Səlahəddin Xəlilov
Təəssüf ki, biz hələ də qütbləşmiş düşüncə tərzindən xilas ola bilmirik: – “Ya hər şey, ya da heç nə!”, “ya ağ, ya qara”. Aradakı bütün rəng spektri nəzərdən qaçırılır. Gerçək həyatın bütün zənginliyi unudulur, inkişafın məhz ziddiyyətlərdən doğduğu da unudulmuş olur.
Biz sözümüzü ona görə təfəkkürdə qütbləşmə sindromundan başlamadıq ki, belə bir təzad guya Nərimanov şəxsiyyətinə və dünyagörüşünə də aiddir; xeyr, tam tərsinə. Nərimanov bütün həyatı və yaradıcılığı boyu vahid və ardıcıl bir əqidə nümayiş etdirmiş, bütün amalı öz xalqına, millətinə sədaqətlə qulluq etmək, xalqını maarifləndirmək, onun sosial vəziyyətini yaxşılaşdırmaq, fərdi və ictimai miqyasda sağlam mühit yaratmaq və bunun sayəsində milli intellektual potensialı buxovlardan xilas edərək onun özünüifadəsi üçün şərait yaratmaqdan ibarət olmuşdur. İstər ədəbi-bədii, istər maarifçilik və istərsə də ictimai-siyasi fəaliyyətində, iqtidarda olduğu dövr də daxil olmaqla, o həmişə bu amala xidmət etmişdir.
Bəs biz hansı ikiləşmədən, hansı qütbləşmədən danışırıq? Söhbət Nərimanovun özündən yox, onun dövründə ictimai-siyasi mühitdəki qütbləşmədən gedir və eyni zamanda söhbət hələ indi də Nərimanova münasibətdə olan tamamilə fərqli, bir-birinə zidd mövqelərdən gedir.
N.Nərimanovun bəzən bolşevik kimi dəyərləndirilməsi və bu ideologiyaya xas olan bütün nöqsanların ona da aid edilməsi birtərəfli yanaşma olmaqdan ziyadə, kökündən qüsurlu olan bir münasibətdir. Əvvəla, Nərimanovun dünyagörüşü, əqidəsi ancaq kommunist ideologiyasının, ələlxüsus bolşevizmin təsiri ilə formalaşmamışdır. O, Lenin məktəbinin yetirməsi olmamışdır. Nərimanov hələ Platondan üzü bəri davam edən və böyük Fərabilərin, Nizamilərin tərənnüm etdiyi sosial ədalət və bərabərlik ideallarının təmsilçisi idi. Digər tərəfdən, Nərimanov böyük bir millətçi və vətənpərvər idi. Hansı isə bir qrupun, partiyanın maraqlarından deyil, ilk növbədə milli maraqlardan çıxış edən, milli dövlətçilik idealını təmsil edən böyük bir türkçü idi. O, öz milli maraqlarını sosial-siyasi görüşləri ilə uzlaşdırmağa və ictimai fəaliyyətini də məhz bu kontekstdə qurmağa çalışırdı. Nərimanov müəyyən bir məqamda, tarixin müəyyən bir en kəsiyində, müəyyən bir coğrafi-siyasi şəraitdə zamanın bir gerçəkliyi olan sosial-demokratik hərəkatın və daha sonra kommunist ideologiyasının təsir sferasında və bu hərəkatın sosial-energetik potensialından bəhrələnərək öz şəxsi əqidəsini və milli ideallarını həyata keçirirdi.
Bəzən biz Nərimanovu bolşevik və ya leninçi kimi təqdim edənlərin sadəcə onu nə dərəcədə kiçiltdiklərinin fərqinə varmırıq. Bu böyük şəxsiyyəti ideyası xaricdən, Rusiyadan qaynaqlanan bir hərəkatın kortəbii davamçısı və ya transferçisi kimi qəbul etsək, sonradan onun bəraəti naminə nə qədər fikirlər söyləsək və faktlar gətirsək də, xeyri olmayacaq. Amma kommunist ideologiyası xaricində milli ruhun təmsilçisi olan bir ədib və mütəfəkkirin ictimai-siyasi təbəddülatlar dövründə sadəcə seyrçi kimi qalmayaraq, mövcud siyasi proseslərdən milli istiqlalın bir vasitəsi kimi istifadə etmək cəhdləri tamamilə anlaşılandır. Bu başqa məsələ ki, həmin dövrdə milli istiqlalın alternativ yolları var idi. Birincisi, xalqın müəyyən bir təbəqəsində sosial ədalətsizliyə qarşı mübarizə əhval-ruhiyyəsi və əhvalın Rusiyadakı proseslərlə əlaqəsinə, bölgədəki coğrafi-siyasi duruma rəğmən ancaq milli maraqlardan çıxış etmək və millətin müstəqil surətdə özünü idarə etmək hüququnu reallaşdırmaq mövqeyi, – bu, Rəsulzadələrin, Əhməd bəy Ağayevlərin yolu idi; ikincisi, milli istiqlala sosial-demokratik hərəkat dalğasında, ictimai ədalətsizliyin aradan qaldırılması uğrunda gedən mübarizə kontekstində nail olmaq, – bu, N.Nərimanovun yolu idi. Maləsəf, o bu yolda tək idi və sadəcə xalqa güvənirdi. Düzdür, Sultanməcid Əfəndiyev, Həmid Sultanov, Dadaş Bünyadzadə və s. kimi şüurlu siyasi xadimlər Nərimanovu anlayır və onu müdafiə etməyə çalışırlardılar, amma Azərbaycan KP-də, xüsusən Bakı təşkilatında gürcü eserləri və erməni daşnakları üstünlük təşkil edirdi və bəzi azərbaycanlıların da onların tərəfini saxlaması mübarizəni olmazın dərəcədə çətinləşdirirdi. Lenin ideyaları, bolşevizm dalğalarında siyasi hərəkata qoşulan R.Axundov, M.Hüseynov, Ə.Qarayev və s. nəinki nərimanovçu deyildilər, hətta Nərimanova qarşı mübarizədə anti-Azərbaycan qüvvələri ilə birləşirdilər. N.Nərimanov onların bu mövqeyini “ifrat inqilabçılıq” və “ifrat beynəlmiləlçilik” adlandırırdı. Milli məfkurə və istiqlaliyyət ideallarına yabançı olan və ideya-nəzəri tezisləri əslində öz hakimiyyət uğrunda mübarizəsində sui-istifadə edən praktik bolşevizm nərimanovçuluğun ən qəddar düşməni idi və kor-koranə surətdə onlara qoşulan bəzi “milli” bolşeviklər də onların təsiri altına düşürdülər.
Biz hələ indiyədək yetərincə araşdırılmamış nərimanovçuluq ideologiyasının təfərrüatına getmədən, sadəcə belə bir məqamı vurğulamaq istəyirik ki, məqsəd və amal baxımından nərimanovçuluq milli-demokratik hərəkatla eyni platformada dururdu. Məqsəd milli istiqlal və sosial ədalət idi. Böyük planda götürdükdə, Nərimanov daha çox dərəcədə Rəsulzadə ilə bir cəbhədə idi, nəinki Ə.Qarayev kimilərlə.
N.Nərimanova bir bolşevik kimi yox, milli siyasi xadim kimi, xalqını təmsil edən bir dövlət adamı kimi baxmaq nümunəsini yüksək tribunadan birinci dəfə Heydər Əliyev bəyan etdi və onu həm felən, həm də xatirələrdə heykəlləşdirdi. Necə dəyərlər, “zər qədrini zərgər bilər!”
N.Nərimanovun millət və xalq qarşısında rolunu daha aydın təsəvvür etmək, “millətçilərin” “arqumentlərinin” nə dərəcədə əsassız olduğunu göstərmək üçün belə bir fikri eksperiment aparaq: fərz edək ki, o dövrdə Nərimanov yox idi. Bir milli istiqlalçılar var idi, bir də bolşeviklər. Onda hadisələr hansı istiqamətdə cərəyan edə bilərdi? Xalq Cümhuriyyəti artıq qurulmuşdu, hakimiyyət onların əlində idi və onlar nə edə bilərdilərsə, etdilər (bəlkə də, daha nə isə edə bilərdilər, – amma bu, artıq başqa bir mövzudur).
Bolşeviklərin gəlişi əslində xarici intervensiya idi və bu, Nərimanovlu da olacaqdı, Nərimanovsuz da. Yəni, Rusiyanın işğalçı siyasətinin, XI Qızıl Ordunun qarşısını almaq mümkün idisə, bunu Nərimanov deyil, o vaxtkı iqtidar etməli idi. Mümkün deyildisə, belə şayiələr buraxmaq ki, guya ordunun dəvət olunmasında Nərimanov da iştirak etmişdi, bunlar siyasi naşılıqdır, çünki rus ordusu üçün dəvət səbəb deyildi, bəhanə idi və bu bəhanəni onlar həmişə uydura bilərdilər. Onsuz da həyata keçən bu prosesdə S.Şaumyanla, S.Orconikdze ilə, S.M.Kirovla və bizim onlardan betər “milli” bolşeviklərlə yanaşı, Nərimanovun da iştirakı olmasaydı, onda bütün erməni planlarının və rus imperialist siyasətinin tam həcmdə gerçəkləşəcəyinə heç bir şübhə ola bilməzdi. Amma bir böyük azərbaycanlı lazım olan məqamda lazım olan yerdə tapıldı və onların əksər planlarını pozdu. Bəs olmasaydı, o da cümhuriyyətçilərin içərisində olsaydı və onlarla birgə mühacir olsaydı, sürgün edilsəydi, onda necə? Kim deyə bilər ki, Nərimanovun bütün bu xidmətləri təsadüfi idi, o olmasa idi də, bir başqası (“bu bolşevik olmasın, o bolşevik olsun”) da onun gördüyü işləri görə bilərmiş. Bəs onda kim? Həmin dövrdə həmin şəraitdə Nərimanovu çıxdıqda yerində tam bir boşluq, qaranlıq qalır. Məqsədimiz bu qaranlığı işıqlandırmaq və nərimanovçuluğun məhz fərqli bir hadisə olduğunu nəzərə almaqdır.
Bəzi müəlliflər Nərimanovun siyasi baxışlarının həyatının sonunda dəyişilməsindən bəhs edirlər. Halbuki, bizim fikrimizə görə, dəyişən Nərimanovun baxışları deyildi, dəyişən Kremlin siyasəti idi. Nərimanov özü mövqeyinin mərkəzlə uyğun gəlməməsini bolşeviklərin səhv siyasəti ilə izah edirdi.1 Bu, peşmançılıqdan daha çox, etiraz idi.
V.B.Leninin siyasi səhnədən getməsi, İ.V.Stalinin və onun kimilərinin partiya rəhbərliyində möhkəmlənməsi daha artıq fəlsəfi və ideya-siyasi arqumentlərlə haqqın müdafiəsini mümkünsüz edirdi. Bəli, Nərimanov daha artıq dəyişilmiş siyasi kursu qəbul edə bilmirdi. Bu kurs marksizmə və Leninin vədlərinə açıq-aşkar zidd idi. İndi çoxları Nərimanovun mövqeyini peşmançılıq kimi dəyərləndirir, amma bizcə, söhbət daha çox dərəcədə təəssüf hissindən gedir. Və bu təəssüf hissini yaşayan tək Nərimanov deyildi. Sonrakı dövrlərdə gerçək marksizmi, sosializm ideallarını dərindən mənimsəmiş bütün tərəqqipərvər ziyalılar bu böyük idealın saxtalaşdırılması, sosial ədalət uğrunda, “xalq hakimiyyəti” uğrunda mübarizənin partiyada liderliyi ələ keçirmiş bir qrupun, daha sonra isə tək bir şəxsin hakimiyyəti ilə əvəz edilməsi əslində çox ağrılı bir proses idi. Təkcə minlərlə, milyonlarla insanların repressiyası və qətli baxımından deyil, işıqlı bir ideyanın eybəcərləşdirilməsi və idollaşdırılması baxımından da. Düzdür, hələ Leninin sağlığında da marksizmdən uzaqlaşma və rus şovinizmi, volyuntarizm özünü göstərirdi, amma hələ ki, sosialist idealları ön cəbhədə idi. Bu dövrə qədər N.Nərimanovun tutarlı arqumentləri ilə hesablaşmamaq mümkün deyildi. Və o, məhz kommunist ideologiyasından, xalqı səfərbər edən əsas vədlərdən, sosialist tezislərindən, o cümlədən beynəlmiləlçilik və millətlərin öz müqəddəratını təyin etmək prinsipindən çıxış edərək, müəyyən uğurlar qazanmağa çalışırdı. Bəli, Lenin heç də bütün vədlərində səmimi deyildi. Amma “üz üzdən utanar”, – deyirlər. Marksizmin öz təməl qüsurlarına, V.İ.Leninin lap əvvəldən marksizmdən uzaqlaşması hallarına, qopmalara baxmayaraq, əsas xətt – sosialist konsepsiyası ortada idi və Lenin bir inqilabçı və hakimiyyət ovçusu olduqdan öncə, həm də bir əqidə, ideya adamı idi. Onunla ideya dilində danışanda, hesablaşmalı olurdu və Nərimanov da bu dili gözəl bilirdi. 1923-cü ildə Leninin siyasi səhnədən faktiki olaraq uzaqlaşdırılmasından sonra isə geriyəçəkilmələr, əsas idealdan sapmalar sürətlə artmağa başladı. Stalin epoxası başlanırdı və məhz belə bir siyasi riyakarlıq dövründə nəinki Nərimanov, bütün əqidəli kommunistlər ideal və gerçəklik arasında fərqi görərək, nəinki sadəcə təəssüf hissi keçirdilər, hətta ideya faciəsinin bütün sarsıntılarını yaşamaq zorunda qaldılar. Bəli, bu məhz faciə idi – amma peşmançılıq deyildi. Çünki Nərimanov gözəl bilirdi ki, inqilabın ilk illərində o, siyasi proseslərə təsir göstərməsə idi, hər şey daha pis ola bilərdi. Bu “daha pislər” haqqında, tək bir şəxsin sayəsində nələrdən xilas olduğumuz haqqında H.Həsənovun və digər tədqiqatçıların kitablarında ətraflı məlumat verilmişdir. Güman edirik ki, onun bu nömrədə oxucularımıza təqdim etdiyimiz və faktiki materialla zəngin olan “Nəriman Nərimanov: milli ruh və siyasi təfəkkürün vəhdəti” adlı məqaləsi də bu problemlə bağlı bir çox suallara aydınlıq gətirilməsinə xidmət edəcəkdir.
Dostları ilə paylaş: |