1.5 İslam Maliyyə Sisteminin Üstünlükləri və Faydaları
Zənnimcə İslam Maliyyə Sisteminin üstünlüklərini təxminən aşağıdakı kimi ümumiləşdirmək olar.
Makroiqtisadiyyat prizmasından üstünlükləri:
İslam Maliyyə Sistemi real sektorla maliyyə sektoru arasında proporsiyanı qoruyan sistemdir. Bu sistemdə köpüklənmə mümkün deyil.
İslam Maliyyə Sistemində pul, yeni dəyərin yaranması ilə yaranır. Ənənəvi maliyyə sistemində isə bu qayda qorunmur, çünki banklar heç nədən pul yaradır və klassik iqtisad kitablarında bu fakt böyük şərəflə bankların sanki xüsusi bir möcüzəli gücü kimi qələmə verilir.
Mikroiqtisadiyyat (bank, investisiya fondu, korporasiya və s.) prizmasından üstünlükləri:
İslam Maliyyə Sistemi aktivlər və öhdəliklər arasında tarazlığı qoruyur. Təsadüfü deyil ki, sonuncu maliyyə böhranının əsas elementlərindən biri də öhdəliklərin aktivləri önəmli dərəcədə üstələməsidir.
İslam Maliyyə Sistemi maliyyə böhranları zamanı ənənəvi maliyyə sisteminə nisbətdə açıq – aşkar üstünlük vəd edir. Çünki, böhran zamanı borclu olan firmanın çətinlikləri daha çoxdur, nəyin ki borcsuz firma.
İslam Maliyyə Sistemində tətbiq olunan mənfəət və zərərin bölüşdürülməsi alətləri (Mudarabah və Muşarakah) ənənəvi kredit mexanizmlərindən fərqli olaraq sahibkarlar, biznesmenlər, ayrı – ayrı firmalar üçün risklərin də bölüşdürülərək azaldılması imkanını yaradır. Bundan başqa İslam Maliyyə Sistemi ənənəvi maliyyə sistemində olduğu kimi risklərin tamamilə qarşı tərəfə keçirilməsini qadağan edir, əvəzində, risklərin paylaşdırılmasını təklif edir. Nə qədər maraqlı səslənsə də, müasir maliyyə sistemində risk məxsus olduğu aktivdən kənar tranzaksiya oluna bilir.
Mudarabah yaxşı biznes ideyaları olan və ümumiyyətlə kapitalı olmayan fərdlər üçün mükəmməl alətdir. İddia oluna bilər ki, ənənəvi maliyyə sistemində də yaxşı biznes ideyası olan və ümumiyyətlə 1 qəpik də olsa ilkin investisiyası olmayan fərdlər üçün kreditlər verilə bilər. Doğrudur, belə hal mümkündür, lakin bu halda Mudarabahda olduğu kimi zərərin 100% - nin bank tərəfindən qarşılanması mümkün deyil. Artıq məlumdur ki, Mudarabah zamanı bank (İslam Bankı) zərərin 100% - i qarşılayır.
İslam Maliyyə Sistemində tətbiq olunan mənfəət və zərərin bölüşdürülməsi alətləri (Mudarabah və Muşarakah) sahibkarlar, fərdi biznesmenlər üçün daha yüksək psixoloji vəziyyət vəd edir. Çünki, mənfəət və zərərin / riskin bölüşdürülməsi, hətta bəzən zərərin ümumiyyətlə bölüşdürülməməsi (mudarabah), 100% risk daşıyaraq fəaliyyət göstərmək, üstəgəl bankın da faizlərini biznesin nəticəsindən asılı olmayaraq ödəmək öhdəliyindən daha yaxşıdır. Paralel olaraq deyə bilərik ki, İslam Maliyyə Sistemində uğursuzluq halında da, iş adamlarının psixolji vəziyyəti, tamamilə uduzub və üstəlik banka da borclu qalan birinin prsixolji vəziyyətindən daha yaxşıdır.
Sosial prizmadan üstünlükləri:
İslam Maliyyə Sistemi cəmiyyətdə sosial təbəqələşmənin dərinləşməsinin qarşısının alınması üçün daha əlverişlidir.
İslam Maliyyə Sistemi qeyri – kommersiya xarakterli sosial layihələrin reallaşdırılmasında daha əlverişlidir. Ümumiyyətlə İslam Maliyyə Sistemi sosial sahəyə daha çox xidmət edir, çünki etik və ədalətli konsepsiya olaraq qəbul edilir.
Yekun
Sonda qeyd edilməlidir ki, bütün bu məqamlar (böhranın səbəbləri) mövcud ənənəvi kapitalist sistemini dəstəkləyən qərb iqtisadçıları və ekspertləri tərəfindən etiraf edilsə də, onların əksəriyyəti çıxış yolunu yalnız bu elementlər üzərində daha ciddi və effektli nəzarəti tətbiq etməkdə, müəyyən qanunların qəbul olunmasında və normativlərin müəyyənləşdirilməsində görürlər. Əslində müəyyən qədər məntiqli yanaşmadır, heç nəzarətin olmamağındansa, olması təbii ki daha yaxşıdır. Lakin, məhz bu məqsədlə atdıqları addımlar və hətta qəbul etdikləri maliyyə xilas paketləri belə öz iqtisadçılarının və ekspertlərinin qeyd etdiyi kimi kosmetik xarakter daşıyırdı.
Artıq bütün bu olanlardan sonra məlumdur ki (əslində əvvəl də məlum idi), iqtisadiyyatda real sektorla maliyyə sektoru arasında proporsional inkişafı təmin edəcək bir “görünməz əl”ə ehtiyac var. Göründüyü kimi, mövcud sistem bu proporsiyanı qorumağa qadir deyil, hətta bundan sonra sərt nəzarət tətbirləri həyata keçirilsə belə. Çünki bu mövcud ənənəvi sistemin iqtisadiyyatda real sektorla maliyyə sektoru arasında proporsiyanı qoruyacaq təbii mexanizmi yoxdur, Adam Smitin elmə gətirdiyi və başqa vəziyyəti təsvir etmək üçün işlətdiyi obrazlı dillə desək, “görünməz əl”i yoxdur. Bu “görünməz əl” olmadıqdan sonra isə nə qədər sərt qanunlar qəbul edilsə və nəzarət gücləndirilsə belə, bu, yüksək səmərə verməyəcək və köpük partlayışları tsiklik olaraq təkrarlanacaqdır, xüsusilə qlobal iqtisadiyyat bum tsiklini bərpa etdiyi təqdirdə. İslam iqtisadi modeli isə ümumiyyətlə yuxarıda sadalanan böhranın səbəblərini qadağan edir ki, bu da həmin elementlərlə bağlı fundamental risklərin və problemlərin iqtisadiyyatda və maliyyə sistemində ümumiyyətlə heç olmamasına imkan yaradır.
Nəticə
İslam dini haqqında uzun müddət yanlış təsəvvürlər mövcud olub və indi də mövcuddur. Dünyanın bəzi ölkələrində İslam terror kimi qələmə verilir və radikal davranışların mənbəyi kimi təqdim edilir, bəzi ölkələrdə isə geridəqalmışlığın səbəbi kimi göstərilir. Bütün bu iddialara rəğmən, görünən odur ki, bu geridəqalmışlığın və radikalizmin səbəbi kimi göstərilən İslam dini üzərində qurulan İslam Maliyyə Sistemi bugün, ən azından elmi bir reallıqdır. Zənnimcə, İslam Maliyyə Sistemi müasir dövrün ən mühüm iqtisadi nəzəriyyələrindən birinə çevrilib və praktiki olaraq İslam Maliyyə İnstitutlarının və İslam Maliyyə sektorunun bundan sonrakı uğurundan və ya uğursuzluğundan asılı olmayaraq, gələcəkdə iqtisad elmini bu nəzəriyyədən kənar öyrənmək və tədris etmək mümkün olmayacaq. Xüsusilə də 21 – ci əsrdə baş verən ən kəskin maliyyə böhranından sonra İslam Maliyyə İnstitutlarının surpriz şəkildə böhrana qarşı müqavimət göstərməsi, İslam Maliyyə Sisteminin müasir iqtisad elmində əsas nəzəriyyələrdən biri kimi yerini təmin edəcək. Artıq bu gün, İngiltərənin məşhur universitetləri nəyinki iqtisad elmini İslam Maliyyə Sistemi ilə birgə öyrənir, hətta bu sahədə ayrıca fakultələr və ixtisaslar təsis ediblər. Bu yanaşmanın gələcəkdə də davam edəcəyini və coğrafi genişlənərək qlobal xarakter daşıyacağını proqnozlaşdırmaq olar.
Lakin, İslam Maliyyə İnstitutlarının praktiki uğurları və böhran zamanı özünü sübut etməsi, İslam Maliyyə Sisteminin və İslam Maliyyə xidmətlərinin yalnız nəzəriyyə olaraq qalmayacağını proqnozlaşdırmağa əsas verir. İslam Maliyyə Sisteminin spesifikliyi İslam Maliyyə İnstitutlarının qlobal maliyyə böhranından salamat çıxmasını təmin etdi. Bunun nəticəsidir ki, artıq İslam Maliyyə Sisteminin müdafiəçiləri bu sistemin qlobal səviyyədə tətbiq olunan yeganə sistem olmağa layiq olduğunu söyləyirlər. Təbii ki, bunun gerçəkləşməsinin bəlkə də mümkünsüz dərəcədə çətin və ya qeyri – real olduğunu da yaxşı bilirlər. Çünki, birinci növbədə İslam Maliyyə Sisteminin bazarı o qədər də böyük deyil. The Banker jurnalının hesablamalarına görə dünya müsəlmanlarının yalnız 12% - i İslam Maliyyə xidmətlərindən istifadə edir. Bundan başqa İslam Maliyyə aktivləri dünya maliyyə sisteminin cəmi 1% - i təşkil edir. Əvəzində, İslam Maliyyə Sisteminin dünyanın bütün ölkələrində bu və ya digər şəkildə tətbiqi mümkündür və daha realdır. Cari anda qlobal iqtisadi və maliyyə sistemindəki trendlər də bu fikri təsdiq edir. İslam Maliyyə Sisteminin və onun ayrı – ayrı sektorlarının dinamik artım templəri, dövlətləri bu sahədən necə bəhrələnə biləcəkləri haqqında ciddi düşünməyə məcbur edir. Müsəlmanların yaşadığı dövlətlərdə isə bu, bir bazar tələbi ilə formalaşır. Bütün müsbət tendensiyalara rəğmən İslam Maliyyə Sisteminin böhrandan ciddi dərslər öyrənməsi lazımdır.
Bəli, İslam Maliyyə Sistemi ilə bağlı nikbin proqnozlara və müsbət cari trendlərə rəğmən, bəzi ölkələrdə İslam adı altında tətbiq olunan maliyyə alətləri sistem üçün ciddi təhlükələr yarada bilər. Bu konteksdə qərb ekspertləri bu sistemi ciddi tənqid edir və onlar qismən haqqlıdır. Məsələn, deyilir ki, İslam Maliyyə Sisteminin spesifik və daha üstün hesab edilən və qərb ekspertləri tərəfindən də birmənalı olaraq təqdir edilən mənfəətə və zərərə şərik alətləri sistemdə böyük çəkiyə malik deyil. İslam Bankları daha çox İcara və Murabaha alətlərindən istifadə edirlər. Təbii ki, bu, bir tərəfdən yüksək investisiya riski ilə bağlı olsa da, digər tərəfdən bu alətlər üçün hələ də faiz üzərində qurulmuş borc maliyyəsi səviyyəsində daha az vergi yükünün olmaması ilə əlaqəlidir. Ona görə də İslam Maliyyə Sisteminin mənfəət və zərərə şərik alətlərinin çəkisi artmalıdır ki, sistem öz təhlükəsizliyini qorusun və real sektora faydasını daha da artırsın.
Sistemlə bağlı təhlükə törədən digər bir məqam, bəzən ənənəvi maliyyə alətlərinin İslam Maliyyə Sistemində caiz (icazəli) adı altında tətbiq olunmasıdır. Məsələn, Malaziyada Bai Al Dayn (borcun satılması) əsasında borcu təmsil edən (debt based) sukuklar (İslam istiqrazları) təkrar bazarda rahatlıqla tranzaksiya olunur. Baxmayaraq ki, qlobal maliyyə böhranının əsas səbəblərindən biri də borcun satılması idi, lakin Malaziyada hələ də bu praktika davam edir. Xoşbəxtlikdən, bu praktika körfəz ölkələrində qadağandır (şərii olaraq haram hesab edilir) və qəbul edilmir. Xatırlayırsınızsa, kitabın sonuncu bölməsində Amerika Birləşmiş Ştatlarının ipoteka bazarında mövcud olan CDO (Colleteralized Debt Obligation) və MBS (Mortgage Backed Securities) borc alətlərinin təkrar fond bazarlarında kütləvi tranzaksiyasının böhranın əsas səbəblərindən biri olduğu vurğulanmışdı. İslam Maliyyə Sistemində borcun satılması haram olduğu halda, maraqlıdır ki, Malaziyada bu praktika mövcuddur. Borc bazisli sukukların təkrar fond bazarlarında tranzaksiyası AAOIFI (Accounting and Auditing Organization for Islamic Financial Institutions) tərəfindən də qadağan edilir. Üstəgəl, böhranın səbəblərindən biri olan bu praktikanın İslam Maliyyə Sistemində tətbiq olunması, bu sistemin də gələcəkdə eyni aqibətlə üzləşə biləcəyini söyləməyə müəyyən qədər əsas verir. Bütün bunlar İslam Maliyyə Sisteminin böhrandan öyrənəcəyi dərslərdir və bu nüanslara çox ciddi yanaşmaq lazımdır. Təbii ki, Malaziyada müəyyən qüsurların olması bütün ölkələrə aid edilə bilməz. Qorxulan məqam belə arzuolunmaz praktikaların çəkisinin artmasıdır. Yuxarıda da qeyd edildiyi kimi, körfəz ölkələri bu məsələlərdə daha konservativ mövqe tutublar.
İstənilən halda, İslam Maliyyə Sistemi nəzəriyyədə olduğu kimi ən ideal şəkildə praktikada tətbiq olunmadığı halda belə, özünü qlobal maliyyə böhranından qoruya bildi. Çünki, hətta belə halda belə bu sistem daha üstün idi. İslam Maliyyə Sistemi praktikada nəzəriyyəyə nə qədər yaxın olsa, real iqtisadiyyat üçün daha faydalı ola bilər və özünün davamlı mövcudluğunu təmin edə bilər. Bu isə sistemin dayanıqlılığını daha da artıra və coğrafiyasını daha da genişləndirə bilər.
Dostları ilə paylaş: |