərəsi üzrədir.

Cənubi Afrikanın ən böyük morfostrukturu Kalaxari çökəyidir. Uzunsov formada olan bu çökək şimal və cənub hissələrə bölünür. Kalaxari çökəyi qərbdən nəhəng kuesti xatırladan yaylalarla əhatə edilir. (Biye, Kaoko, Damaralend və s.). Kalaxari şərqdə Matabele yaylası (1582 m), cənub-şərqdə Veldler yaylası və Əjdaha dağları (Katkin-pik,3657 m), cənubda Kap və yuxarı Karru yaylaları il əhatə olunmuşdur. Kalaxarini şərqdən əhatə edən dağlar və yaylalar da qərbdə olduğu kimi okean sahilinə çox dik enir, daxilə doğru isə tədricən alçalır. Kalaxari çökəyi şərqdə Zambezi və Limpopo çayları boyu, cənub-qərbdə isə Narınc çayı boyunca uzanan əyilmələr zonası ilə okeana açılır. Qitənin cənub qurtaracağında enlik istiqamətdə uzanan alçaq və orta hündürlükdə Kap dağları və sinklinal dərələr uzanır.

Şərqi Afrika uca yaylalardan və dağlardan ibarətdir.Burada çox böyük morfostruktur vilayət yerləşir (Həbəşistan, Somali və Ekvatorial Şərqi Afrika).

Həbəşistan və Somali yaylaları kristallik platforma süxurlarının çox yüksəyə qalxdığı sahədədir. Həbəşistanda yaylanın səthi qalın vulkan süxurları ilə örtülmüşdür. Somalidə isə böyük gümbəzvarı qalxmanın cənub yamacında mezozoy və kaynozoy dəniz çöküntüləri yerləşir Yaylanın mərkəzi hissəsi üzrə rift dərəsi uzanır. Şimal-şərq istiqamətdə bu dərənin yamacları aralanır və burada böyük Afar çökəyi, Danakil horstu və Danakil qrabeni yerləşir.

Həbəşistan yaylasının səthi ayrı-ayrı massiv və yaylalardan ibarətdir. Burada dərin çay dərələri və tektonik çökəklər vardır. Ən yüksək sahə şimalda Ras-Daşan (4620 m) dağıdır. Həbəşistan yaylasından cənubda böyük yəhərvarı çökəklikdə Rudolf gölü yerləşir.

Şərqi Afrika yaylası daha mürəkkəb relyefi ilə seçilir. Burada böyük gümbəzvarı qalxanın səthi qrabenlərlə kəsilmişdir. Qərbdə yerləşən Albert-Tanqanika qrabenləri sistemi qövsvarı formada uzanmaqla, qərbdən və şərqdən assimetrik quruluşlu dağlar və massivlərlə əhatələnir (Mitumba dağları, Göy dağlar, Ruvenzori massivi 5120 m). Burada vulkanik dağlar da vardır (Karasimbi, 4507 m). Şərqdəki qrabenlər dayazdır. Lakin burada Afrikanın ən böyük və uca vulkanik dağları (Kilimancaro 5895 m, Keniya 5199 m, qoruq elan edilmiş məşhur Nqoron kalderası) yerləşir. Yaylanın səthi Hind okeanına tərəf pilləvarı alçalır.

Madaqaskar əsasən dağlıq relyefə malikdir (Saratanana 2886 m). Dağlar şərqə dik, qərbə tədricən alçalır və dərələrlə parçalanmış geniş yayla ilə əvəz olunur. Sahil boyu ensiz ovalıqlar uzanır.

Afrikanın qərbində yerləşən Kanar və Yaşıl Burun adaları vulkanik mənşəli olmaqla, əsasən dağlıq relyefə malikdir.


Yüklə 398,55 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin