Qazaxıstanda, adətə görə, evlərin divarlarına, müxtəlif əşyalar üzərinə gil qablar atıb sındırırlar. Bu adət köhnə ilin pisliklərindən, xəstəliklərindən yeni ildə uzaq olmaq məqsədi daşıyır. Qazaxlar da tonqal üzərindən atlanırlar. “Novruz köcü”, Novruz şorbası və ya “Lapa” adlı yeməklər bişirilib qonşulara paylanır(50). Özbəkistanın Səmərqənd, Buxara, Əndican şəhərlərində Novruza həsr edilmiş şənliklər bir həftəyə qədər davam edir. Özbəklərin bişirdikləri xüsusi yeməklərdən ən əsası məşhur özbək plovu, samsa və sümələkdir. “S” hərfi ilə başlayan sünbül, səbzi, sirkə, iydə (sancid) kimi 7 nemət süfrəyə düzülür. Güləş və at yarışları bayrama xüsusi bir gözəllik qatır. Novruz günü bir-birini qucaqlamaq və danışmağa başlamazdan əvvəl üç qaşıq bal yemək ən əski adətlərdəndir. Bölgələrdə təsərrüfatda çalışan yaşlı insanlar əlini yağa batırıb öküzlərin buynuzunu yağlayır ki, yeni il bərəkətli olsun(50).
Özbəklərdə aşağdakı mövsüm mərasimləri qeyd olunur:
1) Qış gecələri və ya məclisləri (qap-qaştak, yasa-yusun). Bu bizdəki çilə çıxartma mərasimlərinə uyğun gəlir.
2) Yaz bayramları –Navruz və şoxmoylar (öküzlərin şum üçün sahəyə sürülməsi, yəni şum çıxarmanın başlanması), lola (lalə) , kizil qul (qızıl gül), loy tutiş (palçıq vermə, yəni ev tikməyə başlama) bayramları.
3) Yay təntənələri içində “kavun sayli” (yemiş bayramı), “çoy momo” və s.vardır.
4) Payız bayramları məhsul yığımı ilə əlaqəli olur. Buraya Mexrqan, thamol çakiriş, “uzum sayli” (üzüm bayramı) və misal ola bilər.
Özbəklər Novruz süfrəsinə “S” ilə başlayan yeddi ədəd yemək və yeddi cür ədviyyat qoyurlar.Ayrıca olaraq, süfrəyə böyük bir çörək, ətrafına boyalı yumurtalar və yaşıl yarpaqlar qoyulur.Bir həftə ərzində qeyd olunan Novruz günlərində müxtəlif tamaşalar təşkil olunur, oyunlar oynanır (52).
Dostları ilə paylaş: |