İnsan Allahın yaratdığı ən şərəfli və ən üstün məxluqdur. Allah özünün yaratdığını özü yolunda qurban kəsilməsini qəbul etmir[2].
İsmayıl Qurbanında kəsilən heyvanlarda bir sıra şərtlər vacib sayılır. Qurbanlıq kimi seçilən heyvan qoç, iribuynuzlu dana, yaxud da dəvə olmalıdır. Nəsil artımında dişi heyvanların müstəsna rolu olduğuna görə qurbanlıq heyvanın erkək olması daha üstün tutulur. Qurbanlıq qoçun yaşına gəlincə, bu, ən azı altı aylıq heyvan olmalıdır. Lakin dana, yaxud dəvənin bir yaşı tamam olsa, daha yaxşıdır. Qurbanlıq dəvənin beş yaşı tamam olmalıdır. Qurban bayramında kəsilən heyvanın sağlam olması da vacib şərtdir. Əzalarında hər hansı nöqsanı olan, buynuzunun, yaxud qulağının biri olmayan, axtalanmış heyvanın qurban kəsilməsi İslamda məsləhət görülmür. Kəsiləcək qurbanlıq gözəgəlimli olmalıdır.Bu bayramın əsas mahiyyəti Allah yolunda kəsilmiş qurbanlıq heyvanın ətini Allahın imkansız bəndələri ilə bölüşmək, onları sevindirmək və ayinin də əsasında, orucluqda olduğu kimi, xeyirxahlıq, paklıq və Allaha inam və sevgi durur.
Bəzən bir neçə adam bir heyvan alıb onu öz aralarında bölüşməklə, yaxud gedib bazardan ət alıb gətirməklə öz qurbanını kəsmiş hesab edirlər. Lakin İslam dininə görə bunlar qurbanlıq hesab olunmur. Əlbəttə, bir neçə nəfər yığışıb bir dananı qurban kəsə bilərlər, bu şərtlə ki, hər bir şəxsə düşmüş ət payını ən azı üç hissəyə bölmək mümkün olsun. Bu hissələrdən biri onların öz ailəsinə sərf olunmalı, qalan hissələr isə fəqir-füqəraya paylanmalıdır.
Qurbanlığın ən gözəl xüsusiyyətlərindən biri odur ki, burada din, məzhəb ayrı-seçkiliyinə yol verilmir. Bu bayramda istənilən dindən olan yetimin, kimsəsizin və yoxsulun haqqı var ki, varlının imkanlarından bəhrələnsin, adi günlərdə yeyə bilmədiyi qurbanlıq ətindən dadsın. Qurbanlıq o deməkdir ki, insanlar Allahın xoşuna gələcək bir əməli icra edirlər.
Qurbanlığın şərtlərindən biri də budur ki, qurban kəsmək yalnız buna imkanı olan varlı adamların boynunda haqdır. İmkanı olmayan adama isə qurban kəsmək vacib deyil. Qurban kəsmək üçün borc pula heyvan almaq İslamda təqdir olunmur, çünki bu bayramın əsas mahiyyəti zənginlərlə imkansızların birliyi, qardaşlığıdır. Bu bayramda hamı sevinməlidir: varlılar-Allaha xoş gedən əməli icra etdikləri və kasıbları sevindirdiklərinə görə, kasıblar isə-dünya nemətindən əldə etdiklərinə və başqalarından gördükləri mərhəmətə və qayğıya görə.
Bu müqəddəs bayram hər il respublikamızda və dünya müsəlmanları tərəfindən təntənə ilə qeyd edilir. Qurban bayramı münasibətilə kitabxanalarda da müxtəlif tədbirlər təşkil edilməlidir.Kitabxanaçılar əyani və şifahi təbliğat formalarından istifadə edərək vaxtaşırı islam dininin və adət-ənənələrin geniş oxucu kütlələri arasında təbliğ etməlidirlər.Tədbirləri aşağıdakı başlıqlar altında keçirmək olar: “ Qurban bayramı haqqında hamının biməsi lazım olan
qaydalar”, “Xeyirxahlıq, paklıq bayramı “, “Qurban bayramı mərhəmət,qardaşlıq, hümanizm bayramıdır”, “ Milli mənəvi dəyərlərimiz- Qurban bayramı”,”Dinimiz - mənəviyyatımız”,“ Xalqımızın mübarək qurban bayramı “və sair. Kitabxanalar çalışmalıdır ki, milli bayramımız mübarək Qurban bayramı ilə əlaqədar keçirilən tədbirlər forma və məzmunca maraqlı , təsirli olsun . Məqsədimiz milli varlığımızın, bu el bayramının əsrlərin sınağından çıxmış gözəl adət-ənənələrini qorunub saxlamaq, təbliğ etməkdir .
Biz fəxr edə bilərik ki,islam dini kimi yüksək mənəvi-əxlaqi dəyərlərə mənsub olan dinimiz var.Babalarımızın bizə ötürdüyü milli-mənəvi dəyərlərin çoxu İslamdan götürülüb və islam sonuncu din, Quran isə sonuncu səmavi kitab olduğundan, islam dini və Quranla gələnlər dünyanın sonuna kimi müasirlikdə olacaqlar.
Qurban bayramının hər il respublikamızın hər bir güşəsində böyük ruh yüksəkliyi ilə rəsmi səviyyədə geniş qeyd olunması dövlət müstəqilliyimizin verdiyi bəhrələrdəndir. Xalqımıza möhkəm birlik, elimizə-obamıza dinclik, əminamanlıq, bolluq, səadət, xoşbəxtlik və firavanlıq arzulayırıq.Allah bütün kəsilən qurbanlarımızı qəbul etsin ! Qurban bayramınız mübarək !