3.1 İqtisadiyyatda faiz dərəcələrinin rolu Müasir İqtisadiyyatda və qlobal maliyyə sistemində faiz dərəcələrinin müəyyən rolu vardır. Məsələn, faiz dərəcələrinin səviyyəsi “borc kapitalı yoxsa investisiya” qərarında mühüm rol oynayır. Yüksək faiz dərəcələri vəsaitlərin borc kapitalına yönəlməsini stimullaşdırır. Faiz dərəcələri əksər hallarda mərkəzi banklar tərəfindən tənzimlənir. Burada mərkəzi bank məcburi ehtiyat normaları və açıq bazar əməliyyatları vasitəsilə pul kütləsinə təsir edərək faiz dərəcələrini tənzimləyir. Digər bir alət isə kommersiya banklarının birbaşa kreditləşdirilməsidir. Onu da qeyd etmək lazımdır ki, faiz dərəcələrinə təsir vasitəsilə yalnız real sektor yox, o cümlədən maliyyə sektoru da tənzimlənir. Belə ki, ortalama bazar faiz dərəcələrinin aşağı endirilməsi investisiyaların səhm bazarına axmasını stimullaşdırır ki, bu da səhm bazarlarını canlandırır. Bunun əksi də mümkündür, faiz dərəcələrinin yüksək səviyyəsi vəsaitlərin borc kapitalına və sabit gəlirli istiqrazlara axmasına səbəb olur və nəticədə səhm bazarlarında passivlik müşahidə olunur.