Reconciling of the Ideals of National
Independence and Social Justice
(summary)
The author examines Narimanov’s services for his nation, calling attention to the contradictory evaluations of Narimanov’s ideas on account of political conditions during the Soviet period. According to the author, there are only seemingly contradictions in the ideas of Narimanov. The author characterizes Narimanov as a spokesman of the progressive ideals of the period. He emphasizes that Narimanov’s ideas shaped up under the influence of great Eastern philosophers who commend the social justice and equality, rather than bolsheviks.
Key words: social justice, independence, bolsheviks, the ideology of communism, democratic struggle
Путь согласования идеалов национальной независимости и социальной справедливости
(резюме)
Вопреки противоречивым оценкам личности Н.Нариманова, связанным с особенностями эпохи, политическими тенденциями в стране, автор исходит в данной статье из подлинных заслуг Нариманова перед нацией и народом. В статье подчеркивается целостность феномена Нариманова, несмотря на кажущуюся противоречивость его мировоззрения. Автор характеризует Нариманова как подлинного выразителя прогрессивных веяний своей эпохи, патриота, чье мировоззрение сформировалось под влиянием не столько большевиков, сколько идеалов социальной справедливости и равенства, воспетых великими философами Востока.
Ключевые слова: социальная справедливость, независимость, большевик, коммунистическая иедология, демократическое движение.
Milli Bağımsızlık ve Sosyal Adalet
İdeallerinin Bağdaştırılması Yolları
(özet)
Sovyet dönemin siyasi şartlarından dolayı Nerimanov’la ilgili çelişkili değerlendirmeler yapıldığını hatırlatan yazar bu makalede Nerimanov’un kendi milleti için yaptığı hizmetleri ele almaktadır. Yazara göre, Nerimanov’un dünya görüşünde olsa olsa zahiren bazı çelişkiler söz konusu olabilir. Makalede Nerimanov kendi döneminin ilerici ideallerinin gerçek sözcüsü olarak nitelendirilmekte ve onun düşüncelerinin bolşeviklerden ziyade Doğu’nun büyük filozoflarının övdükleri toplumsal adalet ve eşitlik ideallerinin etkisi altında biçimlendiği vurgulanmaktadır.
Anahtar kelimeler: toplımsal adalet, bağımsızlık, bolşevik, kommünist ideolojisi, demokratik mücadele
Nəriman Nərimanov:
milli ruh və siyasi təfəkkürün vəhdəti
Həsən Həsənov
SSRİ dağıldıqdan və Azərbaycan xalqı dövlət müstəqilliyini bərpa etdikdən, marksist-leninçi ideoloji qəliblər, təsirlər və məhdudiyyətlər aradan qaldırıldıqdan sonra sovet dövrü tarixinin və şəxsiyyətlərinin obyektiv öyrənilməsi üçün əlverişli şərait yaranmış, tarixi hadisə və prosesləri, siyasi və dövlət xadimlərinin baxışlarını, fəaliyyətlərini olduğu kimi öyrənmək və qiymətləndirmək problemi aktuallaşmışdır.
Bu baxımdan Azərbaycan xalqının görkəmli ictimai, siyasi və dövlət xadimi, sovet hakimiyyəti dövründə özünəməxsus siyasi düşüncəyə malik, fəaliyyəti müxtəlif illərdə fərqli qiymətləndirilən, tariximizdə silinməz iz buraxan N.Nərimanovun həyat və fəaliyyətinə dair xeyli əsərlər yazılmışdırsa da, onun milli dövlətçilik baxışları və fəaliyyəti indiyədək tarixşünaslığın ayrıca tədqiqat obyekti olmamışdır.
Belə mövzunun seçilməsi öz növbəsində bir neçə problemin araşdırılmasını tələb edir. Bunlardan sovet hakimiyyətinin ilk illərində milli məsələlərin həllinin meydana çıxması; Rusiyada yaşayan türk xalqlarının dövlətçilik uğrunda mübarizəsi; müstəqil dövlət olmuş, lakin sovetləşən respublikaların öz müstəqilliklərini qorumaq yolunda apardıqları mübarizə; Rusiya imperiyası dağılıb xalqlar müstəqillik qazandıqları şəraitdə dövlətlərarası sərhədlər probleminin ortaya çıxması; inkişafda olan kommunist ideologiyasının hökmranlığı şəraitində xalqların milli düşüncə və adət-ənənələrinin qorunub saxlanılması problemlərinin araşdırılması aktuallaşmışdır. Bu səpkidə araşdırma SSRİ-də kommunist ideologiyası çərçivəsində formalaşıb fəaliyyət göstərən milli təmayülçülük hərəkatı və onun mahiyyətini, N.Nərimanovun bu hərəkatın yaradılmasında və həyata keçirilməsində rolunu, onun milli təmayülçü kommunist baxışlarının köklərinin araşdırılmasını, türkəsilli siyasətçiləri və dövlət xadimləri arasında onun yayılmasını, bu mübarizə yolunda əldə olunan uğurlar və baş verən itkilərin araşdırılmasını aktuallaşdırır. Göstərilən problemlərin bir neçəsi indiyədək ayrı-ayrılıqda tədqiqat mövzusu olmuşdursa da, onlar bütöv şəkildə araşdırılmamışdır.
Problemin məhz bu baxımdan bütöv şəkildə araşdırılması N.Nərimanovun milli dövlətçilik baxışlarının formalaşdığı mühitin öyrənilməsinə düzgün elmi-metodoloji yanaşmağa imkan verir. Bundan başqa, 1920-ci ilədək olan dövrdə N.Nərimanovun ədəbi və ictimai-siyasi fəaliyyətinin onun milli dövlətçilik baxışlarının formalaşmasına təsirini araşdırmaq da mühüm elmi-tarixi aktuallıq kəsb edir.
N.Nərimanovun bolşevik üsul-idarəsi şəraitində milli dövlətçilik baxışlarını və fəaliyyətini öyrənmək üçün iqtisadi inkişafa, xarici əlaqələrə, hərbi quruculuğa, milli-mədəni inkişafa, Azərbaycan dilinə münasibətini, ona dövlət dili statusu vermək uğrunda səylərini və din məsələlərinə münasibətini araşdırmaq zəruridir. N.Nərimanovun milli ziyalılara diqqəti, onları ölüm təhlükəsindən və təqiblərdən qoruması məsələlərini olduğu kimi öyrənmək aktualdır. Dövrünün ideoloji cəhətdən bir-birinə zidd partiyalarının üzvləri olan ziyalıların N.Nərimanova böyük hörmətlə yanaşmalarının, hətta onun rəhbərliyi altında işləməyi mümkün saymalarının səbəbləri də araşdırılmalıdır.
N.Nərimanovun Azərbaycanın ərazi bütövlüyü uğrunda fəaliyyətini, o dövrdə baş vermiş olan itkilərin əsl səbəblərini, dövrün tarixi gerçəkliyini araşdırmaq tarix və müasirlik baxımından böyük maraq kəsb edir.
Azərbaycan hökumətinin başçısı kimi N.Nərimanovun Sovet Rusiyasının iddialarına qarşı siyasi xəttinin mahiyyətini öyrənmək, sovet quruluşu dağılmış olsa da, bu problemi araşdırmaq istər tariximizi obyektiv öyrənmək, istərsə də müasir beynəlxalq əlaqələrimizin konsepsiyasını formalaşdırmaq baxımından aktuallıq kəsb edir.
N.Nərimanovun hələ Moskvada çalışarkən Sovet Rusiyasının Türküstan siyasətinə fərqli baxması və bu siyasətə tənqidi yanaşmasının mahiyyətini, onun dövlətçilik fəaliyyətində türkçü mövqeyini, Türkiyənin, Türküstanın türk xalqları və ictimai-siyasi xadimləri ilə bağlı siyasətinin mahiyyətini və məqsədlərini öyrənmək vacibdir. Ümumiyyətlə, XX əsrdə bir çox türk xalqlarının yaşadığı eyni tarixi taleyin araşdırılması həm tarixilik baxımından, həm də müasir dövrdə müstəqil Azərbaycanın Türkiyə, Özbəkistan, Qazaxıstan, Türkmənistan və Qırğızıstanla qurulub inkişaf etdirilən münasibətlərində bəhrələnmək baxımından əhəmiyyətlidir.
Sovet hakimiyyətinin ilk illərində bolşevik Rusiyasının və mərkəzi hakimiyyətin öz mövqelərini möhkəmləndirmək üçün Bakıda qeyri-azərbaycanlıları dövlət qurumlarında və siyasi qurumlarda rəhbər vəzifələrdə yerləşdirmək siyasətinə N.Nərimanovun münasibətinin və bu işdə onun fəaliyyətinin araşdırılması, fəallıq dərəcəsinin və əldə etdiyi nəticələrin müəyyənləşdirilməsi həm tarixi gerçəkliyi, həm də müasir Ermənistan-Azərbaycan münaqişəsinin tarixi dinamikasını aydınlaşdırmaq baxımından aktualdır.
Bolşevik hakimiyyəti şəraitində N.Nərimanovun milli dövlətçilik baxışlarını və fəaliyyətini araşdırmaq həm də müasir dövlət quruculuğu baxımından əhəmiyyətlidir. Məlumdur ki, N.Nərimanovun istər kommunist ideologiyasının yayılması, istər də sosialist quruluşunun formalaşması və bərqərar olması prosesinə fərqli baxışı var idi. Bu məsələlərin mahiyyətinin araşdırılması tarix elminin aktual problemlərrindəndir.
20-ci illərdə N.Nərimanovun əsasən elmi-ictimai fəaliyyətinin 30 illiyi və ölümü münasibəti ilə xatirə-məqalələr çap olunmuşdur. N.Nərimanovla dövlət işində birgə çalışan şəxslərin xatirələri onun milli dövlətçilik baxışlarının tədqiqi baxımından çox səciyyəvidir.1
N.Nərimanovun özünəməxsus baxışları və fəaliyyəti sağlığında olduğu kimi, ölümündən sonra da xüsusi vurğu ilə “millətçilik”, “milli təmayülçülük”, “nərimanovçuluq” adlandırılaraq burjua-millətçiliyi kimi qiymətləndirilib pislənmişdir. Bunu əsas tutaraq, 20-ci illərin ortalarından 50-ci illərin ortalarınadək kommunist ideoloqları onun adının unutdurulmasına xüsusi səy göstərmişlər. Yalnız 1956-cı ilin fevralında Sov.İKP-nin XX qurultayında Stalinin şəxsiyyətinə pərəstiş pisləndikdən sonra cəmiyyətin həyatında yumşalma baş vermis, N.Nərimanovun adının üzərindən qadağa nisbətən götürülmüş, demək olar ki, bir ay sonra onun haqqında məqalələr çap olunmağa başlanmışdır. Bu məqalələrdə N.Nərimanovu Mir Cəlal Paşayev və C.Xəndan ədib kimi, C.Quliyev və H.Şahgəldiyev partiya və sovet dövlət xadimi kimi təqdim etmişlər.1 Həmin il N.Nərimanov haqqında kitablar da nəşr olunmuşdur. M.Rəfilinin əsərində onun birinci dünya müharibəsinə qədərki dövrdə fəaliyyəti işıqlandırılmış, M.Qazıyevin əsərində həyat və yaradıcılığı haqqında ümumi şəkildə məlumat verilmişdir. V.Məmmədovun kitabında N.Nərimanovun həyat və fəaliyyəti öyrənilmiş və bu əsər dövrünün ən geniş yayılmış əsəri olmuşdur. 50-ci illərin ikinci yarısında C.Quliyev tərəfindən zəngin arxiv materialları əsasında yazılmış geniş məqalədə N.Nərimanovun partiya və sovet dövlət xadimi kimi fəaliyyəti öyrənilmişdir. M.İbrahimovun məqaləsində o, inqilabçı və yazıçı kimi göstərilmişdir.
Bu proses sonrakı illərdə də davam etmiş, amma ən böyük canlanma Heydər Əliyev respublika rəhbərliyinə gəldikdən sonra başlanmışdır.
70-ci illərdə 100 illik yubileyi ilə əlaqədar N.Nərimanovun haqqında ilk dəfə olaraq geniş rəsmi dövlət və partiya sənədləri qəbul olundu. Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyevin N.Nərimanovun 100 illik yubileyi ilə əlaqədar geniş siyasi və təşkilatçılıq fəaliyyəti bu işdə həlledici rol oynadı. H.Əliyevin N.Nərimanovun 100 illiyinə həsr olunmuş təntənəli iclasdakı, habelə Bakıda və Ulyanovskda heykəllərinin açılışındakı çıxışları N.Nərimanovun tarixi xidmətlərini qiymətləndirmək baxımından xüsusi qeyd olunmalıdır. Bu sənədlərin cəm şəklində nəşr olunması nərimanovşünaslığa dəyərli töhfə idi.2
Azərbaycan sovet tarix ədəbiyyatının öyrənilməsi göstərir ki, dövrün şərtlərinə uyğun olaraq N.Nərimanov yazıçı, maarifpərvər, ictimai-siyasi xadim və inqilabçı kimi təqdim olunmuş, dövlətçilik fəaliyyəti lazımınca tədqiq olunmamış, xüsusən milli dövlətçilik baxışları və fəaliyyəti ilə bağlı məsələlərin üstündən sükutla keçilmişdir. Yuxarıda göstərdiyimiz 20-ci illərin xatirələrində, 30-cu illərin bəzi siyasi sənədlərində və ensiklopedik nəşrlərdə N.Nərimanov milli təmayülçü kimi qiymətləndirilərək unutdurulmağa çalışılırdı. 50-ci illərin ortalarından sonra nəşr olunan əsərlərin müəllifləri N.Nərimanovu əsasən marksist-leninçi ideoloji prinsiplərə sadiq bir şəxs kimi təhlil edərək onun öyrənilməsinə haqq qazandırmağa çalışmışlar.
Maraqlıdır ki, o vaxtlar N.Nərimanovu millətçilikdə ittiham edənlər də, onu müdafiə edənlər də marksist-leninçi mövqedən çıxış edirdilər. 80-ci illərin sonu – 90-cı illərin əvvəllərində yaranmış şəraitdə sovet quruluşunun zəifləməsi ilə N.Nərimanovla bağlı aparılan araşdırmalar genişləndi və tarixin keçid dövrlərinə xas olan fikir ayrılığı ortalığa çıxdı. Yazı müəlliflərinin bir qismi, əsasən N.Nərimanovun sovet dövründə nəşri qadağan olunmuş irsi ilə yaxşı tanış olanlar onun bu zamana qədər nəşr olunmayan əsərlərini üzə çıxardır, milli təmayülçü baxışlarına yeni dəyərlərə əsaslanan qiymətlər verirdilər.1 Başqa bir qismi isə tarixi hadisə və prosesləri mövcud olduqları mühitdən ayıraraq, hissiyyatın tarixi gerçəkliyi üstələdiyi qəzet məqalələrində tarixi həqiqətlərin inkarını ön plana çəkib subyektiv mövqe tuturdular. Onlar N.Nərimanovu əsassız olaraq kommunist ideologiyasına münasibətdə və Rusiya ilə əlaqələrdə ən azı sadəlövhlükdə, milli maraqlara qarşı laqeydlikdə günahlandırırdılar. Bu müəlliflərdən A.Balayevin, H.Qəhrəmanovun, N.Kazımovun, N.Nəsibzadənin, Ə.Tahirzadənin2 bolşevizmə olan nifrətləri, demək olar ki, haqsız və əsassız olaraq tam həcmdə N.Nərimanova ünvanlanırdı. Belə yanaşmalar keçid dövrünün təzadlarından irəli gəldiyindən, onlar obyektiv tarixi gerçəkliyi tam əks etdirməyə qadir olmayaraq, tarixi tədqiqatların dünyada qəbul olunmuş ümumi metodoloji prinsiplərinə zidd olmaqla ən kiçik tənqidə belə tab gətirmirlər.
Mərhum prezidentimiz, ümummilli lider Heydər Əliyevin 1995-ci il dekabrın 18-də N.Nərimanovun anadan olmasının 125 illiyi ilə əlaqədar imzaladığı fərmanda, 1993-cü il sentyabrın 21-də və 1997-ci il yanvarın 31-də AMEA-dakı görüşlərindəki nitqlərində N.Nərimanovun Azərbaycan tarixində mövqeyi və xidmətləri işıqlandırılmışdır.3 T.Əhmədovun toplayıb hazırladığı N.Nərimanovun “Seçilmiş əsərləri”nin başlanğıcında, haqlı olaraq, mərhum prezidentimiz Heydər Əliyevin N.Nərimanovu “görkəmli sima, böyük siyasi xadim” adlandırması, “N.Nərimanovu ittiham edən fikirlərlə heç cür razılaşmaq olmaz” fikri1 epiqraf kimi verilmişdir. Beləliklə, N.Nərimanovla bağlı əsərlərin sayı artmış, onun irsinə ciddi elmi yanaşmanı əks etdirən yeni əsərlərin yaranmasına zəmin hazırlanmışdır.
Türk düşüncəsinə sadiq yüzlərlə siyasətçi xalqı qarşısında borcunu yerinə yetirməyi sovet hakimiyyəti ilə əməkdaşlıqda görürdü. Onlar ölümü və müxtəlif cəzaları gözləri önünə gətirərək bu işə girişirdilər. M.Sultanqaliyev yazırdı ki, milli təmayülçülük siyasətinə görə, SSRİ-nin yüksək rütbəli xadimi olan N.Nərimanov da daxil olmaqla şərq respublikaları liderlərinin hamısı təqib olunurdular.2 Təqiblərə baxmayaraq, türk siyasətçiləri həm kommunizm ideyasına inanır, həm də milli dövlətçilik baxışları və fəaliyyətlərindən çəkinmirdilər. Məhz buna görə də onların çoxu bolşevik qəddarlığının və məkrinin qurbanı olmuşlar. Onların şəxsi taleləri faciəli olsa da, ictimai və siyasi fəaliyyətlərini uğursuz saymaq olmaz. Çünki əslində onlar öz həyatlarını quruluşa sədaqət yolunda deyil, xalqlarını məşəqqətlərdən çıxarmaq yolunda qurban vermişlər. SSRİ-də fəaliyyət göstərən və bolşeviklərlə əməkdaşlıq edən bəzi türkəsilli siyasətçilərin taleyi belə olmuşdur.
Sovet hakimiyyəti dövründə milli təmayülçülüyü səciyyələndirən əsas məqsəd, hakim şovinizmə və bolşevik hakimiyyəti tərəfindən buraxılan əyintilərə qarşı mübarizə, sinfi mübarizədənsə milli həmrəylik, milli dilin və mədəniyyətin inkişafına üstünlük vermək, dinə qarşı daha dözümlü mövqe tutmaq, milli kadrları sinfi mövqedən daha çox milli maraq mövqeyindən qiymətləndirmək və dövlət işinə cəlb etmək, tarixə sinfi baxışla yanaşı, milli özünüdərketmə mövqeyindən olan baxışa üstünlük vermək olmuşdur.
Bolşeviklər və Stalin milli təmayülçülüyə qarşı repressiyalar aparsalar da, onun kökünü kəsə bilmədilər. Milli təmayülçülük sovet hakimiyyətinin Stalindən sonrakı dövründə dövlət siyasətinə aşkar müxalif deyil, təkamül yolu ilə inkişaf etmiş və 80-ci illərdə özünü daha qabarıq şəkildə büruzə verərək xalqları müstəqilliyə çıxardan amillərdən olmuşdur.
N.Nərimanovun aydın mənəvi amalı olmuşdur. O, insanın və xalqların əsarətinin əleyhinə idi. O, xalqların tezliklə nadanlıqdan və köləlikdən azad olunması üçün yollar axtarırdı.3
N.Nərimanovun milli təmayülçülük siyasətinin kökləri ilk əvvəl XIX əsrin birinci yarısından XX əsrin əvvəllərinə qədər inkişaf edən milli maarifçilik, milli düşüncə və milli azadlığın inkişafı kimi proseslərdən doğan bir dünyagörüşü idi. N.Nərimanovun özü də kommunist-bolşevik ideologiyasından daha çox bu proseslərdən doğulan bir xadim olmuşdur. Məhz milli problemlərin həllinin tələbləri onu kommunist ideologiyasına gətirmişdir. O, bu ideologiyada millətin qarşısında duran problemlərin daha sürətli həllinə inanmışdır. Onun milli təmayülçü mövqeyi həm də XIX əsrin sonu – XX əsrin əvvəllərində dəbdə olan millətçiliyə ikili yanaşmanın təbiətindən irəli gəlmişdir: istismar edən xalqın millətçiliyi və istismar olunan xalqların millətçiliyi. İstismar edən hakim xalqın millətçiliyinin mahiyyəti daim istismar etdiyi xalqı dinindən, dilindən və tarixindən uzaqlaşdırmaqdır. İstismar olunan xalqın millətçiliyi isə öz dilini, dinini və tarixi yaddaşını qoruyub saxlamaqdan ibarətdir. Belə şəraitdə N.Nərimanovun milli təmayüllü kommunist dünyagörüşü təsadüfdən, vəzifəpərəstlikdən deyil, milli məfkurənin inkişafı prosesindən doğan bir xətt idi. Tədqiqatçı Ə.Əhmədovun fikrincə, 1917-ci ilə qədər azərbaycanlı fəhlələrdə milli həmrəylik sinfi həmrəylikdən, 1918-ci ilin mart hadisələrindən sonra isə milli həmrəylik partiya həmrəyliyindən üstün idi.1 Belə şəraitdə N.Nərimanov hakimiyyətə gəlmiş və tarixdə milli təmayülçü adı ilə qalan siyasətini həyata keçirmişdir. N.Nərimanov o illərin azərbaycanlısı üçün bolşevizmin təzahürü kimi deyil, milli təmayüllü siyasətçi kimi inam qazanmışdır. “Milli təmayüllü kommunist” məfhumunu məhz N.Nərimanovun anlayışında qəbul etmək lazımdır: yəni azərbaycanlılar başqa xalqların maraqlarına toxunmadan Azərbaycanda tam milli inkişaf və ölkələrini idarə etmək hüququna malik olmalıdırlar. N.Nərimanov, buna riayət edilmədiyindən bolşevizmin süquta məruz qalacağı fikrini irəlicədən söyləmişdir.2 Onun apardığı milli təmayüllü siyasət sonralar “nərimanovçuluq” adlı cərəyana çevrilmişdir. Deməli, N.Nərimanovun milli təmayüllü dünyagörüşünün kökləri həyat və yaradıcılığı ilə, xalqının yaşayışını və problemlərini, Azərbaycana qarşı hazırlanan məkrli planları, dünyada və bölgədə gedən prosesləri dərindən dərk etməsi ilə bağlı olmuşdur.
Azərbaycanda bolşevik çevrilişi ərəfəsində sosial, iqtisadi və siyasi vəziyyət mürəkkəb idi. Eyni zamanda Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin beynəlxalq vəziyyəti çətin və mürəkkəb olmuşdur.1 Azərbaycanın görkəmli ictimai xadimi Əhməd Ağaoğlu sovet Rusiyasında yaranmaqda olan yeni hakimiyyəti “hökmfərma olan ideal” adlandıraraq onun prinsiplərini “Təyini-müqəddərati-milli, millətlərin federasyonu və daxili işlərdə millətlərin ixtiyaratı prinsipləri” kimi qiymətləndirirdi.2 XX əsrin 30-cu illərində İstanbulda nəşr olunan “Azərbaycan yurd bilgisi” jurnalında Şəfi bəy Rüstəmbəyovun çap olunmuş xatirələrindən belə çıxır ki, AXC-nin bir sıra dövlət xadimləri hakimiyyəti bolşeviklərə təslim etməyə “öz vəzifələrinin yüksəkliyindən və səlahiyyətindən daima sövq və təhrik etmişdirlər”.3 Bolşeviklər 1920-ci ilin aprelində 1918-ci ildə baş verən hadisələrin təkrarını istəmədiklərindən N.Nərimanovu seçdilər və bəzən onun apardığı siyasətlə hesablaşmaq məcburiyyəti qarşısında qaldılar. Yaranmış şəraitdə bolşeviklər üçün Bakıya və müsəlmanlara yaxşı bələd olan və böyük nüfuza malik N.Nərimanov yeganə uyğun namizəd idi.
Türkiyə tarixşünaslığında AXC-nin süqutunun və Azərbaycanın sovetləşməsinin səbəbləri aktual mövzu olaraq qalır. Mehmet Sarayın fikrincə süqutun bir neçə səbəbi var idi. Bunlardan o, müharibə nəticəsində iqtisadi sıxıntılar keçirən insanların sovet təbliğatına meyl etmələrini göstərir. Sovet təbliğatının təsirli olmasının digər bir səbəbi kimi o, Azərbaycana “xaricdən” heç bir yardımın olmamasından yaranmış “mənəvi düşkünlük və ümidsizliyi” qeyd edir. Hökumətin vəd etdiyi torpaq islahatını və iqtisadiyyatın inkişafının gerçəkləşməməsini o, ölkənin düşdüyü böhranın səbəblərindən biri kimi göstərir. Səbəblər sırasında erməni silahlı qüvvələrinin milli hökumətin əleyhinə Qarabağda başladılan hərbi separatçı əməliyyatları və bu səbəbdən Azərbaycan ordusunun Bakının köməyinə gələ bilməməsini göstərir.4 İbrahim Yüksel AXC-nin süqutunun səbəblərini Azərbaycanda olan və bolşeviklərə rəğbət bəsləyən bir dəstə Osmanlı zabitləri ilə digər azərbaycanlı bolşeviklərin hökumət əleyhinə olan fəaliyyəti və bir neçə yerdə Azərbaycan dövlətçiliyinə qarşı qaldırılan silahlı separatçı hərəkatda görür və qeyd edir ki, milli hökumətə müxalif olanlar da bir yandan Qızıl ordunun Azərbaycandan keçərək Qərb imperialistlərinə qarşı istiqlal mücadiləsi aparan Türkiyəyə yardıma gedəcəyi təbliğatını yayaraq işğala zəmin yaradırdılar.5
H.Baykaranın əsərindən aydın olur ki, Noy Jordaniyanın dediyinə görə “Çiçerinin ağzından qaçırmış” olduğundan Rusiyanı Cənubi Qafqazı işgal etməyə “İngiltərə və onun baş naziri Lloyd Corc təşviq edirdi”. Xəlil Paşanın Atatürkə yazdığı məktub bizim mövzu üçün çox vacibdir. O yazır: “Mən buradan Bakıya, oradan da İrana hərəkət edəcəyəm”. H.Baykara bu məktubu dəyərləndirərək bizim üçün çox vacib olan bir məqamı əlavə edir: “Həqiqətdə isə nə ordu, nə baş komandanlıq, nə də bir hərəkat vardı.” Başqa bir mənbəyə istinadən H.Baykara qeyd edir ki, “Xəlil Paşa Qızıl orduya rəhbərlik edərək” Anadoluya doğru hərəkət etməkdə “Ənvər Paşanın milli mübarizəyə rəhbərlik etməsini təmin etmək” məqsədi güdürdü. Kazım Qarabəkir Paşanın 1920-ci il aprelin 13-də Atatürkə məktubunda deyilir ki, bolşeviklərin sosial yönümlü siyasətinin nəticəsidir ki, “müsəlmanlar bolşevikliyi asan və munis qəbul edir və qarşılayır”. Aprelin 23-də Kazım Qarabəkir Paşa "İslam dünyasının gələcəyi üçün Azərbaycanın bolşevikləşməsini gərəkli" sayır.
Deyilənləri düzgün qiymətləndirmək üçün onu da qeyd etməliyik ki, Atatürkün sovet dövlətinə münasibətdə yeritdiyi siyasət tarixi gerçəkliyə əsaslanırdı. Onun Sovet İttifaqı tərkibində yaşayan türkdilli xalqların çağdaş və gələcək taleyinə aid siyasəti də, fikri də uzaqgörənliyi ilə seçilir. İlk əvvəl biz bunu Türkiyənin, Azərbaycanın ərazi bütövlüyü uğrunda fəal mövqeyində və xüsusən Naxçıvan məsələsinin həllində uğurlu siyasətində görürük. H.Baykara xüsusi vurğulayır ki, Atatürk Kazım Qarabəkir Paşa kimi “bolşevizm haqqında romantizmə və vəcdə, ideologiya çaşqınlığına məruz qalmamışdır”.1 Mehmet Sarayın “Atatürkün Sovet politikası” əsərində gətirdiyi, o zamanlar Xarici İşlər Naziri olan Əhməd Muxtar bəyin 13 fevral 1921-ci ildə TBMM-dəki çıxışı səciyyəvidir. O, çıxışında Rusiyada Türkiyənin laqeyd qala bilmədiyi xalqların yaşadığını göstərərək davam edir: “Rusiyaya qarşı göstərdiyimiz təmayülün bəlkə də mühüm bir səbəbi o millətlərlə olan güclü əlaqələrimizdir. Onların səadətini, onların istiqlalını təmin etməkdir. Bu məqsədi ixtilafa meydan vermədən həll edə bilsək böyük bir müvəffəqiyyət olur.”2
N.Nərimanov Azərbaycan xalqının milli-mədəni inkişafına, din problemlərinə, Azərbaycan dilinə dövlət statusu, milli ziyalılara və təhsilə önəm verilməsinə milli dövlətçiliyin tərkib hissəsi kimi baxmış, ona xüsusi diqqət yetirmiş, Azərbaycan adət-ənənələrinin qoruyucusu, elm, təhsil və mədəniyyətin inkişafına qayğı göstərən başlıca şəxs olmuşdur. O, bu sahələrdə müvafiq sənədlər imzalamış və fəaliyyət göstərmişdir. N.Nərimanovun bu sahədəki fəaliyyəti Azərbaycan xalqının düşmənlərinin və bir sıra məhdud düşüncəli Azərbaycan bolşeviklərinin qəzəbinə tuş gəlmiş və onun əleyhinə geniş kompaniyaya başlamışlar.
O, universitet müəllimlərinin və aparıcı elmi işçilərin, teatr işçilərinin maaşını qaldırmış, onları hərbi çağırışdan azad etmiş, teatr kollektivlərini və məktəbləri hökumət himayəsi altına almış, universitet müəllimlərinin və tələbələrin sosial təminatını yaxşılaşdırmışdır. Qara şəhərdə müsəlman fəhlələri üçün türk dram teatrı, Azərbaycan Dövlət Muzeyi, Dövlət və Tənqid-təbliğ, “Şərq xalqları” jurnalı, “Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti”, Dövlət simfonik və xalq çalğı alətləri orkestrləri, Ali Pedaqoji İnstitutu, Politexnik Texnikumu, Ali Musiqi Akademiyası, Politexnik İnstitutu, Teatr məktəbi, əczaçılıq, mamaçalıq kursları və başqaları açılmışdır. Bakı Dövlət Universitetində fızika-riyaziyyat, ictimai elmlər şöbələri təşkil olunmuşdur. Bütün qəza komitələrinin nəzdində maarif şöbələri açılmış, məktəblərin təşkilinə, onların tikintisinə, dərslik və başqa dərs vəsaitləri ilə təchiz olunmalarına, müəllimlərin, Azərbaycan dilli mütəxəssislərin hazırlanmasına xüsusi diqqət yetirilmişdir. 1920-ci ilin ilk tədris ili başlayarkən artıq Azərbaycanda 79,4 min şagird təhsil almağa başladı, 965 ümumtəhsil məktəbi açıldı, 107 klub və 61 kitabxana mövcud idi. Azərbaycanda mədəni-maarif dərnəklərinin sayı çoxalmaqda idi, M.Ə.Sabirə heykəl qoyuldu, Azərbaycanın incəsənət abidələrinin qorunmasına, Tağıyev teatrının, Bakı, Nuxa (Şəki) və Şuşa xan saraylarının təmirinə başlanıldı. Bakı Universitetinə qəbul olunacaq tələbələrin sayının iki-üç dəfə artırılıb, 1430 nəfərə çatdırılmasına qərar verildi ki, onlardan 500 nəfəri tibb fakültəsinə daxil edilməli idi.1 Azərbaycanlı tələbələr Rusiyanın bir çox universitetlərinə oxumağa göndərilmiş, Avropada oxuyanlara xüsusi qayğı göstərilmişdir.2 Azərbaycan ali məktəblərində azərbaycanlı müəllimlər çatışmadığından o zamanın ən görkəmli alimləri, o sıradan da Bəkir Çobanzadə dəvət olunmuşdur.3 Azərbaycan kitabxanaları dünyanın ən dəyərli əsərləri ilə zənginləşdirilmişdir.4 Azərbaycan dilinin məktəblərdə tədrisi, Azərbaycan dilində dərsliklərin yazılması, ümumi məcburi ibtidai təhsil və texniki peşə təhsili1 və s. haqqında dekretlər qəbul olunmuşdur. Bakıda Şərq xalqlarının, Azərbaycan müəllimlərinin, qadınlarının, maarif və mədəniyyət işçilərinin qurultayları keçirilmişdir.2
N.Nərimanovun milli dövlətçilik baxışlarında Azərbaycan dilinə qayğı başlıca yer tutmuşdur. Azərbaycan dili N.Nərimanovun fərmanı ilə dövlət dili statusu almış, bütün idarələrdə kargüzarlığın rus dili ilə yanaşı, Azərbaycan dilində də aparılması barədə sərəncam verilmiş, İnqilab Komitəsinin xüsusi qərarı ilə məktəblərdə “Ana dili”nin tədris olunması qərara alınmışdır.3 Azərbaycan dilində savadlı məmurlar hazırlamaq üçün xüsusi dərnəklər təşkil edilmişdir. 1922-ci ilin yanvar ayında dövlət idarələrində məmurların ixtisarı haqqında qərar qəbul olunmuş, ixtisar aparılarkən N.Nərimanov Azərbaycan dilini bilənlərə qayğı göstərilməsi barədə qərar qəbul etmişdir.4 Amma bu işi həyata keçirmək yolunda xeyli maneələr olmuşdur. Bakıda məktəblərdə Azərbaycan dili dərslərinin saatlarını ixtisar etmək, Azərbaycan dilli teatr truppası tamaşalarının sayının azaldılması və rus dilli teatr truppasının tamaşalarının sayının artırılması haqqında fikirlər irəli sürülmüşdür. N.Nərimanov “Bəzi yoldaşlara cavab” sərlövhəli sərt məqalə ilə ana dilimizin mövqeyi haqqında çıxış etmiş,5 Azərbaycan dilini sıxışdıran kommunistlərin mövqeyinin çar Nikolayın mövqeyi ilə üst-üstə düşdüyünü vurğulayaraq onları şovinist adlandırmışdır.6 Bu səbəbdən N.Nərimanova qarşı açıq mübarizə aparılmış, Moskvaya göndərilən məktubda o, “antipartiya” hərəkətində təqsirləndirilmişdir7. Onu təqsirləndirənlərdən biri - Levon Mirzoyan erməni, qalanları isə azərbaycanlı idi. Bu təzyiqlər N.Nərimanovu mövqeyindən çəkindirməmiş, o, ana dili uğrunda mübarizəsini davam etdirmişdir.
N.Nərimanov Azərbaycanda ərəb əlifbasının latın əlifbası ilə əvəz olunması üçün geniş fəaliyyət göstərmişdir. Bu sahədə o, F.Ağazadə, C.Cabbarlı, H.Cavid və A.Şaiqlə əməkdaşlıq etmişdir. N.Nərimanov bu məsələ ilə bağlı Türkiyə vəkilləri ilə danışığını belə nəticələndirir: “Onlar bu fikrə şərikdirlər. Istanbul yox, Ankara”.1
N.Nərimanovun dövlətçilik siyasətində milli ziyalı amili xüsusi yer tutmuşdur. Nərimanov Rəsulzadəni həbsdən azad edib şəxsən özü Moskvaya yola salmışdır. Rəsulzadə Bakıda, həbsdə olan günlər Nərimanovun imzası ilə qəzetdə məlumat verilmişdir: “Rəsulzadənin həyatı əmniyyət altındadır, əhalinin bu xüsusda əmin olmasını və həyəcana düşməməsini tövsiyə edirik”. Nərimanovun bu yazılı bəyanatı onun Rəsulzadəyə münasibətinin təzahürüdür və Stalinin Rəsulzadə haqqında göstərişindən əvvəl verilmişdir.
Sovet hakimiyyətinin Gəncə üsyanını qəddarlıqla yatırmasına baxmayaraq N.Nərimanov S.Mehmandarovu və Ə.Şıxlinskini ölümdən qurtarmış, onların sovet hakimiyyəti ilə əməkdaşlığına zəmanət vermiş, F.Köçərlinin faciəli ölümündən xəbərsiz olduğundan heyfsilənmiş, onun əlyazmasını qorumağa göstəriş vermişdir.2 Ü.Hacıbəyovu öldürüləcək adamların siyahısından çıxarmış, MA.Pişnamazzadəni və Ə.Şərifi həbsdən azad etmiş,3 hökumət başçısı olarkən H.Z.Tağıyevi gözlənilən qətl və təhqirlərdən xilas etmişdir. Ə.Haqverdiyev, S.SAxundov, C.Bağdadbəyov, N.Vəzirov, M.Vəkilov, T.Şahbazi, S.M.Qənizadə, B.Talıblı4 və S.Mənsur hökumət strukturlarında müxtəlif vəzifələrdə çalışmışlar. N.Nərimanovun təklifı ilə Ömər Faiqin başçılığı altında Gürcüstanda müsəlmanlar arasında iş aparmaq üçün xüsusi təşkilat yaranır.5 O, C.Məmmədquluzadəyə, H.Cavidə, Ə.Əzimzadəyə, S.Mümtaza, A.Şaiqə, S.Acalova, Ş.Məmmədovaya, X.Qayıbovaya, H.Abbasova, A.M.Şərifzadəyə, H.Sarabskiyə, R.Təhmasibə, A.Divanbəyoğluna (Sübhanverdixanov) qayğı göstərmiş, M.Mirqasımov, Ş.X.Əfəndizadə, S.Mümtaz6, Ə.Qarayev, S.M.Qənizadə, B.Axundovla dostluq əlaqələri saxlamışdır. O zaman sovet respublikaları arasında Azərbaycan yaşlı nəsildən olan bu qədər ziyalının hökumətlə əməkdaşlığa girib xalqına xidmət etdiyi müstəsna bir respublika idi.
