6.6 Salam Sukuku Salam satıcının məhsulu nəğd ödəniş qarşılığında gələcəkdə müəyyən olunmuş bir tarixdə alıcıya çatdırmasını nəzərdə tutan satış növüdür. Salam bazisli sukuk zamanı, emitent məhsulun satıcısı, sukuka abunə yazılanlar malın alıcısı, reallaşdırılmış nəğd vəsaitlər isə malın alış qiymətidir. Salam Sukukunun sahibləri malın mülkiyyətçiləridir və bu da həmin malın növbəti satışı zamanı (paralel salam) yaranan gəliri mənimsəməyə hüquq verir. Salamın ilkin satıcı üçün üstünlüyü ondan ibarətdir ki, gəlirlərini əvvəlcədən əldə edir. İlkin alıcı üçün isə üstünlüyü ondan ibarətdir ki, bu müqavilə üzrə məhsulun qiyməti onun normal bazar qiymətindən aşağı olur. Salam kənd təsərrufatı məhsullarının inkişafının stimullaşdırılması üçün çox əlverişlidir. Bu əməliyyatdan Muhəmməd peyğəmbər (ona və ailəsinə Allahın salamı olsun) şəxsən kənd təsərrufatı mallarının, xüsusilə də buğda və xurmaların ticarəti üçün istifadə edilməsinə icazə vermişdir.