Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım!( əz-Zariyat 56)
Göründüyü kimi Allah insanı yalnız və yalnız ibadət etmək üçün yaradıb. Sual oluna bilər, bəs ibadət nədir – yalnız namaz, yalnız oruc və ya yalnız zəkat? Təbii ki, bunlar ibadətin mərkəzində dayanan əməllərdəndir, lakin ibadət konsepsiyasını tam əhatə etmir. İbadət hərfi mənada Allah qarşısında zəlil olmaq anlamına gəlir. İbadət konsepsiyasının daha dəqiq izahına keçməzdən əvvəl İslam və müsəlman anlayışlarının izahı da çox münasib olardı. İslam istisləm sözündən götürülüb təslim olmaq, qəbul etmək mənalarını verir. Analoji olaraq müsəlman da təslim olan və ya boyun əyən mənalarını verir. İbadət isə insanın Allahın razı qalacağı bütün əməlləri yerinə yetirmək və qadağan etdiklərindən çəkinməklə həyata keçirilir. Bunu bir hüququ çərçivəyə alsaq deyə bilərik ki, ibadət insanın Allahın müəyyənləşdirdiyi tələb və normativlər çərçivəsində yaşamasıdır. Beləliklə, Allah öz şəriəti vasitəsilə insana necə yaşamaq istiqamətində konkret qayadalar müəyyənləşdirib. Bu qaydalar Allaha aid olan öhdəliklərdən (ibadətlər, məsələn namaz, oruc, zəkat, həcc, zikr və s.) tutmuş ailə münasibətlərinə qədər, mülkiyyətin bölgüsündən və mülkiyyət hüququndan tutmuş (ən – Nisa surəsi 11, 12 və 176 – cı ayələr) kommersiya əməliyyatlarına və iqtisadi fəaliyyətə qədər (hansı ki bu, kitabımızın mövzusudur), valideyn, ailə, övlad, qohum, qonşu və hətta qeyri – müsəlmanlarla müamilədən (rəftar, davranış) tutmuş necə yemək yeməyə qədər (sağ əllə yemək, bismilləhlə başlayıb əlhəmdulilləhlə qurtarmaq), müharibədə necə davranmaqdan tutmuş (yaşlıları, qadınları, uşaqları öldürmək olmaz, ağacları kəsmək olmaz, mövcud infrastrukturları zərurət olmadıqca dağıtmaq olmaz) ayaqyoluna getməyə qədər olan bütün sferaları əhatə edən və bu sferalara dair konkret direktivlər və tövsiyyələr müəyyənləşdirən bir hüquq sistemidir. İndi bu hüquq sisteminin əsas qaynaqlarını nəzərdən keçirməliyik. Çünki hər bir iqtisadi sistemin necə və hansı formada mövcud olması, onun fəaliyyət göstərdiyi ölkədə tətbiq olunan hüquq sistemindən birbaşa asılıdır.