Beləliklə, hələ uşaq ikən Ələkbərin qəlbində mövhumat, cəhalət və zülmə qarşı ilk etiraz ruhu yetişirdi. 1874-cü ildə Ələkbər mollaxananı tərk edib məşhur şair və pedaqoq S.Ə.Şirvaninin dərs dediyi məktəbdə təhsilini davam etdirir. S. Ə. Şirvani klassik Azərbaycan və Şərq ədəbiyyatını tədris edir, maarifpərvər şair kimi uşaqlarda elmə, maarifə, sənətə ciddi meyl oyadırdı. O, Ələkbərin şeir yazmaq bacarığını duyub ona xüsusi qayğı göstərir, yazılarını təshih edir, yaradıcılığına istiqamət verirdi. Hətta şair öz şagirdinin istedadını görüb dahi Nizami Gəncəvinin “ Xəmsəsini “ ona hədiyyə edir.
Şamaxının dindar və cahil mühitinə alışa bilməyən gənc Ələkbər dünyagörüşünü və biliyini artırmaq üçün Şərq ölkələrini səyahətə çıxır. Səmərqənd, Buxara, Xorasan, Aşqabad, Səbzəvar , Mərv şəhərlərini gəzir. Bir müddət Aşqabadda yaşayır. Gənc Sabir hər yerdə yoxsul insanların ağır güzəranı ilə rastlaşır. Lakin qabaqcıl fikirli, tərəqqipərvər ziyalılarla tanışlığı ona təsəlli olur. Sabir atasının ölüm xəbərini eşidib Şamaxıya qayıdır.
Həyat müşahidələrini, bilik və məlumatlarını zənginləşdirməsi , XIX əsrin axırı və XX əsrin əvvəllərində C. Məmmədquluzadə, A. Səhhət, F. Köçərli, S.M.Qənizadə və başqaları ilə dostluğu, qabaqcıl ictimai ideyaların təsiri şairin yaradıcılıq inkişafına ciddi təkan vermişdir. Maarifpərvərlik ruhunda yazılmış ilk seri 1903-cü ildə “ Şərqi- rus “ qəzetində çap olunmuşdur.
1905-ci il inqilabı, çarizmin törətdiyi milli ixtilaf şairin yaradıcılığında silinməz izlər buraxır. Sabir çarizmin “ parçala, hökm sür “ siyasətinin mahiyyətini başa düşür, bu riyakarlığa qarşı “ Beynəlmiləl “ serini yazır. 1905-ci il inqilabından təsiri ilə Qafqazda bir-birinin ardınca bir neçə qəzet və jurnal nəşrə başlayır. O zamandan Sabir “ Həyat “, “ İrşad “, “ Zənbur “, “ Dəbistan “ və s. mətbuat orqanlarında şeir və məqalələrini çap etdirmişdir. “ Molla Nəsrəddin “ jurnalı ilə əməkdaşlığı ( 1906-1911) Sabir yaradıcılığının ən yetkin və məhsuldar dövrüdür. Cəlil Məmmədquluzadə ilə yaradıcılıq və məslək dostluğu Sabir üçün çox faydalı olmuşdur. Onlar “ Niyə mən dərsdən qaçdım, “ Axundla keşişin vədi “ və sair felyetonları birgə yazmışdılar. M.Ə.Sabir satirik şeirlərini “ Molla Nəsrəddin jurnalında ” Hophop ”, “ Ağlar güləyən “, “ Əbunəsr Şeybani “, Boynuburuq “, “ Sudayi “ və s. gizli imzalarla çap etdirirdi. “ Bakı fəhlələrinə “, “ Təraneyi-asilanə “, “ Fəhlə özünü sən də bir insanmı sanırsan “ kimi şerlərində Sabir poeziyaya fəhlə surətləri gətirmiş, onların böyük tarixi mübarizəsinə dərin rəğbətini bildirmişdir.
M.Ə. Sabir Şamaxı və Bakı məktəblərində müəllimlik edərkən uşaq ədəbiyyatının yoxsulluğunu bir daha yəqin etmiş, müxtəlif mövzularda xeyli şeirlər yazmışdır. Bu əsərlər mənzum hekayələrdən, elmi və məktəbi təbliğ edən şeirlərdən, məktəb sərgilərindən , təmsillərdən ibarətdir.
1910-cu ildə şair Bakıya gəlir, maarifpərvər ziyalıların köməyi ilə Balaxanı məktəbində müəllimliyini davam etdirir. M. Ə. Sabir burada fəhlələrlə yaxın əlaqə saxlayır, axşamlar onlara savad öyrədir. Mübariz fəhlələrin sahibkarlara və mütləqiyyətə qarşı açıq inqilabi çıxışları Sabirin dünyagörüşünə böyük təsir göstərir, onun şeirlərinin inqilabi məzmununu daha da dərinləşdirir. Bu vaxtlar ağır xəstələnən şair müalicə üçün Tiflisə gedir. C. Məmmədquluzadə və Həmidə xanımın böyük qayğısına və həkimlərin səyinə baxmayaraq, M. Ə. Sabirin xəstəliyi daha da ağırlaşır. O, Şamaxıya qayıdır.