N.Nərimanov sovet dövlət sistemi şəraitində dini problemlərin həllinə xüsusi qayğı göstərmiş, din onun siyasətinin ən ümdə məsələlərindən olmuş və milli dövlətçilik baxışlarında önəmli yer tutmuşdur. “Onun nəzəriyyəsində kommunizm ilə islamiyyəti barışdırmaq fikri mühüm bir yer tuturdu”.1 N.Nərimanov müsəlmanların dini hisslərinə hörmətlə yanaşılmasını tələb etmiş,2 din xadimlərinin ərizələrinin baxılmasına həssaslıq göstərmiş,3 “cümə axşamı”nı müqəddəs saymış, çadranın atılmasında məcburiyyətə qarşı olmuş,4 Təzə Pir məscidinin bərpası və təmiri üçün sərəncam vermiş, Novruz bayramını, Orucluq bayramını (Ramazan bayramı), Qurban bayramını, Mövlud bayramını və Aşura gününü istirahət günü elan etmiş,5 Məhərrəmlik günlərində məscidə ərzaq göndərmiş,6 dövlət məmurlarını bu tədbirlərdə iştiraka cəlb etmişdir.7 XI Qızıl ordunun rəhbərliyindən ordu bölmələrinin yerləşdikləri məscidlərin binasını boşaltmağı tələb etmişdir.
1920-ci il aprel hadisələri ərəfəsində kommunist ideyalarına sadiqliyinə baxmayaraq xalq arasında N.Nərimanov yeganə ümid yeri kimi qiymətləndirilirdi,8 ona “nə istəyirsən elə, ancaq 18-ci il hadisələri təkrar baş verməsin” deyə müraciətlər edilirdi.9 N.Nərimanov Rusiya qoşunlarının hər bir ehtimalda Azərbaycana yürüşünün gerçəkləşəcəyini hiss edərək öz müdaxiləsi ilə bundan doğacaq ziyanı və zərərləri azaltmağa, sosialist sisteminin üstünlüklərindən bəhrələnməyə çalışmışdır. Əlbəttə, bütün bunlar Rusiya bolşeviklərinin Azərbaycana qarşı tutduqları işğalçı məqsədlərinə haqq qazandırmır.
Hələ Azərbaycanda Sovet hakimiyyəti qurulmazdan əvvəl AK/b/P MK rəhbərliyi Azərbaycan Respublikasının müstəqilliyini rəsmən tanımağı lazımsız və səmərəsiz saydığı halda,1 1920-ci il fevralın 9-da Çiçerin Leninə AXC-nin müstəqilliyini tanımaqla əlaqədar yazırdı ki, “Nərimanov tanınmanın tərəfdarıdır”.2 Sovet hakimiyyəti qurulandan sonra Ə.Qarayev, M.Hüseynov və b. Azərbaycanı Rusiya tərkibində muxtariyyət qurumu kimi gördükləri halda, N.Nərimanov Azərbaycanı sovet Rusiyasının müttəfiqi, müstəqil bir respublika kimi görürdü.3 Stalin M.Rəsulzadə ilə söhbətində deyir: “Nəriman bizimlə yox, biz Nərimanla anlaşdıq”.4 Bu deyimdən açıq-aydın görünür ki, Leninlə danışıqlarda şərtləri Lenin deyil, N.Nərimanov qoymuşdur. Bu şərtlərin əsasını ilk əvvəl Azərbaycanın müstəqil bir dövlət kimi tanınması, bu dövlətin paytaxtının Bakı olması, milli adət-ənənələrin nəzərə alınması təşkil edirdi. Hətta Nərimanovla çox soyuq münasibətdə olan G.Çiçerin 1920-ci ilin aprelindən bir ay qabaq Leninə yazırdı ki, “Nərimanovun təklif etdiyi yol ilə getmək lazımdır”.5 Bu razılıq pozulduğundan N.Nərimanov mərkəzlə Azərbaycanın ərazi bütövlüyünün qorunması, Bakının milli simasının ifrat şəkildə pozulmasının qarşısının alınması, milli və dini ənənələrin qorunması, mərkəzlə Azərbaycan arasında siyasi və iqtisadi hüquqların bölgüsü, qarşılıqlı etimad problemləri uğrunda mübarizə aparmış və mərkəzin əsas missiyasını ucqarların inkişafına yardımda, yerli kadrlara etibar etməkdə görmüşdür. Nərimanov mərkəzdə oturmuş “kommunist cildinə girmiş daşnakların” iyrənc fəaliyyətini ifşa etmiş,6 mərkəzin qərəzliliyini, ruslara xüsusi imtiyazların verilməsini pisləyərək mərkəzin cahanşümul istilaçı siyasətinə qarşı ucqarların müqavimətinə haqq qazandırmışdır.7 O, Azərbaycan nümayəndəsinin bilavasitə iştirakı olmadan mərkəzdə Azərbaycana aid heç bir məsələnin müzakirə edilməməsini, hər hansı mərkəzi strukturda Azərbaycanın tam səlahiyyətli nümayəndəsinin üzv olmasını8, neft istehsalına və satılmasına Azərbaycan hökumətinin nəzarətinin artırılmasını9 tələb etmişdir. N.Nərimanov milli ordunun, aviasiyanın, nəqliyyat sisteminin yaradılmasına diqqət yetirmiş,1 Bakı-Culfa dəmiryolunun,2 Bakı-Tiflis-Batum neft kəmərinin çəkilməsini başa çatdırmışdır.
Hələ AXC dövründə Bakıda fəaliyyət göstərən Erməni Milli Şurası ilə Rus Milli Şurası əl-ələ verib Azərbaycan dövlətçiliyinə qarşı birgə mənfi mövqe tuturdular.3 Sovetləşmiş Ermənistanın və Azərbaycanın Rusiya ilə hüquqi münasibətlərində gözə çarpan fərq ondan ibarət idi ki, Ermənistanla Rusiya arasında imzalanmış sazişə görə “Ermənistan və Rusiya vətəndaşlığı bərabər və ayrılmaz sayıldığı”4 halda, Azərbaycan öz müstəqilliyini ardıcıl müdafiə edirdi. N.Nərimanov Azərbaycanda yerləşən Rusiya orqanlarını maliyyələşdirməkdən imtina etmiş, Rusiyada və başqa sovet respublikalarında həbs olunan azərbaycanlıların Azərbaycanda mühakimə edilməsini tələb etmiş, Azərbaycan dövlətçiliyinin əleyhinə işləyənlərin qayıtmalarını dayandırmışdır5 və i.a.
Beləliklə, sovet Rusiyasının iddialarına qarşı N.Nərimanovun siyasi xətti Azərbaycanın milli dövlətçilik maraqlarının qorunmasına yönəlmiş, V.İ.Lenin, İ.Stalin, G.Çiçerin Azərbaycanla bağlı bir çox məsələlərdə N.Nərimanovun mövqeyi ilə hesablaşmışlar.
N.Nərimanov Leninə yazdığı məktubda Şaumyanın milli məsələlərdə buraxdığı səhvləri “hədsiz” sayır,6 Stalinə isə Azərbaycanı, xüsusən də Bakını erməniləşdirmə planlarının olduğu haqqında xəbər verir və bunun qarşısının alınmasını tələb edirdi.7 Bu planın mahiyyəti ondan ibarət idi ki, Bakı Azərbaycanın paytaxtı olmalı,8 nə də qurula biləcək hər hansı Azərbaycan dövlətinin tərkibinə daxil olmalı; Azərbaycanın bütün Xəzər sahili və bütün Bakı, əyaləti ola biləcək Azərbaycan dövlətindən təcrid edilməli və bütün müsəlmanlardan təmizlənməli;1 Bakı bir milli qurum kimi deyil, uzaqbaşı ermənilərin və azərbaycanlıların müştərək hakimiyyəti altında olan ərazi kimi qəbul edilməlidir. Lakin Azərbaycan siyasi partiyalarından heç biri buna getmədi.2 N.Nərimanov bu planın qarşısını almaq üçün ölüm-dirim mübarizəsinə başlayaraq, 1918-ci il müsəlman qırğınlarından sonra belə meylli şəxsləri yüksək vəzifələrə təyin etməmək barəsində məsələ qaldırmış3, onların bəzilərinin pis niyyətlərlə yenidən Azərbaycana gəlməklərinə mane olmuş,4 böyük sayda separatçı silahlı dəstələrin üzvlərinin tərksilah edilməsi barədə qərar qəbul etmiş, Gəncədə Azərbaycan dövlətçiliyi əleyhinə fəaliyyət göstərən Erməni Milli Şurasının sədri mühakimə olunmuş, erməni mənbələrinə görə Ermənistanda sovet hakimiyyəti qurulandan sonra 310 nəfər erməni kommunisti Azərbaycandan oraya işləməyə göndərilmiş,5 Bakının milli simasının dəyişdirilməsi yolunda çalışan şəxslər Azərbaycanda rəhbər vəzifələrdən uzaqlaşdırılmışdır. Beləliklə, N.Nərimanovun milli dövlətçilik fəaliyyətində Bakının milli simasının saxlanılması uğrunda səyləri mühüm yer tutmuşdur.
N.Nərimanovun fəaliyyətində türkçülük mövqeyi, Türkiyəyə dost və qardaş münasibəti xüsusi yer tutmuşdur. N.Nərimanov 1918-ci ildə Zaqafqaziya seyminin Osmanlı dövlətinə qarşı müharibəsini pisləmiş, Nargin adasında saxlanılan türk hərbi əsirlərinə tibbi və mənəvi yardım etmiş, türk ordusunun Bakını tərk etməsini səhv addım kimi qiymətləndirmiş, Türkoloji qurultayın keçirilməsi ideyasını irəli sürmüşdür.6
N.Nərimanov Mustafa Kamal Paşaya müraciətində iki xalq arasında münasibəti “qardaşlıq silahı ilə silahlanmaq” kimi dəyərləndirmiş,7 1920-ci il aprel hadisələrindən sonra Bakıda həbs edilən türk zabit və əsgərlərini azad etmişdir.8 N.Nərimanov Azərbaycanın maraqlarını Mustafa Kamal Türkiyəsi ilə sıx əlaqədə görmüş və bu birgə maraqları sovet Rusiyası ilə əlaqələndirmiş, Rusiyanın Türkiyə siyasətinə müsbət istiqamət vermişdir.1 Türkiyədən Moskvaya göndərilən heyətlərin hamısı Bakıda məsləhətləşmədən sonra Moskvaya gedirdilər. Hər nümayəndə heyətini N.Nərimanov V.Lenin və G.Çiçerinlə danışıqlara Türkiyənin xeyrinə olan tövsiyələri ilə yola salmışdır. N.Nərimanov 1921-ci ilin fevralında Leninə məktubunda G.Çiçerini tənqid edərək yazırdı: «Erməni məsələsi türklər üçün ölüm-dirim məsələsidir. Əgər biz bu məsələdə güzəştə getsək, camaat bizim arxamızca getməyəcək».2 1922-ci ildə Parisdə Yaxın Şərq problemləri haqqında konfransa Atatürk hökumətinin nümayəndələri ilə yanaşı, İzzət Paşanın rəhbərliyi altında sultan hökumətinin nümayəndələri dəvət olunanda3 Azərbaycan hökuməti kamalçıları dəstəklədi.4 N.Nərimanov Genuya konfransına gedərkən dəvət olunmayan türklərin “ədalətli tələblərini qızğın müdafiə etdi”.5 Rusiya Azərbaycanda saxlanılan ingilis və fransız əsirlərini Böyük Britaniyanın nəzarəti altında olan öz vətəndaşlarına dəyişmək istədikdə, N.Nərimanov onların ancaq Malta adasında əsir saxlanılan 66 türk ziyalı və siyasi xadiminə6 dəyişdirilməsini təkid etmişdi7. TBMM hökuməti ona təşəkkür etmişdi. Doğan Avçıoğlu yazır ki, Türkiyənin maliyyə sıxıntıları olduqda Karabəkir Paşanın Azərbaycan hökumətindən yardım istəməsi təklifini dinləyən Atatürk Bakıda “bolşevik hökuməti olduğunu bilərək” razılıq vermişdir.8 Azərbaycanın istər birbaşa, istər də Rusiya ilə birlikdə Türkiyəyə maddi kömək göstərməsinə aid çoxlu faktlar vardır.9 N.Nərimanov Mustafa Kamal Paşaya ünvanladığı məktubunda yazırdı: «Paşam, qardaş qardaşa borc verməz, əl tutar.»10 O, fəxrlə “Mustafa Kamal Paşanın Türkiyəsi bizim dostumuzdur”11 deyir, Türkiyənin milli azadlıq savaşında qələbələrini alqışlayır, əlindən gələn yardımı edirdi. TBMM N.Nərimanova fəxri qılınc verməkdən ötrü Azərbaycana xüsusi heyət göndərmək haqqında qərar qəbul etmişdi.1 O dövrün Türkiyə qəzetləri “Vakt”, “Yeni gün” və b. N.Nərimanovun fəaliyyətini yüksək qiymətləndirmişlər.
Mustafa Kamal Paşanın TBMM səri sifətiylə 1920-ci ildə əlaqə qurduğu yabançı dövlət başkanlarından ilki Azərbaycan, ikincisi Əfqanıstan və üçüncüsü Sovet Rusiya dövlət başkanları olmuşlar. Mustafa Kamal Paşa 1921-ci il oktyabrın 23-də Ankarada Azərbaycanın rəsmi nümayəndəliyinin bayrağını qaldırmış, Nərimanovun siyasətini bəyənmiş və imkan dairəsində dəstəkləmiş, N.Nərimanovun əvvəl Zaqafqaziya federasiyasının, sonra isə SSRİ MİK-in sədri seçilməyini alqışlamış, vəfat etdikdə dərin hüznlə şəxsən imzalanmış başsağlığı göndərmişdir.2 O, Türkiyənin xarici işlər naziri Yusif Kamalın vasitəsi ilə N.Nərimanovdan xahiş edirdi ki, öz nüfuzundan istifadə edərək Qars müqaviləsinin respublikalar tərəfindən və ittifaq orqanlarında ratifıkasiyasını təmin etsin.3 Türkiyənin o illərdə Azərbaycan qarşısında etdiyi ən böyük xidmət Naxçıvan məsələsinin ədalətli həlli olmuşdur.
Beləliklə, N.Nərimanovun milli dövlətçilik baxışlarında türk mövqeyi, Türkiyə-Rusiya münasibətlərinin qurulması özünü aydın şəkildə göstərmişdir.
N.Nərimanovun həyat məramı hər hansı bir partiyanın proqramından ibarət deyildi. N.Nərimanov Azərbaycanda baş verən inqilabi proseslərə digər bolşeviklərdən fərqli münasibət bəsləmiş, yerli xüsusiyyətləri nəzərə almağa çalışmışdır.
Azərbaycan Kommunist Partiyasının tərkibində mövcud olan fikir ayrılığı əsasən ondan irəli gəlirdi ki, Bakı fəhlələri arasına “proletar beynəlmiləlçiliyi” şüan nə qədər hökm sürürdüsə də, hər bir milli qrupun bir o qədər öz iddiaları var idi. Rus fəhlələri və partiya məmurları hesab edirdilər ki, Azərbaycanın istənilən səviyyədə müstəqilliyi nominal xarakter daşıdığından rus dili və rusların iradəsi Azərbaycanda hökm sürməlidir. Erməni fəhlələri və partiya məmurları belə hesab edirdilər ki, Azərbaycan əslində Azərbaycan türklərinin və müsəlmanların ölkəsi olmamalı, erməni amili Azərbaycanda, xüsusən də Bakıda getdikcə möhkəmlənməlidir. Bu iki milli qrupdan fərqli olaraq Azərbaycan fəhlələri və milliyyətcə azərbaycanlı olan partiya məmurları arasında fikir birliyi yox idi. Bunlardan bəziləri vəzifədə qalmaq naminə Moskvanın göstərişlərini yerinə yetirir, proletar beynəlmiləlçiliyi prinsipini milli maraqlardan üstün tutur, bolşevik-daşnak qüvvələrinin 1918-ci ilin martında azərbaycanlılara qarşı törətdikləri soyqırımı unutmaq yolu ilə gedirdilər. Digərləri isə milli maraqları proletar həmrəyliyindən üstün tuturdular.
N.Nərimanov mərkəzdən fərqli baxışlarını bolşeviklərin səhv siyasəti ilə izah edirdi.1 N.Nərimanovun siyasi baxışlarında müəyyən təkamül baş verərək onu “demokratik təkamül sosializmi” mövqeyinə, yəni Avropasayağı sosializm sisteminə gətirmişdir.2
N.Nərimanovun səyi ilə sərbəst ticarət üsulları Azərbaycanda Rusiyadan xeyli əvvəl tətbiq edilmişdir. O, sovet dövlət quruculuğu prosesinin Rusiyadan fərqli keçirilməsini tələb etmiş, kiçik sənaye müəssisələrinə toxunmağı, onların milliləşdirilməsini qadağan etmiş, alverləri üçün lazımi şərait yaradılması haqqında dekret imzalamış, bolşeviklərin müsadirə vaxtı törətdikləri haqsızlığa qarşı çıxış etmiş, əsassız həbs edilmiş şəxslərin azadlığa buraxılmasına nail olmuş, əfv komissiyalarına şəxsən rəhbərlik etmişdir. O, Azərbaycanın nemətlərinin ədalətsiz paylanmasına qarşı çıxmışdır.3
1920-ci ilin oktyabrında Azərbaycan kommunistlərinin II qurultayında N.Nərimanov ona görə tənqid olunurdu ki, o, burjuaziya ilə mübarizədə liberallıq göstərir, sahibkarlara güzəştə gedir, burjuaziyanın tam ekspropriasiyasına etiraz edir, bir çox məsul vəzifələrə şüurlu fəhlələrin əvəzinə xırda burjua düşüncəli azərbaycanlı ziyalıları irəli çəkir. Amma N.Nərimanov bu təzyiqlərin qarşısında tab gətirərək məqsədinə nail olmuş, hətta Stalin onun rəqiblərini N.Nərimanovla hesablaşmağa çağırmışdır.4
M.Hüseynov, H.Cəbiyev, Ə.Qarayev N.Nərimanovun 1917-ci il qədər bolşevik hərəkatından uzaq olduğunu1 yazırdılar. N.Nərimanov özü də bolşevizmə fərqli və tənqidi baxışını gizlətmirdi. Onun, “Bolşeviklik nə? Bu rəzalət bizə yaramaz”,2 “Avropada biz istədiyimiz inqilab meydana gələrsə, bolşevik imperializması özü-özündən yox olacaq”,3 “Bəlkə də sən bu sətirləri oxuyarkən bolşevizm heç olmayacaq”4 fikirləri buna sübutdur. Hətta Müsavat Partiyasının rəhbərlərindən olmuş M.Məmmədzadənin fıkrincə, “Nərimanov millətçidir. Hər halda nəzəriyyəsi kommunizmə müvafiq deyildir”.5 N.Nərimanov kommunistliyini “çox tez-tez unudur və özünün milli türk simasını açıq nümayiş etdirirdi”.6 Nərimanov “təzə bir əqidə müəssis” etdiyini göstərirdi, o, “xalqların irq və adətləri müxtəlif olduğu kimi, düşüncə və zehniyyətləri də bir-birindən ayrı” olduğunun kommunistlər tərəfindən nəzərə alınmasını tələb edir, “kommunizm ilə burjuaziyanı barışdırmaq” yolları ilə getməyi tövsiyə edirdi.7
Nərimanovu bəzən “siyasət adamı deyildi”, deyə dəyərləndirirlər. Bu mülahizənin heç bir elmi əsası yoxdur. Lenin Nərimanovla hesablaşaraq Azərbaycanın müstəqilliyinə və Bakının paytaxt olmağına müsbət münasibətini bildirirsə; Çiçerin Leninə tövsiyə edirsə ki, ”Nərimanovun dediyi yolla getmək lazımdır”; Stalin Nərimanovun Azərbaycandakı müxaliflərini Nərimanovla hesablaşmağa çağırırsa; Stalin Rəsulzadəyə “Nəriman bizimlə deyil, biz Nərimanla anlaşdıq”, yəni razılaşdıq deyirsə; Atatürk Sovet Rusiyası ilə siyasətinin formalaşmasında Nərimanovun məsləhətlərinə ehtiyac duyursa; Nərimanov Sovet Rusiyası ilə Türkiyə arasında sıx əlaqələrin yaranmağında əvəzsiz rol oynayırsa; Sovet milli təmayüllü siyasətçilər onunla əməkdaşlığa can atırlarsa; Nərimanov Sovet sistemi şəraitində bolşevik ideologiyası ilə ölüm-dirim mübarizəsinə qalxan “milli təmayüllü” siyasətin banilərindən sayılırsa; Nərimanov Mikoyanın Azərbaycandan qovulmasına nail olursa, təkbaşına Bakını, Qarabağı, Naxçıvanı sovet Rusiyasının və ermənilərin əlindən, Zaqatalanı Gürcüstanın əlindən qoruya bilirsə, simasızlaşmış Bakının milli simasını özünə qaytara bilirsə, Rəsulzadəni, Şıxlinskini, Mehmandarovu, Üzeyir Hacıbəyovu, Pişnamazzadəni qətldən qoruyursa... Nərimanovun “siyasət adamı” olub-olmamağını və siyasi səriştəsini necə şübhə altına almaq olar?!
Bəzən Nərimanovu ziddiyyətli bir şəxs kimi qiymətləndirirlər. Əslində bunlar Nərimanovun şəxsi keyfiyyətlərindən doğan ziddiyyətlər deyildi, onlar zamanın özündən doğan ziddiyyətlər idi.
Bəzən Nərimanovu uğursuz siyasətçi adlandırırlar. XX əsrdə xalqımızın qazandığı uğurlarda da, azadlıq yoluna çıxdıqda mövcud olan milli məfkurədə də Nərimanovun əvəzsiz izi görünməkdə idi.
Bəzən Nərimanov siyasətinin uğursuzluğunu onun gətirdiyi ideologiyanın iflasında görürlər. Əslində ifrat bolşevizmin süqutunu Nərimanov özü hamıdan əvvəl görürdü. O, milli hissi boğan bolşevizmin heç vaxt tərəfdarı olmamışdır.
Dostları ilə paylaş: |