Afse a fəLSƏFƏ və sosial-siyasi elmlər elmi-nəzəri jurnal



Yüklə 1,37 Mb.
səhifə53/100
tarix10.01.2022
ölçüsü1,37 Mb.
#98609
1   ...   49   50   51   52   53   54   55   56   ...   100
Xatırlamanın idrakın əsası olduğu barədə fikirlərə biz Platonda da rastlaşmışdıq. Və bu mövqe Quranın mövqelərinə yaxındır.

Xatırlamanın Quranda formaları çoxdur :

  • yol kimi – “Beləliklə biz Quranı ərəbcə endirdik və onda hədələr sə­pələdik, -bəlkə onlar qorxarlar, yaxud bu onlarda zikri oyatmış olar!” (19:113);

  • mistik yaddaşın oyadılması kimi – “Allahın sizə lütfünü və Onun "Eşitdik və itaət edirik!", – dediyiniz zaman sizinlə bağladığı əhdini xa­tırlayın. Allahdan qorxun. Şübhə yoxdur ki, Allah qəlblərdə olanları biləndir!”(5:7);

  • təmizlənmə kimi – “Nə bilirsən, bəlkə o təmizlənəcək, yaxud xə­bərdarlığı tez-tez yada salacaq və bu zikr ona kömək edəcəkdir.” (80:3-4);

  • tərbiyəvi, kamilləşdirici alət kimi – “Və onu cəhənnəmə gətir­dik­lə­ri gün insan xatırlayacaqdır, lakin bu xatırlama nəyə gərək olacaq?” (89:23);

  • mənəvi sıxıntıdan çıxma vasitəsi kimi – “Və kim Mənim barəm­də zikrdən üz çevirərsə, onun həqiqətən də sıxıntılı həyatı olacaq!” (20:124);

  • Allahın mərhəmət və diqqətini cəlb etmə üsulu kimi – “Məni zikr edin ki, Mən də sizi zikr edim;...” (2:152);

  • psixoloij adekvatlığı saxlama vasitəsi kimi – “Allahdan qor­xan­la­ra şeytandan bir vəsvəsə toxunduğu zaman onlar xatırlar və dərhal görən olarlar”(7:201).

Güman etmirəm ki, siyahını tamamlaya bildim. Əslində Quranda ke­çən xatırlamanın bütün palitrasını göstərmək çətindir. Təkcə onu qeyd et­mək yerinə düşər ki, müsəlmanların bu müqəddəs kitabı elə xatırlama kimi təq­­dim olunur: “Sad. And olsun zikrlə dolu Qurana” (38:1) və başqa bir yer­də “Və biz Quranı zikr üçün asanlaşdırdıq, lakin heç bir nəfər zikr edən ta­pı­lar­mı!” (54:17) deyə Quranın təyinatının da məhz zikrə xidmət etmək ol­du­ğu açıqca bəyan edilir.

İslama görə insanın problemləri onun yalançı gerçəklikdə yaşaması ilə şərtlənir. İnsanın ağlını və duyğularını bürüyən cəhalət ucbatından (hind fəl­sə­fəsində: avidya – bilməzlik) ətraf aləm və həyat insan şüurunda olduğu ki­mi deyil, əyilmiş, yanlış əks olunur. Əks olunma ilə bağlı marksist kon­sep­si­ya bu əyintinin dərinliyini və incəliyini tutmaq iqtidarında deyildi. Orada əks olunma obyektivliyi obyektlərin yalnız ən kobud şəkildə iden­ti­fi­ka­si­ya­sı­nın marağındadır. Yəni stəkanın stəkan kimi tanınması və s. Tamam baş­­qa bur səviyyədə Quran insanı öz görmə qabiliyyətini test etməyə ça­ğı­rır: “Mə­gər göydə və yerdə olanların və sıra ilə uçan quşların Allahın şəninə tə­­riflər söy­lədiyini görmürsən?..”(24:41). Quşun identifikasiyası elə də çətin iş de­yil, lakin onun Allaha təriflər söyləməsi? Bu səviyyədə şəhadət üçün göz, qulaq və Quranda anlama orqanı kimi keçən ürək tamamilə yenidən qu­rul­­malı, islama görə isə, əslində öz ilkin, əzəli parametrlərinə qaytarıl­ma­lıdır.

Bu səbəbdən də Quranın insanla ünsiyyəti həkimin yaddaşını itirmiş, də­­rin amneziyaya məruz qalmış xəstə ilə müalicə seanslarını xatırladır. Bu­rada şüurun ayrı-ayrı ustanovkalarının təftişinə dəvətlər, ibrətamiz heka­yət­lər, bol yadasalmalar vardır. Mətnin ayələrə bölünməsi də ayrı-ayrı cümlə­lə­rin, bəzən isə frazaların zikr obyektinə çevrilməsini, sonradan xatırlan­ma­sını asanlaşdırır. Kitabla sistematik ünsiyyət və əməli təmizlənmə fəaliyyəti in­sa­nın daxili aləmində, qavrayışında, təfəkküründə korreksiyaların yaradıl­ma­­sına hesablanmışdır. Nəticədə insanın qavrayış və davranışının həqiqi ger­­­çəkliyə adekvatlığı yaranmalıdır. İnsan yaşantılarında adekvatlıq defi­si­ti­nin mövcudluğunu isə ekzistensialist filosoflar da gözəl açmışdılar.

Muğamın yad mədəniyyətlərin nümayəndələri tərəfindən qavranılması da maraq doğurur. Məsələn, Nikita Xruşşov privat söhbətlərinin birində əs­lin­də azərbaycan muğamının ona yalnız ağlamağı xatırlatdığını səmimi şə­kil­də etiraf edir [8]. Lakin digərləri də vardır ki, ilk dinləmədən bu musiqi­nin ilahi dərinliyinə valeh olduqlarını bildirirlər. Bəli, muğam ağlayır, fər­yad qoparır. Və bu hal, Füzuli leksikonu ilə desək, bu “rüsvayçılıq” ümu­mən qərb musiqisinə yaddır və qərb musiqisi nadir hallarda bu adekvatlığa ya­­xınlaşa bilmişdir (məsələn, Motsartın “Rekviyem”ində, yaxud P.Çaykov­ski­nin 6-cı simfoniyasında). Zira muğam mütləq adekvatlıq musiqisidir. İn­sa­nın içində olduğu gerçəkliyə bilavasitə və doğru reaksiyasıdır. “Yəni siz bu hekayəyə təəccüb edirsiniz? Gülür və heç ağlamırsınız? Tez olun, Al­lah qar­şısında səcdə edin və Ona ibadət edin!”(53:59-62). Və muğam şö­bədən şö­bəyə, pillədən pilləyə dinləyicisini bu adekvatlığa yüksəldir. İnsanı özü­nün təbiiliyi, fitrəti ilə tanış edir.

Muğam sözünün məqamla bağlılığı daha təbii görünür. Zira muğam məqamlardan danışır həm də. Insanın reallığa oyanışı burada elektrik açarı­nın vurulması ilə işiğın anıdən bərqərar olunması kimi deyil, qaranlıqdan sa­ba­hın açılması kimi göstərilir. Proses tədricidir, gedişində sıçrayışlar, nur saç­maları olsa da. Hər muğamın motivi hər şöbədə yeni səviyyədə, yeni ade­kvatlıq dərəcəsində təkrarlanır. Muğamın qəhrəmanı yolda gəlib çatdığı insanlıq, müdriklik mərtəbəsini nümayiş etdirir. Deməli, muğam insanın oyanışının bir modelini özündə ifadə etmiş olur.

Din yol deməkdir. Muğamın konsepsiyası bu həqiqəti tam dolğunluğu ilə əks etdirməkdədir. Banal təsəvvür dini özünə statik bir mövcudluq kimi təs­vir edir. İnsan yalnız yeni vərdişlər (namaz, oruc, zəkat kimi) qazanır vəs­səlam. Muğam isə dini yol, mömini yolçu kimi təqdim edir. Və yolçu bu­ra­da həyatı uzunu öz əsilliyinə doğru yüksəlir. “Hər kəs üçün etdiyi əməl­lə­rə görə dərəcələr vardır. Rəbbin onların nə etdiklərindən qafil de­yil­dir!” (6:132). Burada hansı ekzistensial dərinliyə cəsarət edirsənsə, o məqama doğ­ru irəliləyirsən. Və hər pillə həm təkrardır, həm də təkarolunmazlıq.

Və ən nəhayətdə muğam özündə böyük təskinlik daşıyır. Onun uzun­ömür­lüyünün ən əsas səbəbi də bundadır. Muğam böyük Psixoloqdur. Mu­ğa­ma qulağını və deməli ürəyini verən dinləyici tez bir zamanda özü də bil­mə­dən muğamın qəhrəmanı ilə eyniləşir və onunla ekzistensial səyahətə çı­xan insan eyni ruhani inkişaf məqamlarını, virtual da olsa, keçərək sonda əsl təs­kinliyə qovuşmuş olur. Bu təskinlik insani mövcudluğun bir çox tərəf­lə­ri­nin dərki ilə hazırlanır. Onların sonsuz palitrasını müəyyən etmək insan im­kan­ları xaricindədir. Güclü katarsik potensiyası ilə muğam insanın gizlin­lə­rini aşkara çıxardaraq onu dərin və ağır yaşantılar burulğanına qərq edir. Dua, izhar patetikasında inkişaf edən musiqi motivi insanı təmizlədikcə tə­miz­ləyir və insan bu burulğanda batmır, ilahi okean sonda yorulmuş insanı ila­hi ilkinlik sahillərində buraxır. Həqiqi qayıdış – insanın Allaha qayıtması, Onda sakitləşməsi baş verir. “...Bəli! Zira Allahın xatırlanması ilə sakitləşər ürəklər.” (13:28) və “Zira axır dönüş Rəbbinədir!”(96:8).

Muğamın həqiqi fəlsəfəsinə qayıdışı zəruri edən başlıca arqument onun müasirlikdə muzeyləşmiş, konservasiya olunmuş şəkildə möv­cud­lu­ğu­dur. Muğamın melodik zənginliyi müasir Azərbaycan (və əminliklə demək olar ki, təkcə Azərbaycan yox) musiqi mədəniyyətinin (simfonik, caz və pop musiqisinin) inkişafı üçün tükənməz xəzinədir. Lakin məyusluq yaradan hal onun inkişaf etməməsi, yeni muğamların yaranmamasıdır. Belə çıxır ki, mü­as­irlərimiz ata-babalarımızın qoyduğu xəzinəni xərcləyən və yaxşı halda qoruyan sələflərdir. Bəs, artırmaq, inkişaf etdirmək necə? Doğrudanmı, bu vəzifə fantastika bölməsindəndir? Bəlkə, onu mümkünsüz edən muğamın fəlsəfi zəminin itirilməsi, ciddiyə alınmamasıdır?




Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin