Afse a fəLSƏFƏ və sosial-siyasi elmlər elmi-nəzəri jurnal



Yüklə 1,37 Mb.
səhifə18/100
tarix10.01.2022
ölçüsü1,37 Mb.
#98609
1   ...   14   15   16   17   18   19   20   21   ...   100
Anahtar kelimeler: felsefe, akide, ideya istikameti, ruh, maneviyat.
Fəlsəfə tarixi


Şah Vəliyullah Dehləvi:

islahatçılıq fəaliyyəti və fəlsəfəsi




Qəmər Mürşüdlü



Şah Vəliyullah kimdir

Fəlsəfi-tarixi ədəbiyyatımızda haqqında az bəhs olunan (və ya heç bəhs olunmayan) islam düşünürlərindən biri də daha çox Şah Vəliyullah adı ilə məşhur olan Qütbəddin Əhməd ibn Əbdürrahim Dehləvidir. Şah Və­li­yullah bütün müsəlman aləmində durğunluq və geriliyin hökm sürdüyü, şirk və xurafatın yayıldığı bir dönəmdə müqəddəs torpaqlardan uzaqda – Hin­distanda Quran və hədisin yenidən canlandırılması, dini elmlərin dir­çəl­dil­məsi, islamın mövhumat və bidətlərdən təmizlənməsi və ilkin saflığına qay­tarılması məqsədilə böyük bir islah və yeniləmə fəaliyyəti göstərmiş, is­la­mın fəlsəfəsini yaratmışdır. M.İqbalın sözləri ilə desək, Şah Vəliyullah keç­mişlə əlaqəni tam kəsmədən bütün islam sistemini yenidən nəzərdən keçirmə arzusunu hiss etmiş ilk müsəlmandır (6, 136).

Qütbəddin Əhməd Şah Vəliyullah (1703-1763) elmi, imanı, irfan sa­hi­bi olması və cəsurluğu ilə məşhur olan bir nəslə mənsubdur. Onun soy kökü ata tərəfdən Hz. Ömərə, ana tərəfdən isə imam Musa Kazıma çatır. Ulu ba­ba­ları h. YII əsrin sonları YIII əsrin əvvəllərində Hindistana köçmüş, Dehli ya­xınlıqlarındakı Ruhtək şəhərində məskunlaşmışlar. Atası Şah Əbdürrahim dövrünün dərin biliyi və bacarığı, dinə bağlılığı, yüksək mənəvi keyfiy­yət­lə­ri və təsəvvüfi mərifəti ilə seçilən alimlərindən olmuşdur. Hökmdar Aləm­gi­rin (öl.1707) göstərişi ilə hazırlanan məşhur əl-Fətava’l Hindiyyəni tərtib edən üləma heyəti sırasında idi. O, Dehlidə Rahimiyyə adlandırdığı mədrəsə açmış və burada ilk dəfə olaraq təfsir mətnindən istifadə etmədən Quran ayə­lərinin oxunmasını təşkil etmişdi. Və şübhəsiz ki, Şah Vəliyullahın təlim və tərbiyəsində, mükəmməl bilik və mənəvi üstünlüklər əldə etməsində ata­sı­nın rolu və təsiri böyük olmuşdur.

Vəliyullah yazıb-oxumağa erkən yaşlarından başlamış, adı mədrəsəyə qeyd etdirilsə də, təhsili evdə almış və atasının onun üçün tərtib etdiyi xü­su­si proqram əsasında dövründə tədris olunan hədis, təfsir, islam hüququ, tə­səv­vüf, hesab, məntiq, kosmoqrafiya, tibb, fəlsəfə və s. elmləri dərindən mə­nim­səmişdir. Ərəb və fars dillərini mükəmməl öyrənmişdir. Nadir zehni qa­bi­liyyətə malik olan Vəliyullah artıq yeddi yaşlarında Qurani-Kərimi əzbər­dən bilmişdir. Fitri bacarığı sayəsində çeşidli elm sahələrində əldə etdiyi bi­liyi on beş yaşlarında olarkən başqalarına da öyrətməyə başlamış və bununla öz elmini daha da dərinləşdirmişdir. Atasının ölümündən sonra (1719) isə gənc Vəliyullah onun Rahimiyyə mədrəsəsində hədis, təfsir, məntiq kimi elm­lərin tədrisi ilə məşğul olmuş və tezliklə elmi və mənəvi keyfiyyətləri sayəsində ətrafına çoxsaylı tələbələr toplaya bilmişdir. Özünün yazdığı ki­mi, on iki il davam edən bu fəaliyyəti boyunca o, dini kitabları və rasional bi­liklərə aid kitabları tədris edir və hər elmdə dərin bilik və düşüncə sahibi olma fürsəti qazanır (3, 127).

Əhməd Şah Vəliyullah iyirmi yeddi yaşında olarkən müqəddəs tor­paq­la­ra səfərə çıxır və onun dünyagörüşünün formalaşmasında, dini-elmi biliyi­nin dərinləşməsində, habelə islam aləmini yaxından tanımasında həcc zi­ya­rə­ti məqsədilə etdiyi bu səfərin böyük rolu olmuşdur. Səfəri zamanı o, təx­minən bir il yarım islam aləminin dini, mədəni və elmi mərkəzində - mü­qəd­dəs Məkkə və Mədinə şəhərlərində qalmış, həcc ziyarətini yerinə yetirməklə bə­rabər, müxtəlif islam ölkələrindən gəlmiş böyük və nüfuzlu bilginlərdən hə­dis elmini, fiqhi və sufizmi daha geniş və hərtərəfli öyrənmiş, bu sahə­lər­də biliyini təkmilləşdirmişdir. Dərs aldığı ustadlardan Şeyx Əbu Tahir Mə­həm­məd əl-Mədəninin və Şeyx Tacəddin əl-Kalinin onun elminə və düşün­cəsinə böyük təsiri olmuşdur.

Hicazda aldığı biliklər Şah Vəliyullahın gələcək fəaliyyətinin müəy­yən­ləş­məsinə və niyyətlərinin gerçəkləşməsinə önəmli təsir göstərmişdir. Hə­dis sahəsindəki biliyi onun islamı yeniləmə və islah fəaliyyətinin əsasını təş­kil etmiş, hədis elmi ilə islam hüququnu birləşdirmək səylərinin ger­çək­ləş­məsini təmin etmiş, ictihad sahəsində düşüncəsinə aydınlıq gətirərək, yük­sək müctəhid səviyyəsinə qaldırmışdır.

Həcc ziyarətindən döndükdən sonra Şah Vəliyullah dini-maarifçilik fəa­liyyətinə başlayır və Rahimiyyə mədrəsəsində müəllimlik işini daha ge­niş bilik, təcrübə və enerji ilə davam etdirir. Qısa bir zaman içində tələbələ­rin sayı artdığından mədrəsədə yer darlıq edir. Bundan xəbər tutan Sultan Mə­həmməd Şah (öl. 1750) Dehlinin mərkəzində mədrəsə üçün böyük bir bi­na ayırır. Və az sonra “Elm evi” adı ilə məşhur olan bu mədrəsə Hindistan mü­səlmanları üçün bir elm ocağına çevrilir.

Şah Vəliyullah ərəb və farsca bir çox əsər (əsərlərinin sayı dəqiq mə­lum deyil, elmi ədəbiyyatda məktub və şeirləri istisna olmaqla, böyüklü-ki­çik­li qırxa qədər əsəri olduğu göstərilir) qələmə almışdır. Onun əsərləri möv­zu və məzmununa görə zəngindir və dini elmlərlə yanaşı islam çər­çi­və­sin­də siyasi, iqtisadi, sosial və metafizik məsələləri əhatə edir. Tədqiqatlarda bun­ların sırasında ən önəmli yer tutan üç əsərin adı ayrıca qeyd olunur: bi­rin­cisi, mütəfəkkirin ən mühüm görüşlərinin yer aldığı, islam dininin fikri, siyasi, hüquqi, əxlaqi, mədəni və s. bütün tərəfləri ilə nizam və bütünlük için­də ələ alındığı və islamın fəlsəfəsinin açıqlandığı “Hüccətullahi’l-ba­li­ğa”; ikincisi, islamın tarixi ilə müsəlmanların tarixinin bir-birindən ayrı ola­raq nəzərdən keçirildiyi “İzalətu’l-hafa ən xilafəti’l-xuləfa”; üçüncüsü, tə­səv­vüfi duyğuların qələmə alındığı “ət-Təfhimatu’l-ilahiyyə”. Şah Vəliyul­la­­hın digər əsərləri də öz mövzusuna və məzmununa görə orijinaldır və təd­qi­qatçılar tərəfindən yüksək qiymətləndirilir.

Təqdim olunan məqalə əsasən Şah Vəliyullah Dehləvinin “Hüccətul­la­hi’l-baliğa” (“Allahın tutarlı dəlilləri”) – I cild və “İkdü’l-cid fi ehkami’l-ic­tihadi və’t-təqlid” (“İctihad və təqlidin hökmləri haqqında boyunbağı”) əsər­ləri üzrə yazılmışdır.

Bir neçə söz də Şah Vəliyullah Dehləvinin düşüncə və görüşlərinin qaynaqları haqqında. Şah Vəliyullahın bütün mənəviyyatı, fəaliyyəti, səyləri və fikri sistemi Quran və Sünnə ilə sıx bağlıdır və onlardan qaynaqlanır. Qu­ran və Sünnənin böyük mənəvi gücünü dərk etməkdə, bu böyük elmi mə­nim­səməkdə və həyatının ilham mənbəyinə çevirməkdə isə o, bir sıra müəl­lim­lərinə, ustadlarına borcludur. Bu mənada Şah Vəliyullahın dün­ya­gö­rüşü­nün formalaşmasına onun ilk Quran və hədis müəlliminin – atasının təsiri bö­­yük olmuşdur. Atasından sonra isə o, ən çox müraciət etdiyi müəllimi Şeyx Məhəmməd Əfdalın məsləhətlərindən faydalanmışdır. Şah Vəliyulla­hın Qurani-Kərimə və Sünnəyə bağlılıqda İbn Teymiyyədən təsir­lən­diyi açıq görünməkdədir. Bu özünü onun haqsız tənqid və təhqirlərə məruz qal­mış İbn Teymiyyəni müdafiə etməsində və gözəl sözlərlə tərifləməsində də göstərir. Mütəfəkkir bununla əlaqədar “ət-Təfhimatü’l-ilahiyyə” əsərində yaz­mışdır: “Şeyxülislam İbn Teymiyyənin Kitabdan, Sünnədən və sələfin söz­lərindən əlində dəlili olmayan heç bir sözü, iddiası yoxdur. Dünyada belə bir alimin varlığı çox böyük bir nemətdir. Yazma və anlatmada onun sə­viy­yə­sinə çata biləcək olan kim vardır? Ona qarşı çıxan insanlar onun məziy­yət­lərinin, üstünlüklərinin onda birinə sahib deyildirlər” (sitat üçün bax: 3, 191).

Əhməd Şah Vəliyullahın Məkkə və Mədinədəki ustadları da onun dü­şün­cə və görüşlərinin inkişafında və genişlənməsində dərin izlər buraxmış­lar. Bundan başqa mütəfəkkir dini prinsiplərin əsaslandırılmasında Əşəridən ağıl və məntiqi, imam Qəzalidən isə fəlsəfəni tətbiq etməyin yollarını öyrən­miş­dir. “Hüccətullahi’l-baliğa” da o, təsirləndiyi digər islam alimlərindən İz­zəddin ibn Əbdüssəlamın, əl-Həttabın, Həsən əl-Bəsrinin, Maturidinin və b. adlarnı böyük hörmətlə xatırlayır.

Təsəvvüfə dair baxışlarında Şah Vəliyullah İbn Ərəbinin və Şeyx Əh­məd Sirhindinin təlimlərindən faydalanmış və onları uzlaşdırmağa çalış­mış­dır.

Beləliklə, Şah Vəliyullah Dehləvinin düşüncə sistemi və fəaliyyəti böyük hikmət, möhkəm və dərin bilik təməli üzərində qurulmuşdur.


Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin