Afse a fəLSƏFƏ və sosial-siyasi elmlər elmi-nəzəri jurnal



Yüklə 1,37 Mb.
səhifə52/100
tarix10.01.2022
ölçüsü1,37 Mb.
#98609
1   ...   48   49   50   51   52   53   54   55   ...   100
Həqqi bilən bilir ki, mən zənnü gümanə sığmazam.”

­­

Və muğam öz səslənmələrində dinləyiciyə aşıladığı fəlsəfəsi ilə bir da­ha Şərqin bu əzəli arqumentini nümayiş etdirir.

Azərbaycan muğamının aparıcı alətləri tar və kamançadır. Səslənmə­si­nə görə tar hind sitarını, kamança isə qərbin skripkasını xatırladır. Tarın dis­kret səslənməsi düşüncə prosesini imitasiya etmək üçün çox yararlıdır. Tarın pauzalarla növbələşən sirli səsləri dinləyicini silkələmək, düşündürmək və iç səslərin, ehtizazların vasitəsi ilə dərinliklərə dəvət etmək baxımından əvəz­olun­mazdır. Tar musiqi motivini cümlələr, vergüllər, nöqtələr, suallar, ni­da­lar estetikasında aşkarlayır. Bu məqam tar çalğısında ən qabarıq cəhətdir. Və bu cəhət onun musiqinin ilk notlarından təfəkkürlə identifikasiyasını tə­min etmiş olur. Dinləyici əyləncəyə deyil, fəlsəfi ünsiyyətə köklənmiş olur.

Kaman isə ağlamaq üçündür. Kanonik olaraq kamança tarı müşayət edir, arxasınca gəlir, tarın açdığı yolu özünəməxsus formada təkrarlayır. Ta­rın müəyyən etdiyi təfəkkür trayektoriyasının emosional rəngini tamamlayır. “Dərinliyə enmək bulvar səyahəti deyil”, – deyir muğam.

Qərb fəlsəfəsində idrak prosesini müşayət edən emosionallıq ümumən rədd edilir; Nitşe, Berdyayev kimi bəzi istisnaları çıxmaq şərti ilə. Özünün avtobioqrafik əsərində N.Berdyayev yazırdı: “İdrakda Spinozanın təklif et­di­yi ehtirassızlıq mənə həmişə süni uydurulma bir şey kimi gəlirdi və onu heç Spinozanın özünə belə şamil etmək mümkün deyildi. Fəlsəfə müdrikliyə məhəbbətdir, məhəbbət isə emosional və ehtiraslı haldır.”[1] Rasionalizm fəlsəfəni təbiətşünasığın aurasına salmışdır. Ehtirassız seyr kanonlaşmışdır. Emosionallıq subyektivliyin həyata çağırılmasıdır bu isə Qərbin stereotiplə­ri­nə görə həmişə yalnız obyektivliyin itirilməsinə gətirib çıxarır. Şərq fəlsə­fə­sində isə həqiqətə təbii, içdən gələn emosional reaksiya idrakın mərtə­bə­si­nin göstəricisi olur. Məsələn, Quranda deyilir ki, həqiqət onu tanıya bilən­lə­rə oxunduğu zaman onlar “ağlayaraq saqqalları üstə yerə yıxılır və o (din­lə­mə, zikr etmə prosesi – M.Ş.) onlarda təslimiyyəti artırır”[2] (17:109). Təbii ki, hər zaman həyatda imitatorlara rast gəlinir. Insanın özünü aldatmağının min bir yolu var. Lakin yuxarıda gətirdiyimiz ayədə emosional reaksiya id­ra­ki-ruhani təkamül yolunda olan şəxs üçün bir yol nişanı, oriyentir mə­na­sın­da qeyd olunur. “O olanda, bu olacaq” məntiqi ilə.

Kamança iniltini, dərinləşmənin, təmizlənmənin əzabını göstərir. Əzab­sız dərinləşmə yoxdur. Dərinləşmə əgər əzabla müşayət olunmursa, də­rin­ləşmə deyil, şüurun periferiyasında gəzişmədir hələ, deyir muğam. Be­ləcə muğam insanın qərb mədəniyyəti dolayısı ilə xeyli sarsılmış və itirilmiş in­tellektual-emosional vəhdətinin ilahi gərəkliyini bir daha təsdiqləmiş olur. Muğamın qəhrəmanı musiqi süjetinin inkişafı ilə pillə-pillə dərinlərə enir. Dərinlikdəki xilası, dərinliyin təmizləyici qüdrətini göstərir.

Sufilərin zikr üsülu kimi istifadə etdikləri muğamın məqsədi təbii ki, heç də idrak prosesinin estetik təsvirini vermək deyil. Musiqi sənətinin ma­hiy­yəti muğamda zirvə səviyyəsində doğruldulur. Muğam insanda təbii ru­ha­ni təkamül prosesini provokasiya etmək, insanı zikr “relslərinə” salmaq üçün, onu öz dərinliyi ilə görüşdürmək, kamilləşməyə dəvət etmək üçündür. Tə­bii ki, bu gün biz azərbaycan muğamının əsasən konservasiya olunmuş, mu­zeyləşmiş forması ilə tanış ola bilirik. Onun ruhani-fəlsəfi əhəmiyyəti ar­xa plana keçmiş, demək olar ki, unudulmuşdur. O, mövcudluğunu yalnız bir ifa­çılıq sənəti kimi sürdürür. Muğam bahalı, qədim mücrunu xatırladır çox za­man, müasir ifaçının əlində oynatdığı, lakin necə açılmasından isə xəbəri olmadığı. Bu səbəbdən də muğamın inkişafı onun əzəli fəlsəfi dəyərinə qayıtma tələb edir.

Qərb fəlsəfəsi rasional təfəkkür yollarının axtarışlarında, fikrimizcə, ek­zistensial dərinlik anlayışının özünün əhəmiyyətini nəzərdən atmışdır. Bu­rada vacib olan yeni ideyanın, konsepsiyanın, metodikanın yaranmasıdır. Onun hansı ekzistensial dərinliyi təmsil etməsi maraqlı deyil. Kifayətdir ki, o, təfəkkür üçün yeni cəbhə açsın, elitar hesab olunan fəlsəfi dairələrdə populyarlıq qazansın. Marksizm, freydizm ağıllara beləcə sahib olmadımı? Lakin Şərqdə fəlsəfənin tamam başqa meyarları mövcud olmuşdur. Fəlsəfi marketinq burada heç kimi maraqlandırmırdı. Filosofları fikir bazarına bu və ya digər ideya çıxarmaq yox, öz şürunun dərinliklərinə varmaq, Allaha ya­xınlaşmaq və dünyanı yenidən, başqa cür görmək maraqlandırırdı. Şərq filosofu Əbu Turxan fəlsəfə barədə yazır: “Fəlsəfənin məqsədi dünyanın ahən­gini duymaq, dərk etmək və bu ümumi ahəngdən doğan həqiqət ziyası ilə hadisələr dünyasını işıqlandırmaqdan ibarətdir”[3].

Bu səbəbdən də, məsələn, sufi mütəfəkkirlərinin fəlsəfə tarixində əks etdirilməsi vəzifəsi bu günə qədər öz doğru həllini tapa bilmir. Qərb fəlsəfə tarixi meyarları ilə silahlanmış tədqiqatçılar burada yeni ideyalar, metodlar axtarmağa girişir və əksər hallarda məyusluqla geri çəkilməli olurlar. Çünki yoxdur yeni ideyası Ruminin, Şəbüstərinin, Nəsiminin,... Şəxsiyyət özəl­lik­lə­r­indən hasil olan özünəməxsusluqlar var. Onlar hamısı Allah adlı də­rin­lik­də ərimiş insanlardırlar. Eyni bir həqiqət okeanının üzgüçüləridirlər. Yenilik yox­dur. Yenilik dərin şüurun bu və ya digər fərdin timsalında yenidən do­ğul­ma­sıdır. Yeniliyi yalnız yeni bir “ticarət markası” altında tanımağa öy­rəş­miş Qərb tədqiqatçısı üçün bu, hər yüzildə nadir rast gəlinən nümunələr, əslində, səmimi olsalar, yalnız qeyri-orijinallıq kimi təsnifatlandırılır. Bəzən isə bu fəlsəfə təşnələrinə süni surətdə bu və ya digər qondarma yeniliklər, “ide­yalar” yapışdırmağa da cəhd göstərilir. Və bununla da şərq fəlsəfəsinin on­suz da ağ olan üzünü ağartmaq kimi absurd addımlar atılır. Bu isə, dü­şü­nü­rəm ki, öz növbəsində Şərq fəlsəfəsinin Andersenin “çirkin ördək balası” imi­cini möhkəmləndirməkdən başqa bir şey olmur. Şərq fəlsəfəsi qərb gözü ilə məhz “çirkin ördək balası” kimi görünür.

Bu səbəbdən də muğamın fəlsəfəsinə müraciət bunca cəlbedici lahiyə kimi görünür bizə. Muğam şərq fəlsəfəsinin öz dilində, ekzistensiya dilində, bilavasitə müasir insana ünvanlanmasıdır. Müasir insanla muğamın görü­şü­nün doğurduğu fəlsəfi məqamların açılması isə bu təqdiqatın başlıca in­tel­lektual “intriqasını” təşkil edir.

Muğam insani mövcudluğun sirrindən danışır və bəlkə də bu xü­su­siy­yə­tindəndir ki, onun ətrafında da sirr və naməlumluq çoxdur.

Lakin məlumdur ki, o, islam mistisizminin “övladı” kimi yaranmışdır. Elə buna görə də muğamın estetikası ilə Quran estetikası bir –biri ilə ey­niy­yət təşkil edir. Eyni hiddət, eyni qüssə, eyni təəssüf, eyni sevinc, eyni qorxu, ey­ni həyəcan... Quran mətnlərinin estetik çərçivələrində yetişdirilib muğam mu­siqisi. Və əslində muğamın fəlsəfəsi elə islamın fəlsəfəsidir. Odur ki, mu­ğamın fəlsəfəsinin açılması vəzifəsi bizə məhz muğamla Quran ara­sın­dakı paralellərin göstərilməsi vəzifəsinə transformasiya olunur. Muğam Qu­ranın melodiyasıdır.

Muğamı maqlarla, onların fəlsəfəsi ilə bağlamaq cəhdləri mövcuddur [4]. Lakin muğamın qədimliyini heç də azaltmadan demək lazımdır ki, bu gün onun fəlsəfəsini zərdüştiliyə əsaslanaraq açmaq cəhdi bizə az faydalı gö­rünür. Zira bir zikr aləti olaraq o, sufizmdə işlək idi. Onun fəlsəfəsini məhz islama əsaslanaraq açmaq bu baxımdan daha məntiqəuygun olmazmı?

Muğamın fəlsəfəsinin açılmasına ən ciddi cəhd Asif Ata tərəfindən ger­çəkləşdirilmişdir. Estetik fəndlərin arxasında duran fəlsəfi mənaların şö­bə-şöbə müxtəlif ideyalar üzrə izlənilərək şərh edilməsində onun təd­qi­qat­la­rının bu günə qədər bərabəri yoxdur.

Lakin bütün dərinliyi ilə bərabər, biz onun fəlsəfi yanaşmasında mu­ğa­­mı islamdan aralamaq, onun islamdan kənar anlamını vermək niyyətini gö­­rürük. Filosof mövzuya iki dəfə müraciət etmişdir. Birinci dəfə o, mu­ğa­mı inqilab və üsyan patetikasına əsaslanaraq şərh etmişdir ki, bunu da yəqin filosofun yaşadığı kommunist rejiminin təsiri ilə izah etmək lazımdır [5]. Şüb­həsiz ki, muğamda üsyan, etiraz, mübarizə motivləri vardır. Lakin bu hal­da ordakı təslimiyyət və təslimiyyətdə tapılan sakitlik necə izah olunmalı idi? Halbuki muğamın son nöqtəsi məhz təslimiyyət, islamdır. Muğamlar Bethoven simfoniyaları kimi zəfərlə bitmir, insanın sakitləşməsi ilə bitir.

Ikinci dəfə Asif Ata muğam fəlsəfəsinə ayrıca kitab həsr etmək fikrinə dü­şür və bu dəfə də əsər olduqca zəngin məna açılımları, ekzistensial şərh­lər­lə bol olur [6]. Lakin bu dəfə muğam üsyan və inqilab ideyaları ilə yox, da­ha ruhani üslubda (işıqlanma, təmizlənmə, zərdüştlük, xürrəmilik, sufilik, hü­rufilik, məcnunluq üstə) tədqiq edilir. Lakin sufizmin, hürufizmin xatır­lan­mağına baxmayaraq, biz yenə də muğamı islamdan kənar anlamaq və an­lat­maq niyyəti ilə rastlaşırıq. Aydınlıq üçün qeyd edək ki, filosof sufizmi ümu­mi Şərq mistisizminə bağlayır və onun islami mənşəyinə anlaşılmaz qıs­qanclıqla yanaşırdı. Və təbii olaraq muğamın sonu yenə də doğru məna­lan­­dırıla bilmir: “ Son Pillə Mövzusunun bütün başqa mövzularla Təzad təş­kil eləməsi,”[7] – kimi tezislə filosof muğamın sonundakı təslimiyyət mo­mentinə öz münasibətini bildirir.

* * *

Muğamın ən qabarıq estetik cəhəti bizə onu bir zikr (anma, xatırlama) mu­si­qi­si kimi müəyyənləşdirməyə əsas verir. Muğam hər cümləsiylə, hər sö­züy­lə, vergülü ilə, nöqtəsiylə xatırlama, yada salma vəzifəsinə xidmət edir. Eynilə Quran kimi.




Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin